"Təşkilatın yaradılması onu göstərdi ki..." -PARTİYA SƏDRİ MÖVQE BİLDİRDİ

9 Dekabr 2021 16:41 (UTC+04:00)

"Avropa Birliyi bir xristian klubudur. Uzun müddət bu birliyin üzvü omaq istəyən Türkiyənin başına gətirilən oyunlar bir daha göstərdi ki, AB-yə hər hansı müsəlman dövlətin üzv olmağı ən az 15-20 ildə qeyri-mümkündür. Son dövrdə Türkiyənin namizidlər bölməsindən çıxarılıb, Afrika dövlətləri ilə bir qrupa, qonşular bölməsinə daxil edilməsi də onu göstərdi ki, Türkiyənin AB-yə üzv olması, demək olar ki, qeyri-mümkündür". Bunu SİA-ya açıqlamasında Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov deyib.

O, qeyd edib ki, bu yaxınlarda Türkiyədə yaradılan Türk Dövlətləri Təşkilatının bünövrəsi 2009-cu ilin oktyabrında Naxçıvanda qoyulub: "Heç kimə sirr deyil ki, bu təşkilatın yaranmasında həlledici rolu Türkiyə və Azərbaycan oynayır. Bu birlikdə hamıdan çox haqqı olan bu iki dövlətdir. Həm bunu, həm də 44 günlük müharibədə Azərbaycan Prezidentinin oynadığı rolu nəzərə alaraq Türk Şurası Azərbaycan Prezidentini Ali Ordeni ilə təltif etdi. Digər tərəfdən Türk Dövlətləri Təşkilatına daxil olan dövlətlər Azərbaycanı qələbə münasibətilə təbrik etdilər. Bu, qəbul olunan bəyannamədə də öz əksini tapdı. Hadisə Ermənistanda çox böyük narazılıqla qarşılandı".

Abutalıb Səmədov bu barədə fikirlərini belə izah edib: "Çünki onlar KTMT-nin üzvü və Ermənistanın müttəfiqidirlər. Onu da demək lazımdır ki, bu türk dövlətləri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının hərbi əməliyyatlar dövründə neytral mövqe tutmasında mühüm rol oynadılar. Bu da danılmazdır. Həmin Türkiyədə keçirilən tədbirdə 2040-cı ildəki Türk Dövlətlərinin Vizyonu adlı sənəd qəbul olundu. Yəni bu uzaq perspektivi nəzərdə tutan və bu təşkilatın daha ciddi məqsədlər uğrunda çalışacağını göstərən sənəd idi. Türkiyədə keçirilən sammit göstərdi ki, türk dövlətləri addım-addım bir-birinə yaxınlaşırlar. Ciddi maneələr, təhlükələr olmasına baxmayaraq türk dövlətləri birləşməkdə qətiyyət göstərirlər. Bu birliyin qarşısı alınmazdır. Etiraf etmək lazımdır ki, indiyə qədər müəyyən narazılığımız, gileylərimiz var idi. Bəzən hətta türk dövlətlərinin ən təhlükəsiz addımı atmaqdan çəkinməyi, təbiidir ki, bizi Azərbaycan olaraq incidib. Təhlükəli olmamasına baxmayaraq bəzi türk qardaşlarımızın səfirlərinin Şuşaya getməməsi, təbii ki, Azərbaycanı incidən bir məqam idi. Ancaq təşkilatın yaradılması onu göstərdi ki, artıq bu qorxular da geridə qalır. Həmişə bu təşkilatdan kənarda qalmağa çalışan Türkmənistan artıq müşahidəçi statusu ilə iştirak etdi və əminəm ki, növbəti sammitdə Türkmənistan tamhüquqlu üzv kimi öz iştirakını reallaşdıracaq. Eyni zamanda Macarıstan da bu təşkilata üzv olmağa çalışır. Əminəm ki, bundan sonra digər dövlətlərin də belə bir təşəbbüs göstərmək şansı var. Bu türk dünyasının güclənməsidir. Bu türk dövlətləri arasında hər sahədə əməkdaşlığın inkişaf etməsi və türk dünyasının cahanda söz sahibi olmasına gətirib-çıxaracaq bir addımdır. Bir daha demək istəyirəm ki, nə xoşdur ki, burada aparıcı rolu Türkiyə ilə yanaşı Azərbaycan oynayır".