Media Qanunu: niyə qəbul olunmalıdır, nələri dəyişəcək? - ANALİZ

10 Dekabr 2021 15:45 (UTC+04:00)

Bir neçə gündür ki, “Media haqqında” Azərbaycan Respublikası Qanununun layihəsi müzakirə olunur. Dövrün tələbləri ilə media islahatları və onun əsas tərkib hissəsi olan “Media haqqında” yeni qanunun qəbul edilməsinə həqiqətən böyük ehtiyac var. 1999-cu ildə qəbul olunmuş və hazırda qüvvədə olan “Kütləvi informasiya vasitələri haqqında” qanun bu günə kimi dəfələrlə dəyişdirilib və müasir çağırışlarla uzlaşmır.

Bütün dünyada məsuliyyətli media yalnız qanunların yaxşı işlədiyi şəraitdə inkişaf edir. Azərbaycanın yeni “Media haqqında” qanun layihəsi məhz məsuliyyətli medianın inkişafına təkan verəcək mütərəqqi qanun layihəsi kimi xarakterizə olunur. “Media haqqında” qanunun Azərbaycan mediasının inkişafı üçün yeni imkanlar və yeni mərhələ açacağı qeyd olunur.

Yeni qanun layihəsi media subyektlərinin dəqiq təsnifatını verir və eyni zamanda jurnalistin sosial portretini müəyyənləşdirən vasitə kimi çıxış edir. Qanun həm də dövlət-media münasibətlərində əsas elemetlərdən biri kimi hüquqi mənzərənin dəqiqləşməsinə xidmət edəcək.

Nəzərdə tutulan məsələlərdə biri də, bütün dünyada olduğu kimi, bzidə də Media Reyestrinə daxil edilmiş jurnalistlərə vahid jurnalist vəsiqəsinin təqdim olunmasıdır. Bu, könüllülük prinsipi əsasında həyata keçirilsə də, media mühitinin sağlamlaşmasına müsbət təsir göstərəcək. İndi ortalıqda 50 mindən artıq saxta jurnalist vəsiqəsi ilə dolaşan var ki, bu da medianı gözdən salmaqla yanaşı, cəmiyyətə də problem yaradır, reketçiliyə, dezinformasiya yayılmasına şərait yaradır. Ona görə də, əsil jurnalistlərin ümumi bir reyestri olması məqsədəuyğun hesab edilir.

Qanun layihəsində nəzərdə tutulanların nəyə səbəb olacağına qısaca aydınlıq gətirməyə ehtiyac var:

1. Jurnalistlərin Media Reyestrinə daxil edilməsi könüllü xarakter daşıyır. Agentlik tərəfindən verilən jurnalist vəsiqəsi olmasa da, şəxs jurnalist kimi fəaliyyət göstərə bilər. Qanunda təsbit olunan “jurnalist anlayışı” xidmət müqaviləsi əsasında işləyən jurnalistləri də əhatə edir. Media subyektləri onlarla işləyən jurnalistlərə özlərinə məxsus vəsiqələri verməkdə tam müstəqildirlər. Reyestrin məqsədi media subyektlərinin sayının müəyyənləşdirilməsi, bununla da media subyektlərinə və onların işçilərinə tanınan hüquqların müdafiəsi mexanizminin formalaşdırılması, akkreditasiya prosedurunun daha sürətli və səmərəli həyata keçirilməsinin təmin edilməsidir.

2. Qanun sosial şəbəkələrin və “blogger”lərin fəaliyyətini tənzimləmir. Onlar heç bir vahid vəsiqə almadan, əmək müqaviləsi olmadan, sərbəst şəkildə fəaliyyət göstərəcəklər.

3. Son vaxtlar geniş yayılmış və sayı sürətlə artan internet televiziyaların lisenziya almaq üçün müraciət etməsi məcburi xarakter daşımır. Lisenziya almayan internet televiziyalar öz fəaliyyətlərini maneəsiz davam etdirə biləcəklər.

4. Qanun jurnalistika peşəsinin ciddi mahiyyət qazanmasına təkan verəcək, ictimaiyyətdə jurnalistikaya və jurnalistlərə qarşı formalaşmış neqativ təsəvvürlərin aradan qaldırılmasına şərait yaradacaq, ictimaiyyət və media arasında qarşılıqlı etimadın güclənməsini təmin edəcəkdir.

