Bildiyimiz kimi noyabrın 22-dən Sumqayıtda ictimai nəqliyyatda kart vasitəsilə ödəniş validatorlarda olan texniki nasazlıq səbəbindən müvəqqəti olaraq dayandırılıb. Avtobuslarda quraşdırılmış validator aparatları və istifadə edilən ödəniş kartları insanlara problem yaşadırdı. Bu səbəbdən avtobuslarda validator sistemləri yığışdırıldı.
Məsələ ilə bağlı SİA-ya açıqlamasında Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin rəisi Tofiq Saydumov bunları deyib: "Sumqayıt şəhərində avtobusların nə zaman kart sistemi ilə fəaliyyət göstərəcəyi barədə hələ dəqiq məlumat yoxdur. Bu problemin aradan qaldırılması üçün təzə validator aparatları sifariş verilib. Hazırda yeni validator aparatlarının gətirilməsini gözləyirik. Bütün avtobuslarda əl-qoşulma sistemləri hazırdır və ona uyğun avtobuslar fəaliyyətə başlayacaq".
O, qeyd edib ki, avtobusların “BakıKart” ilə və yaxud da digər kartlar ilə istifadə olunacağı barədə hələ heç bir məlumat yoxdur. “BakıKart” sistemi ilə eyni olan kartlar da sifariş edilib. Kartın adının “BakıKart” olaraq qalacağı və ya dəyişəcəyi hələ dəqiq bilinmir".
Yeni avtobuslar ilə bağlı məsələyə gəldikdə isə Sumqayıt şəhərinə 206 yeni avtobus gətirilib: "Hələ ki, planda Sumqayıt şəhərinə yeni avtobusların gətirilməsi nəzərdə tutulmur".
Xatırladaq ki, Sumqayıtda marşrut avtobuslarının fəaliyyətində kart sistemindən istifadə edilməsinə bu il sentyabrın 28-dən başlanılmışdı. Lakin sərnişinlərin kartlara yüklədikləri pulun hesaba gec oturmasından, bəzən isə ümumiyyətlə oturmamasından şikayət etdikləri müşahidə edilirdi.
Arzu Qurbanzadə