“Ulu Öndər Heydər Əliyevin hakimiyyətə dönüşü, ikinci dəfə xalqın çağırışı ilə rəhbərliyə gəlməsi bizim yaxın keçmişimiz üçün çox tarixi bir məqam idi. Ulu Öndərin gördüyü işlər tək sosial sahə ilə məhdudlaşmır. 1993-cü ildən bəri Azərbaycanda iflic vəziyyətdə olan bütün sahələr yeni nəfəslə canlandı. Heydər Əliyev hakikiyyətə gələn ilk gündən bütün prosesləri sistemli şəkildə nəzarətə götürdü. Çünki real vəziyyəti bilmədən dəqiq və ünvanlı tədbirlər görmək çətindir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Tofiq Abbasov deyib.
Onun sözlərinə görə, Ulu Öndər böyük quruculuq və idarəçilik təcrübəsinə malik idi, bu yanaşma özü ümidverici bir amilə çevrildi: “Ona görə də Heydər Əliyev həm siyasi, həm iqtisadi, həm sosial, həm humanitar və həm də mədəniyyət sahəsindəki vəziyyətin hamısına ruhlandırıcı impluslar verdi. O, bildirdi ki, hər şey bizim özümüzdən asılıdır və vəziyyəti cilovlamaq üçün də biz var gücümüzlə, yeni baxışlarla hərəkətə keçək”.
Politoloq sözlərinə belə davam edib: “Heydər Əliyevin sözləri və çağırışları ünvana çatdı. Çünki ilk növbədə xalq anladı ki hərc-mərcliyə son qoyulur, iş bacaranlar meydana gəlir və nəhayət bərpa olunmuş ölkənin prioritetləri də gündəmə gətirilməlidir. Heydər Əliyev bu proseslərin hamısını addım-addım özü təmin etdi. Onun ikinci rəhbərliyindəki 10 ili intibah dövrunun ən vacib hissəsi idi. Çünki post-sovet illərində insanlarda ruh düşkünlüyü var idi”.
Ayşən Vəli