Xorvatiyanın məşhur "Klapa Bosket" qrupu Bakıda konsert verib - FOTOLAR

17 Dekabr 2021 21:33 (UTC+04:00)

Xorvatiyanın məşhur Dekabrın 17-də Xorvatiyanın Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə konsert keçirilib.
SİA xəbər verir ki, Azərbaycan Milli Konservatoriyasında keçirilən konsertdə səfirlik xətti ilə Azərbaycana dəvət olunmuş məşhur “Klapa Bosket” musiqi qrupu iştirak edib.

Tədbirdə Xorvatiyanın Azərbaycandakı səfiri Branko Zebic çıxış edib.

Səfir qeyd edib ki, qrupun Azərbaycana gəlişi əslində çoxdan planlaşdırılsa da, pandemiya səbəbindən səfər bir müddətliyinə təxirə salınıb. Daha sonra səfir “Klapa Bosket” qrupu haqqında tədbir iştirakçılarına məlumat verib:

“Qeyd edim ki, “Klapa Bosket” sözü Azərbaycan dilinə tərcümədə “dost qrupu” deməkdir. Bu, Xorvatiyanın cənubunda yaradılmış məşhur vokal qrupudur.
Ümumiyyətlə, “Klapa Bosket” Xorvatiyada əsrlər boyu mövcud olub. Bu qrupda ifa edilən musiqilər 2012-ci ildə UNESCO-nun mədəniyyət irsinə daxil edilib”.

Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kərimi də çıxış edərək bildirib ki, “Klapa Bosket” Avropada tanınmış musiqi qruplarından biridir: “Ümumiyyətlə, konservatoriyada bu cür konsertlər təşkil edirik ki, gənc musiqiçilərimiz dünya musiqisi ilə yaxından tanış olsunlar. Çalışacağıq ki, gələcəkdə tez-tez bu cür konsertlər ərsəyə gətirək”.

Daha sonra “Klapa Bosket” qrupunun üzvləri Bojan Karavanic, Toni Zekulic, Davor Cakovic, Marko Vukic, Vicko Cagalj, Boris Cakovic, Tomislav Kovacic maraqlı konsert proqramı ilə çıxış ediblər.