“Zəfər paradı tariximizə qızıl hərflərlə yazıldı” - HƏRB EKSPERT AÇIQLADI

9 Dekabr 2021 12:48 (UTC+04:00)

“İşğalçı Ermənistan və onun havadarları üzərində qazandığımız möhtəşəm qələbə şərəfinə keçən il dekabrın 10-da keçirilən Zəfər Paradının ilk ildönümünü qeyd edirik. Bu Zəfər paradına aparan yol 44 gün davam etsə də, ərazi, iqlim və relyef baxımından çox mürəkkəb və çətin bir vəzifənin öhdəsindən qəhrəman əsgərlərimiz layiqincə gəldilər.” Bu sözləri SİA-ya verdiyi açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

Hərbi ekspert vurğulayıb ki, bir çox mütəxəssislərin, ekspertlərin, beyin mərkəzlərinin verdiyi zaman və nəticə proqnozlarından fərqli olaraq, silahlı qüvvələrimiz bu proqnozlardan daha artığını, həm də təkbaşına olaraq döyüş meydanında həyata keçirməyi bacardı.

“Azadlıq Meydanında indiyə qədər çox sayda paradlar keçirilibdir, lakin bu Zəfər paradı bizim tariximizə qızıl hərflərlə yazılan və xüsusi əhəmiyyətə malik bir tədbir oldu. Faktiki olaraq Azərbaycan tarixində ilk dəfə keçirilən bu Zəfər paradı dünyaya Azərbaycan ordusunun Ermənistan üzərindəki qələbəsinin əyani nümayişi hesab edilir. Bu parada Şuşaya sancılan bayrağımızın gətirilməsi, nümayiş etdirilməsi, Azərbaycan Silahlı Qüvvələri ilə bərabər qardaş Türkiyə Silahlı Qüvvələrini təmsil edən hərbi qulluqçuların tribuna önündən keçməsi, hərbi paradın Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı ilə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən birgə qəbul edilməsi bu iki ölkə arasındakı münasibətin real göstəricisi hesab olunur. Ona görə də keçirilən Zəfər paradını əslində biz Azərbaycan-Türkiyə sarsılmaz qardaşlığının birgə Zəfər paradı da adlandıra bilərik.

Bu parad Azərbaycanın silahlı qüvvələrində xidmət edən övladlarımızın vətən sevgisinin və qəhrəmanlığının rəsmi nümayişi kimi də qəbul edilə bilər. İllər keçəcək, nəsillər dəyişiləcək, çox şeyi unudacayıq, kimlərsə yaddan çıxacaq, amma nə qələbəmiz, nə paradımız, nə də bu qələbə və paradı bizə bəxş edən qəhrəman övladlarımız heç bir zaman unudulmayacaq. Gələcək nəsillər isə son 200 ilin ən mühüm tarixi hadisəsi olan qələbəmizin və onun rəmzi olan hərbi paradımızın əhəmiyyətini daha dərindən hiss edəcək, bu qələbənin bizə verdiyi üstünlüklərdən yararlanacaq və onu əbədi olaraq yaşadacaqlar”, deyə Ədalət Verdiyev bildirib.