5. Media subyektlərinin istehsal etdikləri məhsullar üzərindəki müəlliflik hüquqlarının qorunması təmin ediləcək, media subyektlərinin bir-birlərindən xəbər “oğurlamaq” vərdişləri aradan qaldırılacaq, xəbər uğrunda mübarizə və xəbər yaratmaq bacarıqlarının inkişafı təşviq ediləcəkdir.

6. Çap mediası və onlayn media subyektinin təsis edilməsi üçün dövlət orqanlarından icazə tələb olunmur. Bu da media azadlığının ən bariz nümunəsidir. Çap mediası subyektlərinin fəaliyyətə başlamazdan əvvəl bu barədə məlumat verməsi isə, yeni bir prosedur deyil və artıq bu istiqamətdə çoxillik təcrübə mövcuddur. Sadəcə, hazırda bu məlumatların sistemləşdirilməsi, müvafiq yanaşmanın onlayn media subyektlərinə də tətbiq olunması və sistemləşdirilmiş məlumatlar bazasının Media Reyestri adlandırılması nəzərdə tutulmuşdur.

7. Jurnalistlərinin məlumat bazasında qeyd olunması onların fəaliyyətinin daha səmərəli təşkilini və hüquqlarının ən yüksək səviyyədə müdafiəsini təmin etmək, heç bir qanuni əsası olmadan özünü media subyekti və ya jurnalist kimi təqdim edən və qeyd olunan statusdan sui-istifadə edən şəxslərin fəaliyyətinin qarşısını almaqdır.

8. Müvafiq Qanunun predmeti media subyektləri və jurnalistlərin media sahəsində fəaliyyətləri ilə bağlı münasibətlərdir. “Vətəndaş jurnalistikası” adlandırılan və peşə olaraq deyil, hobbi olaraq həyata keçirilən fəaliyyət bu Qanunun təsir dairəsinə daxil deyil.

Göründüyü kimi, bəzi dairələrin ətrafında süni hay-küy qopardığı Media qanununun heç bir mənfi tərəfi yoxdur. Tam əksinə, qanun bu sahədə qayda-qanun yaratmaq, mövcud xaosun və anaxiyanın qarşısını almaq, informasiya məkanının təmizliyinin və jurnalistikanın inkişafının təmin edilməsini şərtləndirəcək.

Media nədir və nə işlə məşğul olmalıdır?

Media ictimai rəyə ciddi təsir edən, dövlət siyasətini ictimai müzakirəyə çıxaran, cəmiyyəti informasiya ilə təmin edən, maariflənməyə xidmət göstərən əsas ictimai institut olduğundan onun əhəmiyyəti son dərəcə vacibdir.

Məlum olduğu kimi, Azərbaycanda 5000-ə yaxın media vasitəsi qeydiyyatdan keçdiyi halda ortalıqda normal fəaliyyət göstərən maksimum 50 ciddi və peşəkar media vasitəsi var. Bəzi məlumatlara görə, Azərbaycanda 60-70 min nəfər cibində jurnalist vəsiqəsi gəzdirir, jurnalistika ilə məşğul olanların sayı isə uzağı 5 min nəfər olar.

Bəs qalanları nə işlə məşğuldur? Əsasən, reketçiliklə, dezinformasiya yaymaqla, xarici dairələrdən alınan tapşırıq əsasında təxribat xarakterli məlumat yaymaqla və sair təbliğat formaları ilə.

Media cəmiyyətdə o vaxt nüfuz qazanacaq ki, peşəkarlardan ibarət heyətə mailk ciddi qəzetlər, agentliklər və xəbər saytları sırf oxucu auditoriyası toplamağa, cəmiyyətə faydalı olmağa hesablanmış rəqabətə girişəcək. O zaman bu mətbuat vasitələrinin hansının özünü doğruldacağı məlum olacaq. Yoxsa, “xoruz səsi eşitməmiş” adlar qoyulan “qəzetlər” və saytlar mətbuatın və jurnalistlərin adını batırmaqla, onlara cəmiyyətin nifrətini qazandırmaqla məşğul olmaqda davam edəcəklər.

Heç kimə sirr deyil ki, bəzi şəxslərin fikir plüralizmindən və söz azadlığından sui-istifadə edərək şantaja əl atması, böhtan xarakterli məlumatlar yayması Azərbaycan cəmiyyətinin KİV-lərə olan inamına böyük zərbə vurur.

