Son dövrə, İkinci Qarabağ savaşından sonrakı dövrə nəzər saldıqda, baxmayaraq ki, üçtərəfli formatda atəşkəs müqaviləsi imzalanıb, amma dəfələrlə Ermənistan tərəfindən təxribatlar baş verib. Bu sözləri SİA-ya verdiyi açıqlamasında politoloq Samir Hümbətov deyib.
Politoloq qeyd edib ki, sərhəd pozuculuğu təkcə Qarabağ ərazisində deyil, eyni zamanda Azərbaycan-Ermənistan dövlət sərhəddində də baş verir.
“16 noyabr tarixində baş verən təxribat nəticəsində 7 hərbçimiz şəhid edildi, ondan sonrakı dövrdə bir hərbçimiz şəhid edildi və bu onu göstərir ki, deməli, mövcud mexanizm atəşkəsin qorunub saxlanmasına dəstək ola bilmir, yaxud da mövcud mexanizm elə qurulub ki, o atəşkəsin təmin olunmasına imkan vermir. Yəni, burada mexanizm dedikdə təbii ki, Rusiya faktorunu nəzərdə tuturuq, çünki üçtərəfli bəyannamənin bir tərəfi də Rusiyadır. Qaldı ki, bu atəşkəsin pozulması halları, bu prosesi, düşünürəm, o qədər sadə bir şəkildə mümkün deyil. Nə qədər ki, tərəflər arasında sülhün əldə olunması ilə bağlı konkret addımlar atılmayıbdır, bu atəşkəsin pozulma halları mütəmadi xarakter alacaqdır və düşünmürəm ki, Avropada keçirilən görüş, Brüssel görüşü bu atəşkəs pozulmasının qarşısını ala bilər, yaxud da ona ciddi bir töhfə verə bilər.
Hesab edirəm ki, tərəflər arasında birinci konsensus əldə olunmalıdır. Yəni, qarşılıqlı etimad və biri-birinin sözünün boğazından keçməsi məsələsi ortaya qoyulmalıdır və bu qəbul edilməlidir. Tərəfləri də bu məsələdə digər maraqlı qüvvələr məcbur etməlidir, yaxid da hansı tərəf bunu istəmirsə onu məcbur etmək lazım gəlir. Digər tərəfdən isə, dünənki görüşdə, yəni Brüssel görüşündə tərəflərin apardığı danışıqlar, həm Azərbaycan Prezidenti cənab İlham Əliyevin söylədiyi fikirlər, eləcə də Paşinyanın görüşdən sonra söylədikləri onu göstərir ki, tərəflər arasında liderlər səviyyəsində məsələnin həll olunmasına hardasa bir cəhd var, amma məsələ burasındadır ki, Ermənistanın daxilində olan parçalanma, yəni Qərb və Rusiya meyilli qüvvələrin arasında gedən intriqa nəticə etibarı ilə Azərbaycan-Ermənistan dövlət sərhəddində, və ya Qarabağ ərazisində tez-tez insidentlərin baş verməsinə gətirib çıxarır. Problemi aradan qaldırmaq üçün bu, mərhələli şəkildə həyata keçirilməlidir. Birincisi, ya atəşkəs mexanizminə nəzarət funksiyasını daha da gücləndirmək, yaxud da bu mexanizmi yenidən işləmək lazımdır, ya da digər tərəfdən görünür Rusiya sülhməramlı qüvvələri həyata keçirdiyi funksiya tam şəkildə atəşkəsi təmin edə bilmir, deməli bura Türkiyə qüvvələrinin də cəlb olunması lazımdır. Çünki, sülhməramlı qüvvələrin və sərhəddə konkret olaraq bir mexanizm işləyib hazırlamaq lazımdır ki, o mexanizm əsasında atəşkəsi müvəqqəti olaraq qorusun, o vaxta qədər ki, sülh müqaviləsinə gedən yol var, ora gedib çıxılmalıdır. Həmin o müqavilə imzalanandan sonra tərəflər bir-birinin ərazi bütövlüyünü tanıyacaq və sərhəddə atışmalar, hesab edirəm ki, aradan qalxacaq. Əgər bu olmayacağı təqdirdə biz, çox təəssüflə demək lazımdır ki, tərəflər arasında mütəmadi şəkildə atəşkəsin pozulması hallarına rast gəlinəcək, mütəmadi şəkildə Ermənistanın aqressiya göstərdiyinin şahidi olacağıq. Ona görə də bu məsələdə yenidən mexanizmin işlənməsi, yenidən nəzarət mexanizmi vacibdir və ən qısa zamanda sülh prosesinə gedişin yolu açılmalıdır ki, bu da çox vacib məsələdir”, deyə Samir Hümbətov bildirib.