Qlobal təşəbbüslər müəllifi ŞƏRH

8 Dekabr 2021 17:25 (UTC+04:00)

Prezident İlham Əliyevin əməkdaşlıq və həmrəyliyə xidmət edən təşəbbüsləri beynəlxalq səviyyədə təqdir edilir

Bu gün Azərbaycanın həm iqtisadi potensialı, həm beynəlxalq nüfuzu ölkəmiz üçün yeni imkanlar yaradır. Ümumiyyətlə, müstəqil Azərbaycanın dünyada böyük etimad qazanması, güclü və nüfuzlu dövlət olaraq etibarlı tərəfdaş kimi tanınması xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır. Qürur hissi ilə qeyd etmək lazımdır ki, Ümummilli Liderin əsasını qoyduğu bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilib, Azərbaycan söz və nüfuz sahibi kimi qlobal proseslərdə aktiv mövqeyi ilə seçilib. Xüsusilə də, uğurlu xarici siyasət Azərbaycanın beynəlxalq mövqeyinin daha da möhkəmlənməsini, nüfuzunun davamlı olaraq artmasını təmin edib. İnkaredilməz faktdır ki, son 18 ildə Azərbaycan söz və nüfuz sahibi kimi qlobal proseslərdə aktiv mövqeyi ilə seçilir. Xüsusilə də Prezident İlham Əliyevin müstəqil siyasəti Azərbaycanın beynəlxalq mövqeyinin daha da möhkəmlənməsini, nüfuzunun davamlı olaraq yüksəlməsini təmin edib. O cümlədən bu gün bütün dünyanı ağuşuna alan pandemiyaya qarşı mübarizədə də uğurlu addımlar atıb və bu gün də mühüm məsələlərlə bağlı mühüm addımlar atmaqdadır. Belə ki, Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycanı pandemiya ilə mübarizə sahəsində nümunəvi ölkə adlandırması ölkəmizin beynəlxalq nüfuzundan xəbər verir. Xüsusilə, Azərbaycanın pandemiya ilə mübarizə tədbirlərini özünün maliyyə resursları hesabına həyata keçirməsi dövlətimizin iqtisadi potensialının göstəricisidir. Koronavirus pandemiyasının müşahidə edildiyi ilk gündən Prezident İlham Əliyev tərəfindən qlobal əhəmiyyətə malik təşəbbüslər ortaya qoyulub, regional və beynəlxalq səviyyədə resursların səfərbər olunması zərurəti dünya ictimaiyyətinin diqqətinə çatdırılıb. Bu mütərəqqi ideya və təşəbbüslərin beynəlxalq səviyyədə böyük maraqla və rəğbətlə qarşılanması isə Azərbaycana olan inam və etimadın daha bir bariz nümunəsidir.

Bununla yanaşı, ölkəmiz tərəfindən Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə yardımı, 30-dan artıq ölkəyə koronavirusla mübarizənin dəstəklənməsi üçün humanitar və maliyyə yardımı edilməsi, dörd ölkəyə təmənnasız olaraq 150 min doza vaksin göndərilməsi Azərbaycanın pandemiya ilə mübarizədə qlobal həmrəyliyin tərəfdarı olduğunun göstəricisidir.

Xüsusi olaraq qeyd edək ki, Prezident İlham Əliyev beynəlxalq kürsülərdən “peyvənd millətçiliyi”ni açıq tənqid edilməsi bir çox inkişaf etmiş ölkələrə verilmiş mesajdır.

"Biz “peyvənd millətçiliyi”nin qəti şəkildə əleyhinə olduğumuzu daim vurğulayırıq"

Prezidenti İlham Əliyev Aşqabadda İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Toplantısında çıxışında bildirib ki, Azərbaycan cari ilin yanvar ayının ortalarından peyvəndlənmə kampaniyasına başlamışdır. Dövlət başçısı deyib ki, ölkədə yetkin əhalinin 60 faizdən çoxuna iki doza peyvənd vurulub: “Bu günə qədər ölkədə COVID-dən əziyyət çəkmiş insanlara və biznes subyektlərinə təqribən 3 milyard ABŞ dolları həcmində sosial-iqtisadi dəstək paketi təqdim edilib. 2022-ci ildə həmin məqsədlərə dövlət büdcəsindən 1,6 milyard ABŞ dolları həcmində maliyyə dəstəyi paketi ayrılacaq”.

Prezident Azərbaycanın pandemiya ilə mübarizə sahəsində qlobal səylərin səfərbər edilməsi üçün mühüm addımlar atdığını nəzərə çatdırıb: “Biz “peyvənd millətçiliyi”nin qəti şəkildə əleyhinə olduğumuzu daim vurğulayırıq. Bu il Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın təşəbbüsü ilə BMT-nin İnsan Hüquqları Şurası və BMT Baş Assambleyasında bütün ölkələr üçün peyvəndlərdən istifadə məqsədilə bərabər imkanların təmin olunmasına dair qətnamələr qəbul edilib. Bundan əlavə, Azərbaycan koronavirusla mübarizəni dəstəkləmək məqsədilə 80-ə yaxın ölkəyə birbaşa və Ümumdünya Səhiyyə Təşkilatının xətti ilə maliyyə və humanitar yardımı edib”.

