"Bu, Zəfər paradıdır, tarixi hadisədir" - MÜNASİBƏT BİLDİRİLDİ

9 Dekabr 2021 12:53 (UTC+04:00)

"Düz bir il bundan əvvəl - 2020-cil il 10 dekabr tarixində Bakının mərkəzində möhtəşəm şəraitdə Zəfər Günümüzün 1 aylığı ilə əladədar hərbi parad keçirilmişdir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Əlimusa İbrahimov qeyd edib.

Onun sözlərinə görə, baxmayaraq ki, müstəqillik əldə etdikdən sonra biz bir neçə dəfə silahlı qüvvələrimizin paradını keçirmişdik, 10 dekabr 2021-ci il tarixində keçirilən və bu gün bir ili tamam olan Zəfər paradını biz illərlə gözləmişdik: "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Ermənistan üzərində tarixi Zəfərimizin baş Qəhrəmanının dediyi kimi, "Azadlıq" meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır, bu, tarixi hadisədir, bu paradın xüsusi önəmi var. Bu parad Vətən müharibəsindəki zəfərimizin nümayişi idi. Bu parad qanlı döyüşlərdə yeni səhifələr yazmış, düşməndən bütün nəsillərimizin qisasını almış əsgərlərimizin, zabitlərimizin, gizirlərimizin qalibiyyət yürüşü idi. Bu,dünyanın hər hansı nöqtəsində yaşamsından asılı olmayaraq hər bir azərbaycanlının sevincinin, səbirsizliklə gözlədiyi qələbəmizin paradı idi.
Bu parad düşmənlər üçün həm də göz dağı idi , çünki şanlı Azərbaycan Ordusunun döyüş meydanlarında məhv etdiyi, qənimət götürdüyü düşmənin hərbi texnikaları da nümayiş etdirildi. Bu parad ermənilərin darmadağın olmasının yeni bir sübutu idi. Ermənistanın 30 ildə möhkəmləndirdiyi istehkamlar, səngərlər, havadarlarının ianəsi nəticəsində əldə etdiyi yüzlərlə, minlərlə ən müasir hərbi texnika onu xilas edə bilmədi. Azərbaycanın yeni taktika tətbiq edərək apardığı ən müasir döyüş əməliyyatlarının qarşısında bu silahlar heç bir işə yaramadılar, ordumuzun hədəfinə çevrilərək metal parçasına döndülər.
Paradda qənimət götürülmüş Ermənistanın hərbi texnikasının nümayişi müharibədən sonra düşmənə vurulan növbəti zərbə oldu. Bu mənada bir il bundan öncə keçirilmiş Azərbaycan Ordusunun Zəfər paradı həm də dünya erməniliyinə, Ermənistanın havadarlarına verilən bir mesaj idi. Bu parad ermənilərin bundan sonra bir daha Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış etmələrinə son qoyduğu üçün də əhəmiyyətlidir".