"Gürcü ictimaiyyəti Heydər Əliyevin xatirəsini həmişə əziz tutur"

8 Dekabr 2021 08:36 (UTC+04:00)

Bu günlər Azərbaycan xalqı ümummilli lideri Heydər Əliyevi ehtiramla anır. Bu tarixi şəxsiyyətin xidmətlərini gürcü ictimaiyyəti də yaxşı xatırlayır və onun xatirəsini həmişə əziz tutur.

SİA xəbər verir ki, bu sözləri gürcü politoloq Tengiz Txilava söyləyib.

O deyib: “Ötən əsrin 90-cı illərini yaxşı xatırlayırıq. O illərdə Azərbaycanda və Gürcüstanda əsl anarxiya və xaos idi. Heydər Əliyevin hakimiyyətə qayıdışından və “Əsrin müqaviləsi” deyilən böyük layihənin həyata keçirilməsindən sonra regionda yeni bir era başladı.

Qərb tərəfdaşları da məhz Heydər Əliyevin sözünə inandılar və bununla da böyük risklərə baxmayaraq çox böyük əməkdaşlıq başladı.

Eyni zamanda, o vaxt Azərbaycanın karbohidrogen ehtiyatlarının məhz Gürcüstan ərazisindən keçməklə Qərbə daşınması haqqında Heydər Əliyevin qətiyyətli qərarı ilə Azərbaycan-Gürcüstan münasibətlərində yeni tarixi dövr başladı. Ənənəvi dostluq və mehriban qonşuluq münasibətlərimiz strateji tərəfdaşlıqla daha da möhkəmləndi.

Bu qərarın reallaşması üçün Heydər Əliyev bir çox maneələri dəf etdi.

Bu gün Heydər Əliyevin Gürcüstanın müasir tarixinə verdiyi töhfəni xatırlayanda belə qənaətə gəlmək olar ki, onun xidmətləri bir çox gürcü siyasətçilərinin verdiyi töhfələrdən qat-qat çoxdur.

Məhz buna görə də, gürcü ictimaiyyəti Gürcüstanın böyük dostu kimi Heydər Əliyevi ehtiramla anır və onun şəxsiyyətinə dərin hörmət bəsləyir”.