Türkiyə Avropa İttifaqı ölkələri ilə müqayisədə kiçikbaş və böyükbaş heyvandarlıqda ilk sıraya yüksəlib.
SİA xəbər verir ki, Avropa Statistika Mərkəzi (Eurostat) və Türkiyə Statistika Təşkilatı (TÜİK) məlumatlarından əldə edilən məlumatlara görə, Türkiyədə 2020-ci ildə həm kiçikbaş, həm də böyükbaş heyvan sayı Aİ ölkələrini geridə qoyub.
Aİ ölkələrində 2020-ci ildə böyükbaş heyvan sayı 76 milyon 462 min olub. Böyükbaş heyvandarlıqda Aİ ölkələri arasında ilk sırada 17 milyon 789 minlə Fransadır. Sözügedən dövrdə Türkiyənin böyükbaş heyvan sayı 18 milyon 158 min olub. Bu hesabla Türkiyə Aİ üzvü ölkələrlə müqayisədə böyükbaş heyvandarlıqda Fransanı keçərək ilk sırada sayılır.
Aİ ölkələrində 2020-ci ildə kiçikbaş heyvan sayı 75 milyon olaraq təyin olunub. Bu dövrdə Aİ ölkələrində kiçikbaş heyvanlardan qoyun sayında ilk sırada 15 milyon 439 minlə İspaniyadır.
Eyni dövrdə Türkiyənin ümumi kiçikbaş heyvan sayı 54 milyon 113 min, qoyun 42 milyon 127 min olaraq qeydiyyata düşüb. Sözügedən dövrdə qoyun sayında Türkiyə Avropadakı ən yaxın rəqibi İspaniyadan təxminən 3 dəfə artıq olub.
Aİ ölkələrində 2020-ci ildə kiçikbaş heyvanlardan keçi sayında ilk sırada 3 milyon 568 minlə Yunanıstandır. Türkiyədə isə keçən il ümumi keçi sayı 11 milyon 986 min olub.