Şairə Qumru Qüdrətin “Mənə qərib deməyin” adlı yeni kitabı işıq üzü görüb

17 Dekabr 2021 15:33 (UTC+04:00)

Hələ orta məktəbdə oxuyarkən məhəbbətini şeirə, sənətə bağlayan Qumru Qüdrət ilk şeirlərini gözəl diyarımız Naxçıvana, doğma məktəbinə, müəllimlərinə, dostlarına, bacı-qardaşlarına, daha çox isə ata-anasına həsr etmişdir. Həmin şeirlərin bir qismi elə o zamanlar “Şərq qapısı”, “Şərqin səhəri” və bir sıra almanaxlarda dərc olunmuşdur.

Qumru Qüdrətin “ Mənə qərib deməyin” kitabı “Bir ürəyin nəğmələri”, “Nakam eşqin ninnisi”, “Yada sal məni”, “Məni bağışla” kitablarından sonra beşinci kitabıdır. Bu kitaba daxil olan şeirlərinin də əsas motivi vətənpərvərlikdir. Doğma Azərbaycanımızın sərhədlərini bütöv, xalqımızı və millətimizi firəvan görmək istəyən şairə könlündən keçənləri ağ vərəqlər üzərinə köçürməkdən çəkinmir. Onun Vətənimizin yağı tapdağından azad olması uğrunda şirin canlarından keçən şəhidlərimizə həsr etdiyi şeirləri oxuduqca kövrəlməyə bilmirsən:

Sizlərlə öyünür, bütün xalqımız,

Siz yaddan çıxmazsız, ey şəhidlərim,

Sizlərə anayıq, bizim hamımız!

Yeriniz xoş olsun, ey şəhidlərim,

Sizin sayənizdə tam oldu Vətən,

Sizintək şad yatsın, Ulu Öndərim!

Vətəndən qovuldu, o yoldan ötən,

Başını dik tutsun, mənim Rəhbərim!

Vətən məhəbbəti, yurd sevgisi şairənin əsərlərinin şah mövzusudur. Onun doğma diyarımızın gözəlliklərini tərənnüm edən bir sıra şeirləri oxucularının könlünü oxşamaqdadır:

Deməyin, qəribəm, yuvasızam mən,

Mənim də yurdum var, elim-obam var.

Atasız, anasız, babasızam mən?

Möminə xatınım, Heydər babam var.

Mən də yaranmışam, mən də insanam,

Damarımda axan isti qanım var.

Ünvansız deyiləm, vardır ünvanım,

Məmməd Araz yurdu Naxçıvanım var.

Qumru Qüdrətin Vətənimizin müstəqilliyi üçün fədakar və mübarizələrlə dolu bir ömür yolu keçən Ümummilli Liderimiz Heydər Əliyevin əməllərini yaşadıb və həyata keçirən Ali Baş Komandamız İlham Əliyevə bir ana kimi müraciəti elə bu günün əsas mövzusudur:

Yağı düşmənlərin çatıbdır sonu,

Ulu Tanrım özü qoruyur onu.

Heydər öyrədibdir, igid oğlunu,

Siyasətdə kimsə ona çatammaz,

Kimsələr batmayıb ona, batammaz.

Qumru Qüdrət Vətəni üçün narahat ana, gələcək nəsilləri düşünən bir nənədir. 44 günlük II Qarabağ savaşı zamanı sübhü dirigözlü açan, qələmini əlindən yerə qoymayaraq, Vətən oğullarım qələbəyə səsləyən şeirlər yazan şairə, sevimli şairimiz Səməd Vurğunun ifadəsi ilə desək: “Qələmini süngüyə çevirənlərdən” olmuşdur. Vətən torpağında yağı düşmənin at oynatması şairənin qəlbini nə qədər göynətsə də, igid oğullarımızın düşmənləri sürətlə qovub torpaqlarımızdan çıxarması, bir sözlə, “Zəfər salnaməsi" yazması onun qəlbini dağa döndərir, fərəhindən quş olub uçmaq, azad olmuş torpaqlarımızı qarış-qarış gəzib dolaşmaq istəyir:

Qartaltək səmada süzəcəyik də,

İlanın başını əzəcəyik də.

