Sergey Danielyan: “Ermənilərdə azərbaycanlılara qarşı yüz illərdir yetişdirilən fizioloji nifrət var” - MÜSAHIBƏ

15 Dekabr 2021 13:32 (UTC+04:00)

Tanınmış rusiyalı ssenarist və prodüser Sergey Danielyan “Caliber” analitik mərkəzinə müsahibəsində Ermənistan-Azərbaycan münaqişəsi və iki xalq arasındakı münasibətlərlə bağlı maraqlı fikirlər səsləndirib. Müsahibəni oxucularımıza təqdim edirik.

- Sizcə, nə üçün Azərbaycan və Ermənistan arasında müharibənin bitməsindən bir il keçsə də, razılığa gələ bilmirlər? Səbəb nədir?

- Ermənistanla Azərbaycan heç vaxt razılığa gələ bilməyəcək. Mən indiki vəziyyətdən yox, qlobal mənada danışıram. Həqiqət sadədir, lakin xoşagəlməzdir. Ermənilər azərbaycanlılara və türklərə nifrət edirlər. Yüz ildir yetişdirilən fizioloji nifrət var. Bir neçə nəsil bu nifrətlə böyüdü. Təəssüf ki.

Azərbaycan indi danışıqlara daha hazırdır. O, qalibdir, ən yaxşı münasibətə malikdir. Uduzan isə Ermənistan tərəfidir və bu, onun üçün daha çətindir. Paşinyanın isə sərbəst hərəkət etmək səlahiyyəti yoxdur. Ölkə daxilində çox güclü müxalifət var. Elə liderlər var ki, yatıb yuxuda Qarabağı necə geri alacağını görür. Və heç bir qurban onları narahat etmir ... Fərqli əhval-ruhiyyə var və danışıqlar aparmaq çətindir.

- Amma bu yaxınlarda rəsmi İrəvan Rusiyanın vasitəçiliyi ilə Ankara ilə münasibətləri düzəltməyə hazır olduğunu açıqladı...

- Ermənistanın rəsmi rəhbərliyinə və onun heç bir bəyanatına inanmayın. Erməni cəmiyyətində Ərdoğana nifrət çox güclüdür. Bir çox bloggerlər təəssüf ki, məni bağışlayın, onu Hitlerlə müqayisə edirlər. Mən bunu ciddi deyirəm. Ermənilər məğlubiyyətlərində türkləri günahlandırırlar. Mən mövcud əhval-ruhiyyədən danışıram.

Siyasətçilərin dedikləri isə başqa məsələdir. Amma onların dediyində zərrə qədər də səmimiyyət yoxdur.

- Yəni, barışıq gözləmək lazım deyil?

- Barışıq? Bu gün? Bu, sırf texniki sualdır. Amma barışıq yox, sərhədlərin müəyyənləşdirilməsi və s. ola bilər. Mən bunu nəzərdə tuturam. Bəs həqiqi barışıq? Mən ona inanmıram. Düşünürəm ki, üç-dörd nəsil dəyişməlidir... Bundan tez çətindir.

- Rusiya və ya Qərbin simasında vasitəçilərə arxalanmadan hər iki tərəf təkbaşına razılığa gələ biləcəkmi?

- Vasitəçilər lazımdır, təbii ki. Təkcə ona görə ki, Əliyevlə Paşinyan birbaşa əlaqə saxlamasın. Rusiyanın sülhə kömək edəcəyinə inanıram. Həm rahat, həm də başa düşülən nəzarət mövcuddur. Mən Qərb vasitəçilərinə inanmıram. Onlar, əlbəttə ki, konfliktdə maraqlıdırlar, amma problemin həlli ilə dərindən maraqlanmırlar. Ancaq Rusiya onlara əhəmiyyət vermir. Bu ölkələr onun cənub qonşularıdır və mən hamı ilə normal və konstruktiv münasibətlər qurmaq istəyir. Biz Rusiya vasitəşiliyinə inanmalıyıq, sonrasına baxarıq.

- Bildiyiniz kimi, Azərbaycan və Ermənistandan kənarda azərbaycanlılar və ermənilər bir-biri ilə yaxşı anlaşır, amma iki ölkə arasında gərginlik səngimir. Sizcə, bu paradoksun səbəbi nədir?

