Heydər Əliyev siyasətinin təntənəsi: Tarixi Zəfərimiz - MƏQALƏ

9 Dekabr 2021 14:41 (UTC+04:00)

“Biz bu çətin günləri keçib gedəcəyik, müstəqil Azərbaycan Respublikası dünya birliyində öz layiqli yerini tutacaq, hər bir Azərbaycan vətəndaşı özünün bu müstəqil dövlətə mənsub olduğunu böyük qürur hissi ilə bəyan edəcəkdir.” Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyev, eyni zamanda bildirirdi ki, Azərbaycan dünyaya Günəş kimi doğacaq.

Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, Ümummilli Liderin şah əsəri olan Azərbaycan onun görmək istədiyi Azərbaycandır. Müstəqilliyinin yenidən bərpasının 30 illiyini qeyd edən Azərbaycan bu illər ərzində qazandığı uğurlar sırasına onların zivəsində dayanan qalib ölkə statusunu da əlavə etdi. Təbii ki, bu uğurlar böyük səylərin, qətiyyətin, ən əsası düşünülmüş və məqsədyönlü siyasətin nəticəsində qurulan möhkəm təmələ əsaslanır.

Azərbaycanın müstəqilliyinin bərpasının ilk illəri tariximizin qaranlıq səhifəsi kimi xatırlanır. O illərdə ölkəmizə rəhbərlik edənlərin səriştəsizliyi, idarəçilik qabiliyyətlərinin yoxluğu, şəxsi ambisiyalarını dövlət maraqlarından üstün tutmaları Azərbaycanı vətəndaş müharibəsini yaşamaq, bir dövlət olaraq dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qoymuşdur. Ölkədə xaos, anarxiya, özbaşınalıq, iqtisadi böhran fəlakət həddinə çatmışdır. Azərbaycanın ərazi bütövlüyü pozulmuş, torpaqlarımız Ermənistan tərəfindən işğal edilirdi. Xalqımızın sabaha ümidi yox idi. Belə çətin günlərdə Azərbaycanın xilası naminə 91 nəfər tanınmış ziyalının ulu öndər Heydər Əliyevə müraciəti və nəticədə Yeni Azərbaycan Partiyasının yaradılması sonrakı proseslərə işıq saldı. YAP-ın yaradılmasından cəmi 6 ay sonra- 1993-cü ilin iyununda ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdı. 15 iyun 1993-cü il tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Bu təqvimdən başlanan yol tariximizə şanlı Zəfər səhifəsini yazdı.

Azərbaycanın uğurları Ulu ndər Heydər Əliyevin adı ilə bağlıdır. Yeni Azərbaycan Partiyasının bu böyük Zəfərin yaratdığı reallıqlara uyğun olaraq bu ilin 5 mart tarixində keçirilən VII Qurultayında dövlət başçısı İlham Əliyev bu fikri xüsusi qeyd etmişdir ki, o dövrü bilməyən, o vaxt yaşamayan gənc nəsil bilməlidir, nəyin bahasına müstəqilliyi qoruyub saxlaya bilmişik. Kimə biz borcluyuq. Əgər Heydər Əliyev o vaxt hakimiyyətə gəlməsəydi, bu gün Azərbaycan bəlkə də ancaq kiminsə əlinin altında bir oyuncaq dövlət kimi, bir yarımmüstəmləkə kimi yaşaya bilərdi.

Ümummilli lider Heydər Əliyev Azərbaycanı o illərin xaosundan, anarxiyasından, vətəndaş müharibəsindən xilas, düşünülmüş və məqsədyönlü siyasəti ilə ölkəmizin müstəqilliyini əbədi və dönməz etdi. 1993-2003-cü illər müstəqil Azərbaycanın tarixində həlledici mərhələ oldu. Bu dövr dövlətçiliyimizin möhkəmlənməsi və inkişafı illəri kimi tarixə yazıldı. Azərbaycan qısa müddətdə sabitlik məkanına çevrildi, ölkəmizlə iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin sayı artdı, yeni dostlar, tərəfdaşlar qazandıq. Məhz ulu öndər Heydər Əliyevin tükənməz səyi nəticəsində 1994-cü il sentyabrın 20-də tarixə “Əsrin müqaviləsi” kimi daxil olan neft sazişi imzalandı. Ölkəmizin iqtisadi imkanlarının yüksəlməsinə geniş yol açan bu müqavilə, eyni zamanda, Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsini şərtləndirdi. Azərbaycan böyük investisiyalar məkanına çevrildi. Ölkəmizin iqtisadi və maliyyə imkanlarının artması digər sahələrin də tərəqqisinə yol açdı. Müstəqilliyimizin, suverenliyimizin qarantı olan ordumuz formalaşdı və maddi-texniki bazası beynəlxalq standartlara uyğun möhkəmləndirildi. Azərbaycan dünya birliyinin fəal üzvünə çevrildi. Ümummilli Liderin gərgin səyləri nəticəsində Azərbaycanın ətrafında yaradılan informasiya blokadası yarıldı və bu gün tarixə qovuşan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bütün həqiqətlər beynəlxalq ictimaiyyətə çatdırıldı. Azərbaycan ulu öndər Heydər Əliyevin qarşıya qoyduğu hədəflərə çataraq dünyaya Günəş kimi doğdu.

