"3+3" formatındakı regional əməkdaşlıq platformasının ilk iclasının pərdəarxası - EKSPERT RƏYİ

9 Dekabr 2021 13:52 (UTC+04:00)

“Sabah, yəni 10 dekabr 2021-ci ildə Rusiyanın Moskva şəhərində Rusiya, Azərbaycan, Türkiyə, İran və Ermənistan XİN başçılarının müavinləri səviyyəsində görüşün keçriləcəyi ilə bağlı Türkiyə XİN məlumat paylaşıb. Həmin məlumatda qeyd edilir ki, “Prezident Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin təklif etdiyi Cənubi Qafqazda daimi sülh və sabitliyin yaradılmasına xidmət edən "3+3" formatındakı regional əməkdaşlıq platformasının ilk iclası dekabrın 10-da Moskvada keçiriləcək”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Samir Hümbətov deyib.

Onun sözlərinə görə, verilən məlumatdan da aydın olur ki, keçriləcək görüşdə Gürcüstan tərəfi iştirak etmək niyyətində deyil: “Bir neçə gün öncə Gürcüstan XİN başçısı David Zalkaliani Türkiyə prezidentinin təklif etdiyi "3+3 formatı"nda iştirak etməklərinin mümkün olmadığını və onların buna alternativ təkliflərinin olduğunu bildirmişdir. Gürcüstan XİN başçısı David Zalkaliani Rusiyanın Gürcüstan ərazisini işğal etməsini nəzərdə tutaraq bildirmişdir ki, “Ərazilərimizi işğalda saxlayan ölkənin olduğu geosiyasi layihədə iştirak edə bilmərik. Bu mövqeyimi türkiyəli, azərbaycanlı və erməni həmkarlamrımla görüşlərdə açıq şəkildə ifadə etmişəm”. Gürcüstan XİN başçısının sözlərindən və yayılan son məlumatdan da belə aydın olur ki, Gücüstan Rusiya tərəfindən işğal və ilhaq edilmiş Abxaziya və Cənubi Osetiya ərazilərinin işğalda qaldığı müddətdə onunla hər hansı qurumda təmsil olunmaq niyyətində görünmür”.

S.Hümbətov vurğulayıb ki, digər tərəfdən isə 18 oktyabrda ABŞ müdafiə naziri Lloyd Austin Gürcüstanda səfərdə olarkən açıq şəkildə bildirib ki, Rusiya hər hansı yeni platforma haqqında danışmazdan əvvəl 2008-ci il atəşkəs razılaşmasının öhdəliklərinə riayət etsəydi yaxşı olardı: “Bu açıqlama əslində Gürcüstan və Rusiyanın bir platformadan təmsil olunmasına ABŞ-ın hansı münasibətdə olmasının göstəricisi kimi də qəbul edilə bilər. Nəhayət, altılıq platformanın reallaşması hansısa formada mümkün ola bilər, amma bunun nə qədər müdətdə və hansı formatda reallaşmasının özü belə hələki sual altında qalmış olur. Görünən odur ki, regionun bəzi dövlətləri, xüsusilə də Rusiya və İran hər il sanksiyalardan dəyən milyardlarla dolları və çökmüş iqtisadiyyatlarını dirçəltmək üçün istənilən formatlı platformanın qurulmasını məqbul hesab edirlər. Eyni zamanda nə Rusiya, nə də İran qərbin regionda mövcudluğunu görmək niyyətində olmadığ üçün region dövlətləri ilə dil tapmağa çalışdıqları hiss edilməkdədir”.