“Təəssüflər olsun ki, Belarusun digər məsələlərlə yanaşı, hərbi-siyasi bloklarda olduğu bir sıra ölkələr və bizim həmişə kifayət qədər yaxşı ticarət-iqtisadi əlaqələrimiz olan ölkələr susmaq qərarına gələrək bizi dəstəkləmədilər”
Xəbər verdiyimiz kimi, 2021-ci il dekabrın 15-də Brüsseldə Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Ermənistan, Aİ dövlət və hökumət başçılarının görüşünün yekunlarına dair bənddən ibarət birgə bəyannamə qəbul edilib. Bəyannamədə Belarusiyada daxili siyasi vəziyyətlə bağlı da bənd var idi. Azərbaycan bu bəndə qoşulmadı, bir daha başqa ölkələrin suverenliyinə hörmətlə yanaşdığını, onların daxili işlərinə qarışmadığını nümayiş etdirdi.
Bəs Belarus Azərbaycanın bu addımını necə qiymətləndirir? Minsk digər dövlətlərin bu məsələ ilə bağlı mövqeyinə necə reaksiya verdi?
Bu məsələni Belarus Respublikası Milli Assambleyasının Nümayəndələr Palatasının beynəlxalq məsələlər daimi komissiyasının sədri Andrey Savinıx, belaruslu politoloq Sergey Martselev, “Xarici Siyasət və Təhlükəsizlik Araşdırmaları Mərkəzi” İctimai Birliyinin direktoru, Belarus Respublikası Milli Elmlər Akademiyasının Tarix İnstitutunun Geosiyasət Tarixi Mərkəzinin rəis müavini Denis Bukonkin “Caliber” analitik mərkəzinə şərh ediblər. Ekspertlərin şərhlərini oxucularımızın diqqətinə çatdırırıq.

Andrey Savinıx:
“Minks Azərbaycanın Belarus Respublikası ilə bağlı düzəlişlərə qoşulmaqdan imtina etməsinə çox müsbət yanaşır. Şübhəsiz ki, bu, Azərbaycanın həqiqətən müstəqil xarici siyasət yeritdiyinin, həm öz suverenliyinə, həm də başqa dövlətlərin suverenliyinə hörmətlə yanaşdığının göstəricisidir. Ölkələrimizi əsl tərəfdaşlıq və qarşılıqlı yardım birləşdirir. Biz bir-birimizə çox hörmət edirik və birgə inkişafımızı dəstəkləyirik. Təəssüf ki, Şərq Tərəfdaşlığında iştirak edən digər ölkələr mahiyyətcə bu prinsipi pozur və onlar kollektiv Qərb siyasətinin aparıcılarıdır”.

Sergey Martselev:
“Uzun fasilədən sonra növbəti Şərq Tərəfdaşlığı sammiti baş tutdu. Amma Belarusun yeri boş idi- Minsk-Brüssel xəttində münasibətlərin soyumasından sonra ölkə rəhbərliyi Şərq Tərəfdaşlığında üzvlüyünü dayandırıb. Xatırladaq ki, Belarusda 2020-ci il prezident seçkiləri fonunda daxili siyasi böhrandan sonra münasibətlər pozulub. Avropa İttifaqı borclu qalmadı və iştirakçılara Belarus hakimiyyətinin hərəkətlərini pisləyən sammit bəyannaməsinin 11-ci bəndini təklif etdi.
Azərbaycan bununla razılaşmayaraq, öz imtinasını “Belarusun suverenliyinə hörmət və daxili işlərinə qarışmamaq” ilə əsaslandırıb. Lakin Azərbaycan burada tək qaldı. Ermənistan Belarusla bərabərhüquqlu münasibətlər saxlasa da, onunla birgə KTMT-nin üzvüdür, lakin bu məsələdə geosiyasi düşməni Azərbaycanla həmrəylik onun üçün reputasiya zərbəsi olardı.
Gürcüstan, Ukrayna və Moldovaya gəlincə, onlar Aİ-yə tamhüquqlu üzvlük üçün çalışırlar və gözlənildiyi kimi Brüsselin təşəbbüsünü dəstəkləyiblər.
Öz növbəsində Azərbaycan və Belarusu uzunmüddətli uğurlu siyasi, iqtisadi və hərbi-texniki əməkdaşlıq birləşdirir. Belarus hərbi-sənaye kompleksi Azərbaycanın hava hücumundan müdafiə sistemlərini modernləşdirib, “Polonez”lərlə təchiz edilib. Öz növbəsində 2020-ci il böhranı zamanı SOCAR Belarusa Rusiya tədarükçülərindən yan keçərək alternativ mənbələrdən neft əldə etməyə kömək edib. Dövlət başçıları mütəmadi olaraq görüşür, ona görə də Azərbaycanın diplomatik addımı başa düşüləndir və iki dövlətin əvvəlki mehriban qonşuluq siyasətinin davamıdır”.

Denis Bukonkin:
“Belarus və Azərbaycan arasında kifayət qədər yüksək səviyyəli əlaqələr mövcuddur və onlar müstəsna olaraq müsbət dinamikada inkişaf edir. İki ölkə arasında kifayət qədər yaxşı münasibətlər inkişaf edib. İki dövlətin liderlərini əminliklə dost adlandırmaq olar. Bu baxımdan Azərbaycanın Belarusun daxili siyasi proseslərinə müdaxiləsinə və Şərq Tərəfdaşlığı sammitinin siyasiləşdirilmiş qiymətləndirmələrinə qoşulmasına qarşı çıxması təəccüblü deyil.
Onu da başa düşmək lazımdır ki, qətnamənin belə bir bəndi eskalasiya yolunda olan Belarus və Aİ arasında kifayət qədər gərgin vəziyyət kontekstində yaranıb. İnanıram ki, Belarusun hazırkı rəhbərliyi Azərbaycanın bu cür addımlarını heç vaxt unutmayacaq. Təəssüflər olsun ki, Belarusun digər məsələlərlə yanaşı, hərbi-siyasi bloklarda olduğu bir sıra ölkələr və bizim həmişə kifayət qədər yaxşı ticarət-iqtisadi əlaqələrimiz olan ölkələr susmaq qərarına gələrək bizi dəstəkləmədilər. Lazım gələrsə, biz çiyin-çiyinə onlara kömək etməyə hazırıq, amma təəssüf ki, bu ölkələr Belarusdakı vəziyyətlə bağlı siyasiləşdirilmiş qiymətləndirmələrə cəlb olundular.
Eyni zamanda, Minsk heç bir şəkildə Azərbaycanla Aİ arasında yaxşı münasibətlərin inkişafına mane olmaq istəmir. Amma münasibətlərin inkişafı digər ölkələrlə münasibətlərin ziyanına getməməlidir”.
Tərcümə - Elçin Bayramlı
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” istiqaməti çərçivəsində hazırlanıb.