"Media haqqında" qanun nələri dəyişəcək? - ŞƏRH EDİLDİ

16 Dekabr 2021 17:11 (UTC+04:00)

""Media haqqında" qanun zənnimcə, zamanında qəbul edilmiş sənəddir. Bizim hal-hazırda isdifadə etdiyimiz qanun 1995-ci ildə qəbul olunmuş "Kütləvi informasiya vasitələri haqqında" qanundu". Bu sözləri SİA-ya açıqlamasında Jurnalistika fakültəsinin "Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi" kafedrasının müdiri Cahangir Məmmədli bildirib.

Onun sözlərinə görə, müasir dövrdə informasiya texnologiyalarının inkişafı nəticəsində yeni media anlayışı meydana gəlmişdir: ""Media haqqında" qanunda yeni mediann bütün sahələrini əhatə edən hüquqi normalar birləşmişdir. Bu qanunda bir sıra məqamlar var ki, mən onları çox müsbət bir şəkildə qarşılayıram. Bunlardan biri internet resuslarında fəaliyyət göstərən kanallara lisenziya hüququnun verilməsi ilə bağlıdır. Bu maddə müzakirələrə səbəb olsa da, mən çox dəstəkləyirəm, çünki bir sıra internet kanalları dövlət əleyhinə çıxışlar edirlər və bu kimi kanalların qarşısını almaq üçün onlar müəyyən qanun altında fəaliyyət göstərməlidirlər. Digəri isə dövlət qurumlarının mətbu orqan aça bilməməsi ilə bağlıdır. Düşünürəm ki, doğru bir yanaşmadır. Ona görə ki, bir sıra dövlət müəssələri mətbuat orqanı açsalar da sonradan həmin müəssələr ilə maraqlanmırlar və nəticədə onların fəaliyyəti yarımçıq qalır. Belə halların baş verməməsi üçün yeni qanuna əsasən dövlət qurumları mövcud qəzetlərə abunə olsalar, bu addım həmin qəzetə həm maddi, həm də reklam məsələsinə çox müsbət bir şəkildə təsir göstərər.

Onu da demək istəyirəm ki, "Media haqqında" qanun həm hərtərəfli, həm də, zamanın tələblərinə uyğun olaraq hazırlanmışdır".

Banuçiçək Hüseynli