“Brüssel görüşü Azərbaycan Prezidentinin apardığı uzaqgörən siyasətinin və diplomatiyasının növbəti uğuru idi. Müharibədən sonrakı bir il ərzində müəyyən məsələlərin, Ermənistanla Azərbaycan arasındakı məsələlərin tənzimlənməsi üçün hansı şərtlər, təkliflər irəli sürülmüşdüsə Brüssel görüşündə də həmin fikirlər dəyişilməz qaldı”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Elman Məmmədov bildirib.

Onun sözlərinə görə, cənab Prezident tərəfindən səsləndirilən bu fikirlər həm Avropa İttifaqı Şurasının prezidenti tərəfindən, həm də NATO-nun baş katibi tərəfindən demək olar ki, bəyənildi və onlar tərəfindən də təsdiqləndi: “Bu artıq Azərbaycan və Ermənistan rəhbərliklərinin dördüncü görüşü idi. Bundan əvvəlki üç görüş zamanı da qələbə ilə başa vurduğumuz 44 günlük müharibədən sonrakı bu bir il ərzində də cənab Prezident həmişə bəyan edib ki, artıq müharibə bitib. Biz istədiyimizə nail olmuşuq, torpaqlarımızı işğaldan azad etmişik. Ərazi bütövlüyümüzü təmin etmişik. İndi bu müharibə səhifəsini çevirmək lazımdır, artıq sülhdən danışmaq lazımdır. Artıq mehriban, dinc sülh şəraitində yaşamaqdan danışmaq lazımdır. Sərhədlərin müəyyənləşdirilməsi məsələsi həll olunmalıdır. Zəngəzur dəhlizi məsələsi isə öz həlli yolunu tapmalıdır. Bu məsələnin həll olunması çox vacibdir. Bu məsələlərin hamısı həm də Avropa İttifaqı rəhbəri tərəfindən səsləndirildi və təsdiqləndi. Mina sahələrinin təmizlənməsi məsələsində də hətta dəstək veriləcəyi bildirildi. Təbii ki, minalanmış ərazilər Ermənistan ərazisi deyil, Azərbaycan ərazidir. Bu minaları Ermənistan basdırıb. Avropa İttifaqı da bunu pisləyir və bu təhlükədən qurtulmaq üçün dəstək olacağını bildirir. Yəni Azərbaycan özünün vətənpərvərliyini və bölgədə daim sülh olmasına tərəfdar olduğunu bir daha təsdiq etmiş oldu”.
Millət vəkili başqa bir məsələyə də toxunaraq deyib ki, bu görüşdən əvvəl keçirilən üç görüşdə səsləndirilən fikirlərin heç birinə qarşı fikir söylənilmədi: “Çünki 10 noyabr, 11 yanvar, 26 noyabr Soçi görüşündə də cənab Prezident eyni fikirləri səsləndirmişdi. Bizim mövqeyimiz dəyişməzdir. Biz artıq müharibə istəmirik. Biz sülh, qonşuluq şəraitində əməkdaşlıq istəyirik. Brüssel görüşü də bunun davamı idi. Bu görüşdə bəzi kommunikasiya məsələlərində də konkretləşmələr oldu. Eyni zamanda bütün görüşlər ərzində ATƏT-in Minsk Qrupundan da danışılmadı. İkinci olaraq, heç bir status məsələsi də gündəmə gətirilmədi. Bunların hamısı Azərbaycanın Brüssel görüşündə qazandığı uğurlardır”.
Səbinə Hüseynli