Ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilən konfrans keçirilib

9 Dekabr 2021 14:45 (UTC+04:00)

9 dekabr saat 11:00-da Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının inzibati binasında Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar olaraq “Heydər Əliyev – hüquqi və demokratik dövlət quruculuğunun banisidir” mövzusunda konfrans keçirilib. SİA xəbər verir ki, konfransı giriş sözü ilə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova açıb, Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Konfransda çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Ulu öndərin Azərbaycanın dövlətçilik tarixindəki roluna diqqət çəkib. Polkovnik qeyd edib ki, məhz Heydər Əliyevin səyi nəticəsində Azərbaycan bir dövlət kimi parçalanmadan xilas olub, öz müstəqilliyini möhkəmləndirib, bütün parametrlər üzrə sürətli inkişaf dövrünə qədəm qoyub.

Sədr müavininin çıxışından sonra Ulu öndərə həsr edilən “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” filmi nümayiş olunub.

Daha sonra Azərbaycan Respublikası “Polisə dəstək” İctimai Birliyinin sədri, Qarabağ müharibəsi veteranı Şəmsəddin Əliyev, akademik Ziyad Səmədzadə, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru Abduləli Abdullayev, istefada olan general-mayor Vladimir Vasilyeviç Timoşenko, fəlsəfə elmləri doktoru, əmək və I Qarabağ müharibəsi veteranı İmran Əbilov, şöbə müdiri general-mayor Rasim Əliyev, şöbə müdiri Bəhram Zahidov çıxış edərək Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı əvəzssiz xidmətlərinə toxunublar.

Tədbirdə “Polisə dəstək” İctimai Birliyinin sədri, Qarabağ müharibəsi veteranı Şəmsəddin Əliyevin ideya müəllifliyi və təşkilatçılığı ilə çap edilən “Heydər Əliyev və Azərbaycanın hüquq-mühafizə orqanları” kitabı da konfrans iştiakçılarına təqdim olunub. Kitabda 1969-2019-cu illərdə hüquq-mühafizə orqanlarındakı islahatlar öz əksini tapıb.

Tədbirin sonunda xatirə şəkli çəkilib.