“Heydər Əliyev müstəqil Azərbaycanın bütün sahələrdə uğurlarının bünövrəsini qoydu” -ÖZƏL-MÜNASİBƏT

9 Dekabr 2021 12:27 (UTC+04:00)

“Dövlətlərin inkişafında, onların güclü təməllər üzərində qurulmasında liderlərin apardığı fəaliyyətin, yürütdükləri siyasətin, xalqa, vətənə bağlı olmaları ən vacib faktorlardan biridir. Bu baxımdan müasir Azərbaycan dövlətinin qurulmasında və inkişafında rol oynayan Ümummilli Lider mərhum prezident Heydər Əliyevin fəaliyyəti misilsizdir.” Bu fikirləri SİA-ya açıqlamasında Qaçqınların və Məcburi köçkünlərin işi üzrə Dövlət Komitəsi yanında ictimai Şuranın sədri Anar Xəlilov deyib.

Anar Xəlilov bildirib ki, hər bir xalqın taleyinə bu cür liderlərin rəhbərlik etməsi qismət olmur. Bu baxımdan biz özümüzü şanslı xalq saya bilərik: “Həm XX əsrin sonuna yaxın müstəqilliyimizi əldə etməyimiz və bu müstəqilliyi qoruyub saxlayan, güclü təməllər üzərində dövlət quran dahi liderin Azərbaycana rəhbərlik etməsi xalqımıza Tanrıdan bəxş edilmiş xoş bir hədiyyədir. Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə yenidən qayıdaraq Azərbaycanı uçurumdan xilas etməsi, dövlətçiliyimizi qurması və onun layiqli davamçısı İlham Əliyevin bu dövlətçiliyi qoruyaraq güclü hərbi-iqtisadi gücə malik dövlət yaratması dünyaya günəş kimi yenidən doğulan Azərbaycanı parlatdı. Ümummilli Liderin apardığı siyasətin nəticəsi olaraq bütün sahələr üzrə Azərbaycanın inkişafına nail olundu. Yüksək peşəkarlıq və uzaq hədəflərə hesablanmış neft-qaz layihələrinin icrası, qeyri neft sektorunun inkişafı, elm, təhsil, mədəniyyət sahələrinin dirçəldilməsi istiqamətində atılan bütün addımlar özünün tam bəhrəsini verərək, xalqın firavan yaşamasına əsas zəmin oldu. Nəzərə almaq lazımdır ki, Sovet İttifaqından ayrılan Azərbaycanın iqtisadiyyatı demək olar ki yox səviyyəsində idi. Bundan əlavə erməni işğalçıları tərəfindən 20 faiz torpaqlarımızın işğalı, milyona yaxın vətəndaşlarımızın qaçqın-köçkün vəziyyətinə düşməsi, müstəqilliyin ilk illərində baş verən siyasi hərc mərclik və bunun nəticəsində Azərbaycanın talan edilməsi, elm, təhsil, mədəniyyət sahələrinin tənəzzülə uğraması nəticəsində yaranmış mənzərə çox acınacaqlı idi. Lakin yüksək siyasi iradə, liderlik qabiliyyəti, ən əsası isə xalqına vətəninə olan sevgi, Ümummilli Liderin yüksək idarəçilik məharəti nəticəsində tezliklə tənəzzüldən inkişafa doğru istiqamət götürdü. XX əsrin sonlarında Azərbaycanın müstəqilliyi uğrunda gedən ümummilli mübarizə şərəfli anlarla yanaşı, eyni zamanda xalqımız üçün faciəvi tarixi hadisələrlə də yadda qaldı. Müstəqillik mücadiləsi ilə yanaşı SSRİ-nin çökməsində mühüm rol oynayan xain qonşularımızın yaratdığı Qarabağ münaqişəsi ilə də tək başına mübarizə aparan xalqımız üçün “bu dövr əsl sınaq dövrü idi”, desək daha düzgün ifadə etmiş olarıq.

