Andrey Kortunov: Bakının Brüsseldə veto hüququ var, xüsusən də, söhbət Azərbaycanın ərazisindən gedirsə - MÜSAHİBƏ

9 Dekabr 2021 14:59 (UTC+04:00)

“Müharibə vaxtı Fransa və ABŞ münaqişə tərəflərinə bərabər məsafədə mövqe tutmadı. Ona görə də, onlar əsas vasitəçi kimi çıxış edə bilməzlər”

Rusiya Beynəlxalq Məsələlər Şurasının baş direktoru Andrey Kortunov “Moskva-Baku” platformasına müsahibəsində Rusiya-Azərbaycan-Ermənistan ekspert qrupunun yaradılması imkanları, Azərbaycanın beynəlxalq aləmdə statusunun yüksəldilməsi və Ermənistanın Qarabağ nizamlanmasının beynəlmiləlləşməsində maraqlı olması barədə danışıb. Müsahibəni oxucularımıza təqdim edirik.

- Andrey Vadimoviç, yeni yaradılmış Rusiya-Azərbaycan Ekspert Şurasının əsas vəzifəsi nədir?

- Təəssüf ki, mən şuranın iclasında yalnız videoformatda iştirak etdim, amma nümayəndə heyətimiz bir neçə gün Azərbaycanda oldu. Həmkarlarımdan aldığım rəylərdən də deyə bilərik ki, görüşlər çox maraqlı, zəngin və mənalı keçib. Ona görə də ilk belə tədbiri uğurlu hesab etməyə əsasımız var.

Əgər Rusiya ilə Azərbaycan arasında münasibətlərin tarixinə nəzər salsanız, həm ikitərəfli münasibətlərə dair məsələlər, həm də geniş beynəlxalq gündəm prizmasından Cənubi Qafqaz regionundakı vəziyyətlə bağlı ciddi ekspert dialoquna başlamaq üçün bir neçə dəfə cəhdlər edilib. Təəssüf ki, bu cəhdlər çox da effektli alınmayıb. Bu proses tez-tez xalq diplomatiyası, vətəndaş cəmiyyəti liderləri və ikitərəfli münasibətlərin inkişafı həvəskarları arasında qarşılıqlı əlaqə istiqamətində inkişaf edib. Bəzi hallarda bu, dövlət strukturları ilə məmurlar arasında rəsmi təmasların üstün predmetinə çevrildi. İndi bizə elə gəlir ki, Rusiya-Azərbaycan ekspert şurasının yaradılması ilə təcəssüm olunan bu yeni cəhdin gələcək üçün yaxşı perspektivləri var.

Ötən ilin payızında Azərbaycan və Ermənistan arasında baş vermiş müharibədən sonra regionda vəziyyət dəyişib. İndi ortaya çıxan problemlərə və çağırışlara başqa yanaşmalar tələb olunur və münaqişə illərində yığılmış dağıntılar təmizlənməlidir. Və təbii ki, biz birbaşa bölgə ilə həmsərhəd olan ölkələrin oyunçularının iştirakı ilə çoxtərəfli formatların mümkünlüyü barədə düşünürük.

- Bu, Rusiya-Azərbaycan-Ermənistan ekspert qrupuna çevrilə bilərmi?

- Nəzəri olaraq, bəli, amma təxmin etdiyiniz kimi, hətta bir çox ekspert suallarının çox siyasiləşdiyini nəzərə alsaq, indi Ermənistanda tərəfdaş tapmaq bizim üçün çətindir. Bu, yəqin ki, indiki vəziyyətdə başa düşüləndir. Amma biz bu sahədə də işləyəcəyik və istərdik ki, bəzi məsələlərlə bağlı, ən azı bütövlükdə regionun inkişafı, nəqliyyat və logistika infrastrukturu, ola bilsin ki, yeni enerji məsələləri ilə bağlı bizim üçtərəfli tədbirlər keçirmək imkanımız olsun.

- Yəni ekspertlərin işi münaqişədən sonrakı dövrdə diplomatiyanın fəaliyyətinə paralel istiqamətdir? O cümlədən, cəmiyyətlərin yaxınlaşmasına diqqət ...

- O cümlədən, münaqişədən sonrakı dövrdə ekspertlərin işində belə bir məqam var- biz başa düşürük ki, bir sıra sahələr dövlət səviyyəsində müzakirə olunur və təbliğ olunur və burada bizim üçün yəqin ki, onlarla məşğul olan səlahiyyətli orqanlarla rəqabət aparmaq çətindir. Amma elə məsələlər var ki, məmurlar müəyyən səbəblərdən onlara toxunmur. Bizim vəzifəmiz isə ekspertlər səviyyəsində işin ən faydalı ola biləcəyi əməkdaşlıq sahələrini müəyyən etməkdir.