Mətbuatın fəaliyyətini analiz edərkən məsələyə 2 kontekstdən yanaşmaq olar- söz və mətbuat azadlığı senzura daxilində və ya ultra-azadlıq kimi. Nəzəri və praktiki cəhətdən hər iki sistemdə ciddi problemlərin olduğu sirr deyil.

Birincidə- media və söz azadlığına sərt senzura qoyulduqda dövlət məmurları və başqaları bundan sui-istifadə edir, jurnalistlərə təzyiq göstərir, cəmiyyətə çatdırılması vacib olan informasiyaları ustalıqla gizlədə bilirlər. Bu sistemdən avtoritar ölkələrdə geniş istifadə edilir. Azərbaycan demokratik ölkə olduğundan bu yolu qoyaq kənara.

İkincidə- ifrat-azadlıq şəraitində də başqa problemlər yaranır. Bu zaman jurnalistlər vəziyyətdən sui-istifadə edə, cəzasızlıq sindromunun yaratdığı imkanlardan şəxsi və korporativ maraqlar üçün yararlana bilirlər. Ona görə də, dünyanın heç bir ölkəsində mediada ultra-azadlıq sistemi yoxdur.

Son dövrlərdə mediadan şəxsi məqsədlər üçün istifadə, şərəf və ləyaqətin ləkələnməsi, insan hüquqlarının pozulması, şəxsi və işgüzar həyata müdaxilə, milli və dini zəmində qarşıdurma yaratmağa cəhdlər, anti-dövlət təbliğatı aparma hallarının sayı-hesabı yoxdur.

Bu faktlar media qanunvericiliyi və ictimai qınaq kontekstindən nəzərdən keçirildikdə ortaya belə bir sual çıxır- İfrat mətbuat azadlığı anarxiyaya və özbaşınalığa, insan hüquqlarının və qanunların pozulmasına, milli və dövlət maraqlarının zərbə altına qoyulmasına gətirib çıxarmırmı?

Bu suala cavab vermək üçün əvvəlcə vəziyyəti analiz etməyə ehtiyac var. Faktiki olaraq, elektron və print mediada tərəfsizlik, peşəkarlıq, obyektivlik kimi prinsiplərin arxa plana keçirildiyi müşahidə edilir. Əvəzində sifarişli, qərəzli, reklam xarakterli və cəmiyyətin tələbatını ödəməyən materiallar çoxluq təşkil edir.

Bunları nəzərə aldıqda, qətiyyətlə demək mümkündür ki, mediada ultra-azadlıq nə cəmiyyət üçün, nə də peşəkar jurnalistlər üçün optimal yol deyil. Amma təbii ki, 1-ci yolun- sərt senzura sisteminin də uyğun olmadığı aydındır. Hər məsələdə "qızıl orta" deyilən bir praktika var ki, o, bütün hallarda öz müsbət təsirini göstərir. Bunu 3-cü yol adlandıraq.

Azərbaycanda bu 3-cü yolun seçildiyi aydın görünür. Dövlətin dünya təcrübəsi ilə milli ənənələri uzlaşdıraraq hər 3 tərəfi (cəmiyyət, dövlət və media) qane edəcək optimal tənzimlənmə mexanizmi yaratma cəhdi təqdirəlayiqdir.

Konkret olaraq, hazırda söz və mətbuat azadlığı üçün bütün imkanlar var. Kim istəsə icazəsiz qəzet, jurnal, agentlik, internet saytı aça bilir. İstənilən şəxsin hansısa yayım orqanında və ya sosial şəbəkələrdə fikrini ictimailəşdirmək imkanları var.

Bu imkanlardan kimin necə istifadə etməsi isə, cəmiyyətin, fərdlərin problemidir. Məsuliyyət tələb edilmədikdə cəza mexanizmi, ictimai qınaq olmadıqda isə ortada ciddi mətbuat olmur. Bu ikisinin arasında 3-cü yolun formalaşması üçün zaman lazımdır.

Azərbaycan mediası bu mərhələni keçməlidir. Əks halda, cəmiyyətin inamını tamam itirəcək, ənənəvi mətbuat sosial şəbəkələr tərəfindən tamam sıradan çıxarılacaq. Buna imkan vermək olmaz. Parlamentdə qəbul olunacağı gözlənilən yeni Media qanununun bu sahədə vəziyyəti fundamental olaraq dəyişəcəyinə ümid etmək olar.

Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi” istiqaməti çərçivəsində hazırlanıb.