Şuranın sədri onu da qeyd edib ki, müstəqilliyin ilk günündən Qarabağda ermənilərin öz havadarlarının dəstəyi ilə aktiv hərbi əməliyyatlara başlayaraq torpaqlarımızı işğal etməsi Azərbaycanda siyasi stabilliyin pozulması prosesi ilə müşahidə olunmağa başladı: “Artıq ortada hakimiyyətsizlik, idarə olunmayan hərbi birləşmələr, köməksiz vətəndaş müharibəsi ilə üzləşən xalq nə etmək düşüncəsi ilə üzləşdi. Belə bir vəziyyətdə xalqın ziyalıları və müdrik ağsaqqalları Naxçıvan MR-nın rəhbəri Ulu Öndər Heydər Əliyevə müraciət edərək, belə ağır vəziyyətdən Azərbaycanı çıxartmağın yalnız onun rəhbərliyi ilə mümkün olacağını bəyan etdilər. Sovetlər dönəmində uzun müddət Azərbaycana rəhbərlik etmiş, SSRİ-nin rəhbərlərindən biri olmuş, xalq tərəfindən sevilən, hörmətə layiq olan Heydər Əliyev dərhal bu müraciəti qəbul edərək, Bakıya gələrək xalqa dəstək olmağa qərar verdi. Həyatını təhlükəyə ataraq hakimiyyətsizlik, qanunsuzluq şəraitinin hökm sürdüyü bir vəziyyətdə Gəncəyə gedərək, qiyamçı qüvvələrlə danışıqlar apararaq, vətəndaş müharibəsinin qarşısını aldı. Müdrik lider bundan sonra Milli Məclisə rəhbər seçilərək xalqı əmin etdi ki, tez bir zamanda xaosun qarşısı alınacaq, hakimiyyətsizlik və qanunsuzluq aradan qaldırılacaq. Xalqına söykənən dahi siyasətçi xaosun qarşısının alınması, hakimiyyətsizlik və qanunsuzluğun aradan qaldırılması kimi bu çətin işi tez bir zamanda uğurla başa çatdırmağa nail oldu. Ümummilli Lider Heydər Əliyev öz idarəçilik təcrübəsinə, dərin siyasi biliklərinə və İlahi tərəfindən verilmiş rəhbərlik etmək qabiliyyətinə və nəhayət xalqına güvənərək çətin bir missiyanı, dövlətçiliyi, Azərbaycanın müstəqilliyini qorumağı öhdəsinə götürərək, xilaskar rolunu oynadı və bacardı. Azərbaycan xilas oldu! Artıq Beyləqana hücum edən erməni işğalçıları dayandırıldı, işğal olunmuş Füzuli, Ağdam rayonlarının böyük hissəsi isə azad olundu. Lakin daxili çəkişmələrdən, hakimiyyətsizlikdən və ən nəhayət vahid ordunun formalaşmamasından əziyyət çəkən Azərbaycan üçün müvəqqəti atəşkəs imzalamaq vacib olduğu üçün Bişkek protokolu imzalandı. Siyasi stabillik yarandı. Qanunsuz hərbi birləşmələr ləğv olundu. Vahid ordu yaradılmağa başlanıldı. Dövlət strukturlarının fəaliyyəti bərpa olundu. Ən böyük problem bir milyona yaxın qaçqın və məcburi köçkünlərin yaşamaq yerlərinin yaradılması və onların müvəqqəti yerləşdirilməsi prosesi başlanıldı. Məhv edilmiş iqtisadiyyatın yenidən qurulması istiqamətində yeni planlar quruldu. Xarici əlaqələr və siyasət yeni dönəminə başladı. İnformasiya blokadasına alınmış Azərbaycanın bu blokadadan çıxarılması üçün Ulu Öndər Heydər Əliyevin şəxsən özünün yaxından iştirakı ilə böyük işlər görüldü. Dövrünün bütün nüfuzlu və inkişaf etmiş dövlətlərin rəhbərləri və siyasətçiləri ilə görüşlər keçirildi. Azərbaycanın haqq səsi dünyaya çatdırıldı. Bu gün düşmənlər özləri də etiraf edirlər ki, Qarabağı işğal etmələrinə baxmayaraq, bunun dünya dövlətləri tərəfindən tanınmamasına səbəbkar Heydər Əliyev olmuşdur. Lissabon sammitində dahi rəhbərin göstərdiyi iradə, qətiyyətli siyasi mövqe ermənilərin böyük siyasi məğlubiyyəti ilə nəticələndi. Məhz bu qələbə bu gün torpaqlarımızın azad olunmasında əsas faktor olaraq, bizim qələbəmizin təməli rolunu oynayıbdır. Azərbaycanın bugünkü iqtisadi uğurlarının da təməlini Ulu Öndər Heydər Əliyev qoyub. Tez bir zamanda stabillik yaratmağa nail olan dahi lider böyük beynəlxalq kooperasiyalarla birlikdə imzaladığı “Əsrin Müqaviləsi” neft müqavilələri ilə Azərbaycanın iqtisadi müstəqilliyini də qazandı. Xalq öz dahi liderini daim dəstəkləyib, onun apardığı mübarizədə daim yanında olub. Ümummilli Lider Heydər Əliyev bütün sahələrdə müstəqil Azərbaycanın uğurlarının bünövrəsini qoydu və ən nəhayət, siyasi varis olaraq, Cənab Prezident İlham Əliyevin xalqa rəhbər kimi yetişdirilməsi ilə dahi lider, Ulu Öndər dövlətçiliyin əbədi qorunmasını təmin etdi. Xalq tərəfindən Ümummilli Lider olaraq qəbul edilən Heydər Əliyevin 15 iyun 1993-cü ildəki hakimiyyətə yenidən qayıdaraq xalqını, vətənini, dövləti xilas etməsi Qurtuluş günü kimi qeyd olunur. Xalq Ulu Öndəri müasir Azərbaycan dövlətçiliyinin xilaskarı kimi ehtiramla qəbul edir və onun əziz xatirəsini uca tutur və tutacaqdır. Bu gün dünyada Azərbaycanın nüfuzunu artması, regional gücə çevrilməsi məhz Ümummilli Liderin təməlini qoyduğu siyasətin bəhrəsidir. Məhz buna görə Azərbaycan xalqı Ulu Öndərin dövlətçiliyimiz üçün etdiyi bütün fədakarlıqları və əzmkarlığı daim minnətdarlıqla yad edir və onun qoyduğu siyasətin davamı üçün Prezident İlham Əliyevin apardığı siyasəti ətrafında möhkəm təməllər üzərində birləşibdir. Ümummilli Liderimizə Allah rəhmət eləsin. Azərbaycan xalqı, Azərbaycan var olduqca onun əziz xatirəsi daim ehtiramla yad ediləcəkdir”.