Bir sözlə, kasıb ölkələr arasında peyvəndlərə çıxışla bağlı getdikcə dərinləşən qeyri-bərabərliyə qarşı mübarizə davamlı olaraq Qoşulmama Hərəkatının sədri olan Azərbaycan Prezidenti cənab İlham Əliyevin hər zaman gündəliyində olub. Bütün bunlar bir daha Prezident İlham Əliyevin təkcə Azərbaycanda deyil, dünya siyasətində özünəməxsus yeri olduğunu göstərir. Bu Azərbaycanın qlobal səviyyədə təhlükəsizliyin və sağlamlığın qorunması istiqamətində bir töhfəsidir. Dünya əhalisinin belə çətin bir vaxtda peyvəndlənlərə çıxış imkanlarının genişləndirilməsi, dövlətlər arasında bərabərsizliyə son qoyulması ilə bağlı həyata keçirilən mühüm bir addımdır. Eyni zamanda, 171 ölkə bu qətnamənin lehinə səs verib. Qətnamənin əleyhinə səs verən dövlət olmayıb. Çünki bu bütün dünyanı narahat edən bir məsələdir. Maraqlıdır ki, qətnamənin müzakirəsi zamanı bitərəf qalan yeddi ölkədən biri Ermənistandır. Cənubi qafqaz regionunda ən az peyvəndlənmə səviyyəsinə malik olan Ermənsitan bu məsələdə bitərəfliyini nümayiş etdirdi. Qeyd etmək lazımdır ki, Ermənistan bütün məsələlərdə hətta humanitar aspektdə olan məsələlərdə də Azərbaycanın qlobal çağırışlarına və nailiyyətlərinə qısqanclıqla yanaşır və bütün qlobal təşəbbüslərin qarşısının alınmasında səy göstərir. Hətta ötən ilin dekabrında COVİD-19-a qarşı BMT Baş Assambleyasında müzakirələrin keçirilməsi ilə bağlı Azərbaycanın qlobal təşəbbüsünə qarşı Ermənistan öz fikrini ifadə etmişdi.

Ümumilikdə, bütün bu reallıqlar bir daha göstərir ki, Azərbaycan bütün dünyada gedən prosseslərə biganə deyil və bütün dünya əhalisinin təhlükəsizliyinin, sağlamlığının, insanların rifahının qorunması istiqamətində fəaliyyət göstərir. Eyni zamanda nəzərə almaq lazımdır ki, Azərbaycan Ümumdünya səhiyyə təşkilatına, Qoşulmama Hərəkatının üzv dövlətlərinə peyvəndlər ianə etmişdir və həmin dövlətlər daima Azərbaycanın yanında olduğunu nümayiş etdiriblər. Biz bunu Vətən Müharibəsində, BMT Təhlükəsilzik Şurasında keçirilən müzakirələrdə də şahidi olduq və bu Azərbaycanın beynəlxalq mövqeyinin bir qədər də güclənməsinə xidmət göstərən addımlar sırasında qeyd olunur.

Cari ilin yanvarın 18-dən Azərbaycan regionda ilk ölkələrdən biri olaraq peyvəndləməyə başlamışdır. Bu vaxta qədər yaşı 18-dən yuxarı olan əhalinin 60 faizindən çoxu iki dozanı alıb. Nisbətən qısa müddət ərzində ümumi çarpayı sayı 4 min olan 13 yeni dövlət xəstəxanası açılmışdır. Azərbaycanda əsasən iki peyvənddən istifadə olunur. “Sinovac” və “Pfizer”dən və peyvəndləmə səviyyəsi yüksəkdir. Bu cür nəticələrin əldə olunması dövlət siyasəti sayəsində mümkün olmuşdur. Azərbaycan xalqı peyvəndləmənin vacibliyini anlayır və bu işləri xeyli asanlaşdırır.

Beləliklə, Prezident İlham Əliyev üçün dünya ölkələri və bütövlükdə bəşəriyyət üçün olduqca həssas bir dönəmdə çox mühüm təşəbbüslərlə çıxış edir, Azərbaycanın nümunəvi təcrübəsini bölüşür və liderlik keyfiyyətini nümayiş etdirir. Başqa sözlə, qətiyyətli Liderin rəhbərlik etdiyi qüdrətli Azərbaycan bir daha qlobal taleyüklü məsələdə öz fəal rolu və liderlik missiyası ilə fərqlənir.

Təyyar Eyvazov: “Azərbaycanda COVID-19-la əlaqədar sanitar-epidemioloji vəziyyət yaxşıdır”

Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov bildirib ki, hazırda ölkədə koronavirusla əlaqədar sanitar-epidemioloji vəziyyət yaxşıdır: «Bunu aparılan yoluxma saylarında görürük. Dünyanın müxtəlif ölkələrində yoluxma statistikasına nəzər salsaq görərik ki, Azərbaycanda yoluxma sayının 100 civarında olması, bəzən isə ikirəqəmli ədədlərə düşməsi ondan xəbər verir ki, proses nəzarət altındadır. Bunu nəzərə alan Nazirlər Kabineti yanında Operativ Qərargah iki həftə əvvəl bir sıra məhdudiyyətlərin yumşaldılması barədə qərar verdi. Proses belə davam etsə, digər məhdudiyyətlərin də yumşaldılması tətbiq olunacaq və yaxın vaxtlarda normal həyata qayıda biləcəyik.

Bəli, Azərbaycan dövləti hər zaman bütün sahələrdə öz sözünü deyir. Çünki Azərbaycan Prezidentinin fəaliyyətinin əsas qayəsi xalqa və dövlətə sədaqətli, layiqli xidmət prinsipi üzərində qurulmuşdur. Əminliklə demək olar ki, Azərbaycan xalqını uğurlu gələcəyə aparan bu siyasət növbəti illərdə də davam etdiriləcək, respublikamız Prezident İlham Əliyevin rəhbərliyi ilə gələcəyə doğru inamla addımlayacaq və dövlət başçımızın dediyi kimi – «Əminəm ki, dövlətimiz və xalqımız bu sınaqdan da üzüağ çıxacaq”.

RƏFİQƏ HÜSEYNOVA