Biz Cıdır düzündə gəzəcəyik də,

Ümidi itirmə, şair qardaşım.

Qumru Qüdrətin şeirlərinin əsas motivini məhəbbət lirikası təşkil edir. Onun lirik qəhrəmanı sevinclə kədəri, vüsalla hicranı eyni anda yaşayır.

Sevən aşiq sevdiyi qədər sevildiyi üçün xoşbəxtdir. O, vüsal dənizində üzərkən nə qədər sevinclidirsə, sevdiyindən ayrı düşərkən də hicran atəşinə yanıb qovurularaq qəm burulğanına düşür, parlaq sabahları zülmət gecələrə çevrilir. Nakam aşiq ha çalışsa da, ha çabalasa da, bu burulğandan çıxmağı bacarmır, qəm burulğanı onu özünə çəkdikcə çəkir:

Gəl tut əllərimdən, gözlətmə məni,

Ömrünə, gününə doğan Günəşəm.

Demə ki, gün vurub yandırar məni,

“Eşq” adlı duyğudan yanan atəşəm.

Və ya:

O ala gözlərin düşüb yadıma,

Ürəyim yarpaqtək titrəyir, sənsiz.

Alışıb yanıram hicran oduna,

Gəzib-dolanıram hissiz, həvəssiz.

Şairə Qumru Qüdrət əsl dostluğu, yoldaşlığı İlahinin hədiyyəsi sanır. Elə dost ki, dostunun sevincinə şərik olmağı, kədərini-qəmini isə bölüşməyi bacara bilsin. Onun bu motivli şeirləri gələcək nəsil üçün ağbirçək bir ana nəsihətidir.

Qumru Qüdrət mehriban və qayğıkeş ana, sevimli nənədir. Onun yaradıcılığında ata-anasına, bacı-qardaşlarına, övladlarına və nəvələrinə həsr etdiyi şeirlər də çoxluq təşkil edir. Bu şeirlərdə bir ana kimi övladlarına sevgisini, onlar üçün gələcək arzularını poetik ifadələrə çevirirsə, nəvələrinin xoşbəxt və firavan yaşaması üçün İlahidən kömək istəyir. Şairənin yaradıcılığından da hiss edilir ki, o, böyüklərinin hörmətini saxlayan övlad, kiçiklərin qayğısına qalan bacı, ana və nənədir:

Elə dolan, qoy cavanlar,

Sənə baxıb, ibrət alsın.

Səndən sonra gələn nəsil,

Yaxşılıqla səni ansın.

...Son anında sən özünü,

Əmanət et, Allahına.

Bağışlanmaq dilə ondan,

Yenə çatar O dadına!

Qumru Qüdrətin “Mənə qərib deməyin” adlanan bu kitabına iki poeması daxil edilmişdir. Onun “Yazgül və Süleyman” adlı poeması qədim dastanlarımızı xatırladır. Süjet xətti saf məhəbbətin tərənnümü əsasında qurulan bu poemada Yazgüllə Süleymanın ömür yolu işıqlandırılır.

Şairənin ikinci poeması “Atamın həyatı” adlanır. Bu poemada şairə atasının həyatını ta uşaqlıqdan ömrünün sonlarınadək pillə-pillə təsvir etmişdir. Maraqlısı odur ki, Qumru Qüdrət bütün hadisələri atasının öz dili ilə təsvir etməyə çalışmış və bunu ustalıqla da bacarmışdır. Bu da şairənin qəlbində yurd-yuva bağlamış ata-ana sevgisindən irəli gəlmişdir.

Qumru Qüdrəti “Mənə qərib deməyin” beşinci kitabının işıq üzü görməsi münasibəti ilə təbrik edib, ona yeni-yeni yaradıcılıq uğurları diləyir, oxucusunun bol olmasını arzu edirik!