“Ulu Öndər Azərbaycanın inkişaf perspektivinin təməllərini qoydu” - SİYASİ ŞƏRHÇİ MÜNASİBƏT BİLDİRDİ

9 Dekabr 2021 16:15 (UTC+04:00)

“Hamımız istər Sovet dönəmində, istərsə də müstəqillik illərində məhz Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanın hansı sıçrayışla irəli getdiyinin şahidi olmuşuq. Şəxsən mən Ulu Öndər Heydər Əliyevin Azərbaycan Sovet Sosialist Respublikasında rəhbərliyi dövrünü xatırlayıram. Ondan sonra onun SSRİ Nazirlər Komitəsində fəaliyyət göstərdiyi dövrü və təbii ki, 1990-cı illərin əvvəllərindən başlayaraq Ümummilli Lider Heydər Əliyevin Azərbaycan siyasi arenasına qayıdışını və 1993-cü ildə ölkənin prezidenti seçilərək Azərbaycanı o dərin xaosdan mərhələ-mərhələ çıxarmasını xatırlayıram. Bütün bunlar şəxsən mənim gözümün önündə olub.” Bu sözləri SİA-ya verdiyi açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

Siyasi şərhçi vurğulayıb ki, Heydər Əliyev faktoru, siyasi liderliyi həqiqətən də bütün dünya üçün öyrəniləsi və tətbiq ediləsi bir modeldir.

“Heydər Əliyev faktoru Azərbaycanı həmin o 90-cı illərin qarmaqarışıqlığından, xaosundan çıxarmağı bacarmış bir faktordur. Əgər o olmasaydı, bir başqası olsaydı, mənə elə gəlir ki, Azərbaycan o qarmaqarışıqlıq mərhələsini daha uzun müddət yaşayacaqdı, özünə gələ, dirçələ bilməyəcəkdi və nəticə etibarı ilə də bu gün artıq Şuşada Azərbaycan bayrağı dalğalanmayacaqdı. Yəni, Ulu Öndər Heydər Əliyev o şəxsiyyətdir ki, Azərbaycanın uzun müddətli inkişaf perspektivinin təməllərini qoydu, ölkəni sabitlik, inkişaf yoluna çıxardı. Belə bir təməl üzərindən özündən sonra elə bir ölkə qoyub getdi ki, həmin təməlin üzərində mütləq çox uğurlu bir Azərbaycan modeli yaradılmalı idi və bu modeli də cənab Prezident İlham Əliyev çox böyük uğurla yarada bildi. Nəticədə də bayaq deyildiyi kimi, Azərbaycan torpaqları uzun illik işğaldan belə xilas edildi.

Mən düşünürəm ki, Heydər Əliyev şəxsiyyəti həqiqətən də çağdaş Azərbaycan tarixinin ayrılmaz tərkib hissəsidir, ümumiyyətlə hər bir azərbaycanlının bilməsi və yadda saxlaması gərəkən bir tarixdir. Ümummilli Lider Heydər Əliyev o şəxsiyyətdir ki, Azərbaycan xalqı bu gün məhz onun uzaqgörən strategiyasına minnətdar olaraq başı dik gəzə bilir. Yəni, Ulu Öndər cismən bizdən ayrılsa da özündən sonra elə bir miras qoyub getdi ki, Azərbaycan xalqı məhz həmin mirasa əsaslanaraq bu gün dünya xalqları arasında özünün çox layiqli yerini tutur. Əlbəttə, Ulu Öndərə Allah rəhmət eləsin. O, həqiqətən də çox böyük bir şəxsiyyət idi və onun dühası əbədi yaşayacaq. Mən düşünürəm, elə bir azərbaycanlı tapılmaz ki, Ümummilli Liderin bu dövlətə, bu xalqa qoyub getdiyi o mirası düzgün qiymətləndirə bilməsin”, deyə siyasi şərhçi Azər Həsrət bildirib.