Rusiya Federasiyası İqtisadi Strategiyalar Mərkəzinin rəhbəri Dmitri Zavorotnı “Caliber” analitik mərkəzinə müsahibəsində Avrasiya nəqliyyat dəhlizləri məsələsi ilə bağlı maraqlı fikrilər səsləndirib. Müsahibəni oxucularımıza təqdim edirik.
- Bu yaxınlarda Azərbaycan, İran və Gürcüstan Fars körfəzini Qara dənizlə birləşdirən tranzit marşrutunun təşkili ilə bağlı razılığa gəliblər. Bu layihənin perspektivlərini necə qiymətləndirirsiniz?
- Əgər biz məsələyə iqtisadiyyat nöqteyi-nəzərindən yanaşsaq, o zaman istənilən nəqliyyat dəhlizinin perspektivi layihəyə neçə ölkə və iqtisadiyyatın cəlb oluna biləcəyindən, eləcə də belə bir marşruta üçüncü ölkələrin əmtəə axınının hansı həcmdə bağlana biləcəyindən asılıdır. Əsas odur ki, alternativ yolların bolluğunu nəzərə alsaq, rəqabətə tab gətirə bilərmi?
- Sizcə, bu marşrut Ermənistandan niyə yan keçib?
- Burada yəqin ki, sualtı geosiyasi daşları axtarmaq lazımdır, amma mən belə təklif edə bilərəm ki, səbəblərdən biri hələ də tikintisi başa çatmamış, Ermənistan ərazisindən keçən və İranı Gürcüstan limanları ilə birləşdirməli olan magistraldır. Tikinti davam etdiyi müddətdə bu istiqamətdə hər hansı nəqliyyat dəhlizinin həyata keçirilməsi problemli olacaq.
- Qara dənizdə bir çox ölkələrin maraqları toqquşur. Yeni tranzit marşrutu Ankara, Moskva və Tehran arasında qarşıdurma meydanına çevrilməyəcəkmi?
- Mən deyərdim ki, Qara dəniz üç imperiyanın- Rusiya, Osmanlı, İran, indi isə onların varisləri olan dövlətlərin qarşıdurma meydanı olmaqdan heç vaxt çıxmayıb. Və bura regionda öz oyunlarını oynayan ABŞ və Çini də əlavə etmək olar. Təəssüf ki, bura, planetin "düyün nöqtələrindən" biridir və gələcəkdə burada güman ki, heç nə dəyişməyəcək.
- Fars körfəzi-Qara dəniz marşrutu Şimal-Cənub marşrutuna rəqib ola bilərmi?
- Hər şey mürəkkəbdir. Hindistan Şimal-Cənub dəhlizinin əsas benefisiarıdır, Fars körfəzi-Qara dəniz dəhlizi isə Şimal-Cənub layihəsinin də iştirakçısı olan, lakin Avropa istiqamətində logistikanı diversifikasiya etməyə çalışan Tehranın təşəbbüsüdür. Lakin ola bilsin ki, Hindistan da sonda Fars körfəzi-Qara dəniz dəhlizinə qoşulsun. Ya da öz layihəsini müdafiə etmək qərarına gəlsin. Öz növbəsində, bu dəhlizlərin hər ikisi öz iştirakçılarını öz orbitinə cəlb etməyə çalışacaq Bu dəhlizlər Çinin Yeni İpək Yolu üçün rəqib ola bilər. Burada geosiyasət bir neçə dəfə öz düzəlişlərini edəcək.
Tərcümə - Elçin Bayramlı