- Kiçik aydınlaşdırma. Erməni dediyimiz iki millət var. Ermənistandan gələn ermənilər. Və Ermənistan ərazisindən kənarda doğulub yaşayan ermənilər. Və hətta üçüncü bir millət var, o, ümumiyyətlə ayrıdır! Bunlar Azərbaycanda doğulub boya-başa çatan, Bakının günəşi ilə, ölkənin mədəniyyəti ilə doymuş ermənilərdir. Onlar, ümumiyyətlə, ayrı və sevimlidirlər.

- Azərbaycan və Ermənistan liderlərinin Brüssel görüşündən nə gözləyirsiniz?

- Mən həqiqətən də Brüsseldəki görüşün nəticələrinə ümid edirəm. Çox. Biz, əlbəttə, realist olmalıyıq, amma ümid edirəm ki, məsələlərin heç olmasa yarısı öz həllini tapacaq. inanmaq istəyirəm.

- Rusiya sülhməramlıları Qarabağda olması silahlı toqquşmaların qarşısını ala bilmədi. Sizcə niyə?

- Rusiya sülhməramlıları hər şeyə qadir deyil. Sülhməramlılar, adətən, ayırıcı xətt tuturlar. Və onlar sərhədyanı ərazilərə tam nəzarət edə bilmirlər. Ona görə də bəzən atışma səsləri eşidilir. Amma bu, anladığımız kimi, düşmənçilik deyil, regionlararası münaqişələri həmişə müşayiət edən adi təxribatlardır... Təəssüf ki, belə olur. Bu, mütləq vaxt tələb edir.

- Qarabağ münaqişəsinin SSRİ-nin dağılmasının katalizatoruna çevrildiyini deyə bilərikmi?

- Bu münaqişənin, məncə, SSRİ-nin dağılması ilə heç bir əlaqəsi yoxdur. O vaxtı yaxşı xatırlayıram və o illərin əhval-ruhiyyəsini xatırlayıram. Bunu sizə deyim: 15 respublikadan 6-7-si SSRİ-dən ayrılmaq və müstəqilliyə can atmaq arzusunda idi. Təəssüf ki, biz bunu sınadıq, amma çoxları peşman oldular. Amma onlar partizan kimi susurlar. Valideynlərinin evindən qaçmaq istəyən, sonra yenidən onların damlarının altında gizlənən uşaqlar kimi. O zaman SSRİ-ni xilas etmək mümkün deyildi. Mən bunu dəqiq bilirəm. Belə bir ehtimalın olduğunu iddia edən politoloqlar isə, sadəcə, nəzəri olaraq danışırlar. Belə imkan yox idi.

- Yenidən Bakıya gəlmək istərdinizmi?

- Mən Bakıda anadan olmuşam, böyümüşəm, 27 yaşıma kimi orada yaşamışam, sonra orada daha yaxşı edə biləcəyim peşə ilə məşğul olmaq üçün Moskvaya getmişəm. Ancaq sonra kədərli hadisələr baş verdi və mən valideynlərimi Moskvaya apardım. Amma bu başqa hekayədir. Yeri gəlmişkən, 1990-cı ilin yanvarında Sovet ordusu Bakıya tanklarla girəndə bu, erməni əhalisinin müdafiəsi üçün deyildi. Yox. Bu, Azərbaycanda Sovet hakimiyyətini xilas etmək üçün sonuncu cəhd idi. Yalnız bu səbəb idi və başqa heç nə yox idi ...

Bakıya səfər etmək istərdimmi? Əlbəttə. Səhhətim normal deyil, amma hər gecə gözümü yumub marşrutu, yeri seçirəm! Bir neçə gün əvvəl xəyali olaraq “Sahil” kafesinin 2-ci mərtəbəsində oturmuşdum. Qəhvə, dondurma, siqaret. Axşam idi... Xəzərin qoxusu... Bakıya tez-tez gəlirəm. Tez-tez...

Tərcümə - Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişafı" istiqaməti çərçivəsində hazırlanıb.