“Azərbaycana zəfər, Azərbaycan xalqına qələbə yaraşır!” - PARTİYA SƏDRİ ŞƏRH ETDİ

8 Dekabr 2021 15:18 (UTC+04:00)

“Qarabağ zəfəri xalqımızın şanlı tarixidir”. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova deyib.

Partiya sədrinin sözlərinə görə, 2020-ci il dekabrın 10-da keçirilmiş Zəfər paradı Azərbaycan xalqının həyatında mühüm rol oynadı.

“Hesab edirəm ki, həmin tarixi paradla biz şəhidlərimizin ruhuna sayqını, hörməti nümayiş etdirmiş olduq. Bu isə müqəddəs bir amaldir. Zəfər bayrağımızın dalğalandığı hər yer Azərbaycan xalqının illərdir çəkdiyi acı və zülm üzərindəki qələbəsi idi. Azərbaycan hər gün inkişaf edir. Azərbaycan bundan sonra sadəcə inkişaf edəcək. Bu sözü cənab Prezident İlham Əliyev də, öz çıxışı zamanı təsdiqləyib. Azərbaycan bütün dünyaya özünün müstəqil, nüfuzlu, iradəli və qətiyyətli bir dövlət olduğunu sübut etdi. Azərbaycan Ordusu bütün dünyaya gücünü sübut etdi. Azərbaycan xalqı həmrəyliyini, dəmir yumruq kimi cənab Prezidentin ətrafında birləşə bildiklərini göstərdi.

Dövlət rəbərinin apardığı siyasət isə nəinki Azərbaycanın inkişafından xəbər verir, digər tərəfdən beynəlxalq təşkilatların falşfəaliyətlərini ifşa edir. Status-Kvoya son qoyuldu və bu da regionda bir sıra dövlətlərin silah ticarəti üçün nəzərdə tutduqları Qarabağ münaqişəsinin qaynar nöqtə olmasına son qoydu. Azərbaycan bölgədə sülh, barış və sabitliyin təmin olunması üçün həm diplomatik baxımdan, həm hərbi baxımdan öz gücünü və müdrük siyasətini göstərməyə müvəffəq oldu. Bu tendensiya danılmaz faktdır. Bu gün artıq Azərbaycan nəinki Qarabağ məsələsini həll etdi, bu gün Azərbaycan artıq Zəngəzurdan danışır. Artıq danışıqlar masasında Qarabağ yox, Zəngəzur var. Bu fakt özü özlüyündə Azərbaycanın diplomatiyadakı böyük zəfəridir. Hesab edirəm ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə atılan hər bir addım Azərbaycanı sadəcə və sadəcə irəliyə aparacaqdır. Azərbaycan daim inkişaf edəcəkdir. Düşünürəm ki, Azərbaycanın tarixində hələ 2020-ci il dekabrın 10-da keçirilmiş Zəfər paradlarından hələ çox olacaq. Çünkü Azərbaycana zəfər, Azərbaycan xalqına qələbə yaraşır!”, deyə Əsli Kazımova vurğulayıb.

Partiya sədri eyni zamanda Azərbaycan Ordusunun əldə etdiyi hərbi qənimətlərin də, nümayiş olunmasının müzəffər ordumuzun uğurunun göstəricisi olduğunu qeyd edib.

“ Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda 27 sentyabr - 10 noyabr 2020-ci il tarixlərində 44 gün davam edən Vətən müharibəsi zamanı müzəffər Azərbaycan ordusunun işğalçı Ermənistanı döyüş meydanında məğlub etməsi nəticəsində düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qisminin və Ermənistan ordusu tərəfindən qurulmuş müdafiə sədlərinin nümayiş olunması əslində məğlub Ermənistanın imzaladığı kapitulyasiya aktının nümayiş olunmasına bərabərdir. Hesab edirəm ki, Qarabağ Zəfəri, Müzəffər Azərbaycan Ordusunun əldə etdiyi qələbə və hərbi qənimətlər bir daha cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan “Dəmir Yumruq” əməliyyatının tövhələridir”, deyə partiya sədri əlavə edib.

Daha sonra Qarabağ Zəfərinin qazanılmasında Azərbaycan və Türkiyə qardaşlığının, dostluğunun sarsılmaz olmasını vurğulayan Ə.Kazımova, bu qardaşlığın daim olacağına heç bir şübhə olmadığını ifadə edib.

“Azərbaycan və Türkiyə əsgərlərinin paradda bərabər addımlaması, nəinki işğalçı Ermənistana, illərdir ikili standartlar tətbiq edən beynəlxalq ictimaiyyətə əsaslı bir mesaj kimi dəyərləndirilməlidir. Bu tendensiya Azərbaycan üçün çox önəmlidir”, deyə Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova bildirib.