2020-ci il Azərbaycanın tarixinə şanlı Zəfər Günü kimi yazıldı. Bu il Zəfərimizin birinci ildönümünü qeyd etdik. Bu sevincimiz, qürurumuz keçilən yolun, Heydər Əliyev siyasətinin təntənəsidir. Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin 2003-cü ildə xalqa müraciətində əksini tapan "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” fikirlər reallıqda özünü təsdiq etdi. Ümummilli Lider adını tarixə müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı kimi, cənab İlham Əliyev isə Ulu öndər siyasətinin layiqli davamçısı, ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan və torpaqlarımızın Xilaskarı kimi yazdı. Ulu öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasətin son 18 ildə Prezident İlham Əliyev tərəfindən uğurlu davamının nəticələri göz önündədir. Azərbaycanın iqtisadi, siyasi və hərbi gücünün artırılması, xalq-iqtidar birliyinin möhkəmləndirilməsi, torpaq, Vətən sevgisinin böyüklüyü fonunda 44 günlük İkinci Qarabağ savaşında qalib olduq. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində Azərbaycan Ordusu tarix yazaraq 30 ilin işğalına son qoydu, ərazi bütövlüyümüzü təmin etdi. Azərbaycan xalqı bir daha yenilməz, məğrur xalq olduğunu dünyaya nümayiş etdirdi.

Tarixi Qələbəmizin dünyaya təqdimatı olan Zəfər paradının bir ili tamam olur. Bu parad özündə bütün məqamları ehtiva etdi. 44 günlük Vətən müharibəsində hərbi-siyasi Qələbəmizlə yanaşı, Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının sarsılmazlığı dünyaya çatdırıldı. Vətən müharibəsinin ilk günündən Azərbaycanın yanında olan Müzəffər Ali Baş Komandan İlham Əliyevə siyasi-mənəvi dəstək olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəfər paradında da ölkəmizin yanında yer alaraq bu fikri xüsusi qeyd etmişdir ki, Azərbaycanın həm hərbi, həm də diplomatiya sahəsində əldə etdiyi bu uğurda ən böyük paylardan biri şübhəsiz ki, əziz qardaşım cənab Prezident İlham Əliyevə aiddir: “Qardaşım İlham Əliyev bununla mərhum Heydər Əliyevin ona vəsiyyət olaraq etdiyi arzusunu da yerinə yetirmişdir. Fürsətdən istifadə edərək güclü Azərbaycanın əsasını qoyan ümummilli lider Heydər Əliyevi də burada rəhmətlə yad edirəm. Azərbaycan, qardaşım İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə, inşallah, dastan yazmaqda davam edəcək”.

Bəli, Azərbaycan bu gün möhkəm təməl üzərində dastan yazmaqda davam edir. Ölkəmizin həyatında yeni mərhələ başlayıb. İşğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işləri geniş vüsət alıb. 30 il torpaq həsrəti ilə yaşayan soydaşlarımızın Böyük Qayıdışı reallaşır.

Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə güclü, inkişaf etmiş, qüdrətli Azərbaycan naminə başladığı böyük siyasət Prezident İlham Əliyev tərəfindən dəyişməkdə olan dünyanın yeni reallıqlarına uyğun şəkildə layiqincə davam etdirildi. Bu siyasətin sayəsində beynəlxalq aləmdə nüfuz və söz sahibinə çevrilən Azərbaycan 44 günlük Vətən müharibəsi ilə özünün ərazi bütövlüyünü bərpa etdi. Azərbaycan xalqı Böyük Qələbə ilə Böyük Zəfər yaşadı. Bu Zəfər Ulu Öndər Heydər Əliyev siyasətinin Zəfəridir.

Xatirə Əliyeva,

Əməkdar jurnalist,

Siyasi elmlər üzrə fəlsəfə doktoru

yap.org.az