“Türk-müsəlman dünyasının Böyük Oğlu“ - MÜNASİBƏT

9 Dekabr 2021 10:15 (UTC+04:00)

“Dekabrın 12-si ümümmilli lider Heydər Əliyevin anım günüdür. Heydər Əliyevin tariximizdə vətəndaşlıq hüququ alan xidmətlətini sizinlə bölüşmək istəyirəm”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Anar İsgəndərov bildirib.

Onun sözlərinə görə, Heydər Əliyev 1969-cu ildə Azərbaycanda hakimiyyətə gəldi: “Bununla, Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövrü başlandı. O, 1976-cı ildə Sov.İKP MK Siyasi Büro üzvlüyünə namizəd ,1982-ci ildə Sov.İKP MK Siyasi Büronun üzvü seçildi. Eyni zamanda SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini təyin edildi. Azərbaycandan Sovet dövləti tarixində ən yüksək vəzifəni Heydər Əliyev tutmuşdur.
15 müttəfiq respublikanın 6-sı türk-müsəlman kökənli idi.(Tacikistan türk kökənli olmasa da əhalisi müsəlman idi).
Özbəkistanın rəhbəri Şərəf Rəşidov Siyasi Büro üzvlüyünə namizədlikdən yuxarı qalxa bilmədi. Qazaxıstanın birinci katibi Dinməhəmməd Kunayev Siyasi Büronun üzvü seçilsə də, Sovet dövlətinin idarəçiliyinə cəlb edilmədi. Qazaxıstanı idarə edir və Siyasi Büronun iclaslarına qatılırdı. Yalnız Heydər Əliyev yeganə türk-müsəlman idi ki, nəhəng Sovet dövlətini idarə edənlərdən biri oldu. Türk-müsəlman xalqlarına qarşı ayrıseçkilik siyasətinin yeridildiyi şəraitdə SSRİ kimi nəhəng dünya dövlətinin ali rəhbərliyinə yüksəlməklə Heydər Əliyev dövlət idarəçiliyi sahəsində yüksək bacarığını tam şəkildə nümayiş etdirə bildi.

Heydər Əliyevin Azərbaycan tarixindəki xidmətlərini aşağıdakı kimi səciyyələndirmək olar: Bütün hakimiyyəti dövründə bir qarış Azərbaycan torpağı kənara verilməmişdir.
1969-cu ildə Azərbaycan Dövlət Universitetinin (BDU) 50 illik yübileyində məruzəni Azərbaycan dilində etdi. (Bu həmin dövr üçün qeyri-adi hadisə idi). Azərbaycan dilinin Azərbaycan SSR-in dövlət dili olması haqqında maddənin respublika konstitusiyasına salınması, Azərbaycanda sovet dönəmində ilk hərbi məktəbin açılması, Azərbaycanlı tələbələrin SSRİ-nin ən nüfuzlu ali məktəblərinə göndərilməsi, Azərbaycanın aqrar ökədən sənaye-aqrar ölkəsinə çevrilməsi, Bakı Dərin Özüllər zavodunun əsasının qoyulması, Müstəqil Azərbaycan dövlətinin Konstitusiyası, Azərbaycan Xalq Cümhuriyyətindən yadigar qalan üç rəgli bayrağın ilk dəfə Naxçıvanda dövlət bayrağı kimi qaldırılması, Bakı neftini dünya bazarına çıxarmaq üçün bağlanan “Əsrin müqaviləsi”, Azərbaycanda torpaqların kəndlilərə verilməsi, Azərbaycanda çoxsaylı ali hərbi məktəblərin təşkil edilməsi, Naxçıvanın ağır blokada şəraitindən çıxarılması, Təcavüzkar Ermənistanla atəşkəs sazişinin imzalanması, Yeni Azərbaycan Partiyasının təsis edilməsi, Azərbaycanın Müstəqil Dövlətlər Birliyinə üzv qəbul olunması, 31 Martın azərbaycanlıların soyqırımı günü kimi təsbit edilməsi, Azərbaycanlıların Ermənistan SSR-dən deportasiya edilməsi haqqında fərmanın verilməsi, Sovet qoşunlarının 1990-cı ilin 20 yanvarında Bakıda törətdiyi qanlı qırğınla əlaqədar Moskvada Azərbaycanın daimi nüməyəndəliyində cəsarətli bəyanatla çıxışı;
Azərbaycanda ölüm hökmünün ləğv edilməsi, Azərbaycanda senzuranın ləğv edilməsi, Bir millət, iki dövlət ideyasının elmi və siyasi cəhətdən əsaslandırması və s”.

Deputat həmçinin qeyd edib ki, Heydər Əliyevin Azərbaycan tarixində xidmətləri kifayət qədərdir: “Azərbaycan öz dövlət müstəqilliyini bərpa edən ərəfədə Ermənistanın təcavüzünə məruz qaldı. Torpaqlarımızın 20 faizi Ermənistanın hərbi birləşmələri tərəfindən işğal olundu. Heydər Əliyevin uğurlu diplomatiyası nəticəsində dünyanın demokratik dövlətlərinin və nüfuzlu beynəlxalq təşlilatlarının Azərbaycana, onun zorla cəlb olunduğu silahlı münaqişəyə münasibəti əsaslı surətdə dəyişdi. ATƏT-in Lissabon sammitində bu beynəlxalq təşkilatın 54 üzvündən 53-ü (Ermənistandan başqa) Dağlıq Qarabağ probleminin həllində Azərbaycanın milli maraqlarına uyğun prinsipləri açıq şəkildə müdafiə etdi.
Hazırda Ermənistanın təzavüzünə qarşı mübarizə Heydər Əliyev siyasətinin ardıcıl davamçısı , Azərbaycanın dövlət başçısı İlham Əliyev tərəfindən uğurla aparılır. Ermənistanın təcavüzkar siyasətinin kəskin tənqidi, Azərbaycanın haqq işinin nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən müdafiə olunması , güclü orduya malik olmağımız, çoxmilyonlu xalq tərəfindən dövlətin siyasətinə hərtərəfli dəstək 2020-ci ilin senyabrın sonlarında Azərbaycanın öz ərazi bütövlüyünü təmin etmək üçün Vətən müharibəsini başlamağa məcbur etdi.
44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü təmin edə bildi, düşməni darmadağın edərək onu danışıqsız bəyanata imza atmağa məcbur etdi.
Ümummilli lider Heydər Əliyevin böyük dövlətçilik siyasəti dövlət başçısı,Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Qarabağ Azərbaycandır!”.