Ümumiyyətlə, Rusiya-Azərbaycan münasibətlərinə gəlincə, Rusiya və Azərbaycan liderləri arasında qarşılıqlı etimad, maraqları və prioritetləri dərk edən münasibətlərin inkişaf etdirilməsi çox böyükdür. Ancaq eyni zamanda, biz, vətəndaş cəmiyyətinin qarşılıqlı əlaqəsi səviyyəsində müəyyən çatışmazlıq, (o cümlədən ekspert icmaları səviyyəsində) müşahidə edirik. Və ən yüksək səviyyədə mövcud olan konstruktiv münasibətləri bütün digər səviyyələrdə bütöv əlaqələr piramidası ilə tamamlamaq çox vacibdir. Biz bu problemin həllinə öz təvazökar töhfəmizi verməyə çalışırıq.

Bu gün Azərbaycanın beynəlxalq aləmdə, nəinki Cənubi Qafqaz regionunda, Avrasiya regionunda, hətta qlobal kontekstdə rolunun fəallaşmasından danışmaq olar. Bu təbiidir. Region çox çətindir. Burada təkcə imkanlar deyil, həm də çətinliklər var. Hazırda bütün dünya qeyri-sabitlik, qeyri-sabitlik dövrünə qədəm qoyduğundan, strateji liderliyin və sabit, ardıcıl xarici siyasətin dəyəri artır. Bu baxımdan, Azərbaycan Rusiya üçün qeyri-sabit, dəyişkən münasibətlərin ümumi dünyasında sabitlik adalarından biridir.

- Ötən ilin payızında Rusiyanın Qarabağ münaqişəsinin həllində vasitəçi kimi oynadığı rolla bağlı mövqeyiniz necədir?

- Rusiyanın strategiyası kifayət qədər aydındır. Bu gün Moskva təbii ki, öz vasitəçiliyi ilə imzalanmış üçtərəfli sazişin həyata keçirilməsinin tərəfdarıdır. Və bu müqavilə çərçivəsində müəyyən müddəaları dəqiqləşdirmək mümkündür. Biz sərhədin delimitasiyası və demarkasiyası ilə bağlı məsələləri həll etməliyik, regiona nəfəs verməli olan nəqliyyat arteriyalarını blokdan çıxarmalıyıq. Rusiya ikitərəfli və çoxtərəfli iqtisadi layihələrin başlanmasının tərəfdarıdır. Ancaq həmişə olduğu kimi, şeytan təfərrüatlarda gizlənir. Rusiya isə heç bir tərəflə münasibətləri korlamamaq, birtərəfli mövqe tutması təəssüratı yaratmamaq üçün böyük yaradıcılıq nümayiş etdirməlidir. Bu asan deyil və müəyyən bacarıq və çeviklik tələb edir. Ancaq Rusiya bunun öhdəsindən gəlir.

- Çoxları bu gün deyirlər ki, Qərb nizamlanma prosesinə fəal şəkildə qarışmağa çalışır. Ötən ilin payızında Rusiya, Azərbaycan və Ermənistan liderlərinin imzaladığı bəyanatdan dərhal sonra Sergey Lavrov qeyd edib ki, Qərb Rusiyaya məsələnin onsuz həll olunduğuna dair iddialar irəli sürüb. Dekabrın 15-də Brüsseldə Azərbaycan və Ermənistan liderlərinin görüşü keçiriləcək. Bu, nə dərəcədə Moskvanın əsas vasitəçi rolunu inkar etmək cəhdi kimi şərh edilə bilər?

- Hesab edirəm ki, heç kim Rusiyadan əsas vasitəçi statusunu ala bilməz. Bu, bir çox səbəblərə görə çətin olacaq, o cümlədən siyasi və sırf texniki. Bildiyiniz kimi, hələ də problemlə məşğul olan ATƏT-in Minsk qrupu var. Onun 3 həmsədri var. Rusiyadan başqa bunlar Fransa və ABŞ-dır. Avropa İttifaqı və ABŞ-ın nizamlanmada iştirak etmək istəyi başa düşüləndir. Mənə elə gəlir ki, burada sual bu iştirakın necə ifadə ediləcəyi və həmçinin münaqişə tərəflərinin bu iştirakla nə dərəcədə razılaşacağıdır, çünki demək olmaz ki, ötən ilin payızında Azərbaycan və Ermənistan arasında müharibə zamanı Fransa, ABŞ münaqişə tərəflərinə bərabər məsafədə mövqe tutdu. Ona görə də, onlar əsas vasitəçi kimi çıxış edə bilməzlər. Biz gördük ki, Qərbin mövqeləri Azərbaycandan çox Ermənistana yaxındır. Ermənistana qərəzli münasibət ABŞ-ın və xüsusən də Fransanın siyasi həyatında kifayət qədər mühüm rol oynayan güclü, nüfuzlu erməni diasporlarının olması ilə əlaqələndirilir. Müharibə zamanı Makronun münaqişə ilə bağlı bəyanatları, digər məsələlərlə yanaşı, onun erməni köklü seçicilərin dəstəyini qazanmaq istəyini də əks etdirirdi. Burada hər şey az-çox aydındır. Ona görə də Minsk qrupunun Bakıda işini bərpa etmək cəhdlərinin şübhə doğurması təəccüblü deyil. Söhbət ondan gedir ki, Minsk Qrupu prosesə nə gətirə bilər- onlar gedən prosesə hansı imkanlar, hansı resurslar, nə əlavə edə bilərlər. Yəqin ki, bundan çıxış edərək, tərəflər qərar verməlidirlər ki, üçüncü ölkələrin iştirakına nə dərəcədə ehtiyac var.

