"Hraparak" : "Rusiya Qarabağdakı gərgin vəziyyətdən narahatdır və belə vəziyyətin davam edəcəyi halda baş verənlərin böyük anti-Rusiya dalğasına səbəb olacağını anlayır"
Ermənistanın “Hraparak” nəşri Rusiya sülhməramlılarının (RSK) Qarabağda müvəqqəti yerləşmiş kontingentinin keçmiş komandanı Rüstəm Muradovun ötən gün daha bir neçə nəfər yüksək rütbəli Rusiya zabitləri ilə İrəvana gəlməsinin və oradan da Qarabağa yollanmasının səbəblərini yazıb. SİA xəbər verir ki, erməni nəşrinin yazdığına görə, Muradovun Ermənistana uzunmüddətli səfərinin səbəblərindən biri sərhədlərin demarkasiyası və delimitasiyası ilə bağlıdır. Lakin Moskva tərəfindən təhkim edilən komissiya üzvləri arasında Rusiyanın müdafiə nazirinin iki müavinləri də var. “Onları “Erebuni” hərbi hava limanında Rusiya sülhməramlılarının Qarabağdakı keçmiş komandanı, eləcə də həmin komissiyaya rəhbərlik edəcək general-leytenant Rüstəm Muradov qarşılayıb. Onlar İrəvana çatdıqdan sonra “stepanakertə” (Xankəndinə) yola düşüblər, ardınca isə sülhməramlı kontingentlə və onların komandanlığı ilə görüşüblər”, “Hraparak” yazıb.
Erməni qəzeti iddia edir ki, Rusiya Qarabağdakı gərgin vəziyyətdən narahatdır və belə vəziyyətin davam edəcəyi halda baş verənlərin böyük anti-Rusiya dalğasına səbəb olacağını anlayır: “Muradovun Ermənistana sonuncu uzunmüddətli səfərinin səbəbi budur”, yazan adıçəkilən nəşr daha bir maraqlı faktı da açıqlayıb. Məlum olub ki, nə Rüstəm Muradov, nə də onun müşayiət etdiyi iki komissiya üzvləri separatçı rəhbərliklə, yaxud onların nümayəndələri ilə görüş keçirməyiblər. Daha sonra Rusiyada olan heyət geriyə - Ermənistana dönüb və Gümrüdəki 102-ci hərbi bazaya yollanıb. Onların bu gün Ermənistanı tərk edəcəkləri bildirilir.
Rövşən RƏSULOV