Sosial şəbəkələrdə falçılar insanları NECƏ ALDADIR? - SOSİOLOQ DANIŞDI

15 Dekabr 2021 14:37 (UTC+04:00)

“Kommunikasiya İnformasiya Texnologiyasının (İKT) inkişafı Azərbaycanda hər kəsə virtual aləmdə geniş fəaliyyət göstərmək imkanı yaratdı. Bu imkandan hər bir vətəndaş öz marağına, istəyinə və öz prinsiplərinə uyğun faydalanır”. Bu sözləri SİA-ya verdiyi açıqlamasında sosioloq Asif Bayramov deyib.

“Tutalım əgər yaradıcı insan virtual aləmin imkanlarından öz elmi yaradıcılığı üçün faydalanırsa, fərqli zümrələr, fərqli sosial peşə sahibləri öz peşələrinə uyğun fayda götürürlər. Lakin təəssüflər olsun ki, sosial həyatımızda kifayət qədər dələduzluq düşüncəsi ilə yaşayan insanlar var. Onlar sosial həyatdakı boşluqlardan istifadə edərək insanları aldadırlar, eynən virtual məkan da həmin insanlar üçün yeni imkanlar açır, yəni dələduzluq təfəkkürü ilə yaşayan həmin kateqoriya üçün yeni imkanlar açır. Bəs vətəndaşları onların cinayətkar əməllərindən kim qorumalıdır? Təbii ki, onları qanunlar, hökumət, müvafiq dövlət qurumları qorumalıdır. Bunun üçün qorunmanın normativ hüquqi bazası yaradılmalıdır. Çünki əgər cəmiyyətdə insanların fəaliyyət sferası genişlənir və virtual aləmə keçirsə, o zaman insanların fəaliyyətini tənzimləyən yeni normativ hüquqi sənədlər qəbul olunmalıdır. Bunun üçün də səlahiyyətlilərin üzərinə düşən vəzifələrdən biri də Azərbaycanın Milli Məclisinə bu problemlərlə bağlı təkliflər təqdim etməkdir. Çünki vətəndaş həmin virtual aləmdə kimin necə olduğunu dərk edə bilməz, mələk donunda olan iblislər istər sosial, istərsə də virtual həyatımızda kifayət qədər çoxdur. Sosial şəbəkədə iblislər var ki, həmin boşluqdan maksimum faydalanmağı sevirlər. Ancaq biz bir vətəndaş olaraq, bütün sferalarda qanun səviyyəsində müdafiə olunmalıyıq, bizim haqqımız, hüququmuz müdafiə olunmalıdır və bunun da müdafiəsi hakimiyyət tərəfindən təşkil olunmalıdır”.