“BMT-nin 76-cı sessiyasının illik ümumi müzakirəsinə həsr olunmuş videoformat şəklində yığıncağında cənab Prezidentin çıxışı nəinki ölkəmiz və region üçün, ümumi dünya üçün vacib bir sıra məqamlara toxunmuşdu. Bunlardan ən aktualı ölkələrin peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsi məsələsidir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Müşfiq Cəfərov deyib.

Onun sözlərinə görə, ölkə Başçısı dəfələrlə bu barədə olan qeyri- bərabərliyi dünya ölkələrinin diqqətinə çatdırıb: “Prezident İlham Əliyev növbəti dəfə davam edən “peyvənd millətçiliyi” ilə bağlı narahatlığını bir daha vurğuladı. Bu tendesiya davam etdikcə inkişafda olan və yoxsul dövlətlərin öz əhalisini qorumasına mane olur. Bütün bəşəriyyəti cənginə almış bu bəladan xilas olmağın yeganə yolu qlobal həmrəylik və dünya dövlətlərinin birgə mübarizəsidir”.
Deputat sözlərinə belə davam edib: “Azərbaycan hökuməti dəfələrlə pandemiya dövründə də qlobal həmrəyliyi irəli sürüb, bu barədə əyani fəaliyyət nümayiş etdirmişdir. Cənab Prezident post-pandemiya dövründə də dünya ölkələrinin daha yaxşı bərpa üçün güclü, əlaqələndirilmiş və məqsədyönlü qlobal addımlar atmağa ehtiyacı olduğunu vurğuladı. Bu yöndə Azərbaycan Prezidenti İlham Əliyev öz mövqeyindən çıxış edərək beynəlxalq təşkilatlar arasında həmrəylik və əməkdaşlığın vacibliyini vurğulamışdı. Cənab Prezident çıxışı zamanı Azərbaycan tərəfindən Qoşulmama Hərəkatı adından BMT Baş Assambleyasında qətnamənin irəli sürüləcəyini elan etmişdir. Azərbaycan tərəfindən Qoşulmama Hərəkatı adından irəli sürülmüş COVID-19 əleyhinə peyvəndlərə bütün ölkələrin bərabər, münasib, vaxtında və universal əlçatanlığının təmin edilməsi ilə bağlı qətnamə dekabrın 16-da BMT Baş Assambleyasında 179 ölkənin dəstəyi ilə qəbul olunub. Bu qətnamənin qəbul edilməsi ilə beynəlxalq ictimaiyyət Prezident İlham Əliyevin COVID-19 pandemiyasına, “peyvənd millətçiliyi”nə qarşı təşəbbüslərini dəstəklədiyini nümayiş etdirdi. Hesab edirəm ki, bu qətnamə koronavirusa qarşı mübarizəyə mühüm töhfə olacaq”.
Ayşən Vəli