Azərbaycanın diqtə etdiyi şərtlərə əməl etmək ermənilərin çıxış yoludur - POLİTOLOQ ŞƏRH ETDİ

14 Dekabr 2021 19:36 (UTC+04:00)

"Ermənistan baş naziri Nikol Paşinyan parlamentin iclasında deyib ki, Azərbaycan tərəfi ilə danışıqlarda Qarabağın Azərbaycandan kənar hər hansı statusa malik olması müzakirə mövzusu olmayıb". Bu sözləri SİA-ya açıqlamasında politoloq Ceyhun Əhmədli deyib.

"Paşinyanın bu etirafları Ermənistan rəhbərliyinin öz cəmiyyətini yeni vəziyyətlə barışdırmağa niyyətli olmasından xəbər verir. Paşinyanın erməni xalqına təlqin etməyə çalışdığı əsas fikir ondan ibarətdir ki, artıq Qarabağı Azərbaycanın ərazisi kimi tanımağın və bu ərazi ilə bağlı utopik və absurd iddialardan imtina etməyin zamanıdır. Sözsüz, bu, bir daha onu sübut edir ki, hazırkı danışıqlar prosesində Prezident İlham Əliyev daim xalqa bəyan etdiyi kimi, Qarabağın yalnız Azərbaycanın tərkibində qalması variantı əsas götürülüb. Paşinyan deyib ki, indiyədək aparılan danışıqlar prosesində “Qarabağın statusuna dair referendumun harada keçirilməsi ilə bağlı heç nə qeydə alınmayıb”. Bu fakt isə bir daha göstərir ki, bütün bu illər ərzində Azərbaycan Qarabağa müstəqillik vermək, bunun üçün hansısa referendum keçirmək məsələsini müzakirə etməyib, bunu birmənalı şəkildə rədd edib. Paşinyan bununla dolayı yolla öz xalqına izah etməyə çalışır ki, Azərbaycan hətta işğal dövründə belə status məsələsində güzəştə getməyibsə, indiki situasiyada nəyəsə ümid etmək əbəsdir. Beləliklə, erməni xalqı bu reallığı dərk etməlidir ki, Azərbaycana qarşı torpaq iddiası ilə çıxış etmək onlara yalnız faciə və səfalət gətirə bilər. Azərbaycanın diqtə etdiyi şərtlərə əməl etmək hazırda ermənilərin yeganə çıxış yoludur. Paşinyanın məlum açıqlamaları bir daha göstərdi ki, Prezident İlham Əliyev danışıqların bütün mərhələlərində eyni prinsipləri müdafiə edib və Azərbaycan dövlətinin və xalqının maraqlarını bütün görüşlərdə qətiyyətlə müdafiə edib.

Azərbaycan Prezidenti hər zaman dialoqa və sülh danışıqlarına sadiq olub, lakin heç vaxt Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün pozulmasını nəzərdə tutan təkliflərin masanın üzərinə qoyulmasına imkan verməyib. Qərəzli beynəlxalq dairələrin ardıcıl təzyiqlərinə baxmayaraq, Azərbaycan dövləti qondarma rejimin danışıqlar prosesində tərəf kimi çıxış etməsinə heç vaxt göz yummayıb. Prezident İham Əliyevin nümayiş etdirdiyi möhkəm iradə və prinsipiallıq bu hiyləgər planı iflasa məhkum etdi. Nəticə etibarilə, Ermənistan münaqişənin tərəfi olaraq məsuliyyətdən boyun qaçıra bilmədi".