Amerikan Kosmos və Aeronavtika Agentliyinin (NASA) 12 ölkədə 4 milyondan çox adam tərəfindən görülən kosmos sərgisi İstanbulda qapılarını maraqlananlara açıb.
SİA xəbər verir ki, NASA-nın kosmos missiyalarının şahidi olmuş real ölçülü artefaktlar da daxil olmaqla 200-dən çox parçasının yer aldığı sərgi kosmos, planetlər, Ay, astronavt və kosmonavtlarla əlaqəli hər şeyi görmək, toxunmaq və izləmək istəyən qonaqlara əsl təcrübə təqdim edir.
Sərgi qonaqlarını kainatın sirrini işıqlandıran səyahətə aparır, eyni zamanda, interaktiv texnologiyalarla zənginləşdirilmiş canlı ölçülü və tarixi əhəmiyyətli kolleksiyalar və VR məkanları ilə kosmosda təcrübə keçmək imkanı verir.
Gələnlərin toxuna biləcəyi əsl Ay daşının da yer aldığı sərgidə kosmik raketlərin surətləri və kosmik gəmilərin tam ölçülü modelləri, “Saturn V” raketinin 10 metr uzunluğunda modeli, kosmosa gedən astronavtların şəxsən geyindikləri paltarlar, astronavt menyuları, avadanlıqlar, həmçinin “Apollon” kapsulu, “Sputnik-1” peyki və Beynəlxalq Kosmos Stansiyası (İSS) modelləri ən maraqlı hissələr arasındadır.
Sərgidə həmçinin amerikalı təşəbbüskar İlon Maska məxsus “Space X” şirkəti tərəfindən hazırlanmış “Starship” daşıyıcı raketinin prototip modeli də yer alır.
“Space X” sentyabr ayında “Dragon” kapsulu ilə ilk mülki sərnişin kosmos uçuşunu etdi.
VR və simulyasiya texnologiyaları ilə interaktiv şəkildə kosmos macəralarında iştirak etməyə imkan verən NASA Kosmos Sərgisi seminarlarla hər yaşda olan həvəskarlara həyəcanlı və əyləncəli kosmik təcrübələri göstərir.