- Brüsseldə Rusiyanın vasitəçiliyi ilə əldə edilmiş razılaşmalara yenidən baxılması cəhdi mümkündürmü?

- Nizamlanma prosesinin beynəlmiləlləşdirilməsi Ermənistan rəhbərliyinin hazırkı strategiyasına uyğundur. Təbii ki, onlar bir növ regiona yeni oyunçular cəlb etmək istərdilər. Amma başa düşürük ki, belə hallarda yenə də hər iki tərəfin razılığı lazımdır. Buna görə də, hər halda, Bakının veto hüququ var, xüsusən ona görə ki, söhbət Azərbaycanın tərkib hissəsi olan ərazidən gedir.

- İl ərzində Amerika və Fransa tərəfləri Qarabağın statusu məsələsini çox fəal şəkildə irəli sürdülər. Məlumdur ki, Rusiya bu yanaşmadan məmnun deyil, Moskva dəfələrlə bildirib ki, bu məsələ hələ də aktualdırsa belə, buna ən axırda baxılmalıdır.

- Bu, doğrudur. Paşinyan bildirib ki, Qarabağ məsələsi siyasi məsələdən çox ərazi məsələsidir. Və Ermənistanda öz müqəddəratını təyinetmə ideyası tam ölməyib, yaşayır. Və çox güman ki, bu və ya digər şəkildə irəliləməkdə davam edəcək. Mənə elə gəlir ki, indi Ermənistanda hər bir siyasətçi deyir ki, hər şey, məsələ tamamilə bağlanıb, ona görə də Ermənistanın baş naziri həqiqətən də bu məsələdə qeyri-müəyyənliyi saxlamağa məcburdur.

- Biz görürük ki, Rusiya və Amerika tərəfləri arasında danışıqların yekunlarına dair rəsmi məlumatlarda onların Cənubi Qafqazdakı vəziyyəti müzakirə etdikləri vaxtaşırı qeyd olunur. Aydındır ki, hər iki ölkə Minsk Qrupunun həmsədrləridir və indiki şəraitdə bu mövzunun qeyd olunması normaldır. Bəs bu gün Ermənistan-Azərbaycan nizamlanmasının ABŞ üçün əhəmiyyəti nədir?

- Mənə elə gəlir ki, ABŞ üçün bu məsələ ilk növbədə İran mövzusu ilə bağlıdır. ABŞ üçün,- həm Bayden, həm də Tramp dövründə- regionda əsas rəqib İrandır və onlar öz siyasətlərini hərəkətlərinin güc balansına necə təsir edə biləcəyi və İslam Respublikası üçün necə maneələr yarada biləcəyi ətrafında formalaşdıracaqlar. Düşünürəm ki, Amerikanın Cənubi Qafqazdakı roluna məhz bu mövqelərdən baxmaq lazımdır.

- Minsk qrupunun fəaliyyəti. Bakının mövqeyi tamamilə aydındır. Və Moskva, şəxsən Putin deyir ki, Minsk Qrupu işləməyə davam etməlidir, lakin Moskvanın məntiqinə görə, onun münaqişədən sonrakı fəaliyyəti daha çox tərəflərin yaxınlaşmasını nəzərdə tutmalıdır...

- Görünür, əvvəllər Minsk qrupunun həmsədrləri başqa reallıqlarda işləyirdilər, indi isə vəziyyət dəyişib. Hesab edirəm ki, Minsk qrupunun tərkibinə yenidən baxıla bilərdi, çünki prinsipcə, onun tərkibində çoxlu üzvlər var. Mənə elə gəlir ki, konkret problemlərin həllində formal strukturların mövcudluğundan çıxış etmək olmaz, ilk növbədə mövcud problemin özündən çıxış etmək və onun həllinə həqiqətən töhfə verə biləcək iştirakçıları cəlb etmək lazımdır.

Tərcümə - Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” istiqaməti çərçivəsində hazırlanıb.