“Dekabrın 16-da BMT-nin Baş Assambleyasında COVID-19 əleyhinə peyvəndlərə bütün ölkələrin bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığının təmin edilməsi ilə bağlı qətnamənin qəbulu Azərbaycanın qlobal uğurudur. Məlumdur ki, pandemiya ilə mübarizədə bəşəri səylər məhz Azərbaycan Prezidentinin səyləri nəticəsində birləşdirildi. Bu yöndə cənab İlham Əliyevin təşəbbüsü əvvəlcə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (hazırda Türk Dövlətləri Təşkilatı), daha sonra Qoşulmama Hərəkatı çərçivəsində dəstəkləndi”. Bu sözləri SİA-ya açıqlamasında deputat Bəhruz Məhərrəmov deyib.
Onun sözlərinə görə, ötən il dekabrın 3-4 -də BMT Baş Assambleyasının COVID-19 pandemiyası ilə mübarizəyə həsr edilmiş dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyası keçirildi: “Bundan başqa BMT-nin İnsan Hüquqları Şurası Azərbaycan tərəfindən Qoşulmama Hərəkatı adından irəli sürülmüş, ölkələrin vaksinlərə bərabər çıxışı ilə bağlı qətnaməni yekdilliklə qəbul etdi. Bütün bu səylərlə barəbər, Azərbaycan dövləti də böyük sosial məsuliyyət nümunəsi ortaya qoyaraq koronavirusla bağlı əksəriyyətinin ən az inkişaf etmiş olduğu 30-dan artıq ölkəyə humanitar və maliyyə yardımı göstərdi, eyni zamanda peyvəndlər göndərdi. Lakin, bildiyiniz kimi, hələ də vaksinlərə bərabər çıxış imkanları sahəsində hələ də problemlər mövcuddur və bu mənada Azərbaycan tərəfindən Qoşulmama Hərəkatının adından irəli sürülmüş yeni qətnamə layihəsi məhz bu problemləri hədəfləyib. Maraqlı məqamdır ki, bu dəfə Azərbaycanın təşəbbüsünə daha çox, 179 ölkədən dəstək gəldi və qəbul edilən qətnamənin əleyhinə heç bir ölkə səs vermədi”.
Deputat sözlərinə belə davam edib: “Digər mühim məqam isə BMT-nin Baş Assambleyasının qətnaməsindən bir gün öncə Avropa İttifaqının Şərq Tərəfdaşlığı Sammitinin 15 dekabr 2021-ci il tarixli Birgə Bəyannaməsində də məhz bu məzmuna xüsusi diqqət yetirilməsi hesab edilməlidir. Əgər problemin qlobal səviyyədə Azərbaycan tərəfindən gündəmə gətirilməsini nəzərə alsaq, Aİ-nın müvafiq Bəyannaməsinin 18-ci maddəsinin məhz Cənab İlham Əliyevin təşəbbüsündən qaynaqlandığını deyə bilərik. Bu isə öz növbəsində Beynəlxalq ictimaiyyətin Azərbaycan Prezidentinin COVİD-19 pandemiyasına, peyvənd millətçiliyinə qarşı qlobal mübarizəsini və təşəbbüslərini istisnasız dəstəklədiyini göstərir”.
Ayşən Vəli