BMT İrəvanı azərbaycanlılara qarşı irqi nifrətin qarşısını almağa çağırıb

7 Dekabr 2021 20:55 (UTC+04:00)

BMT-nin Haaqada Beynəlxalq Məhkəməsi azərbaycanlılara qarşı irqi nifrətin qızışdırılmasının qarşısını almaq üçün Ermənistandan tədbirlər görməyi tələb edib. SİA xəbər verir ki, bu barıdı məhkəmənin sədri Coan Donoqu bəyan edib və iclas məhkəmənin internet saytında yayımlanıb.

“Ermənistan irqi ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında beynəlxalq konvensiya üzrə üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq, öz ərazisindəki təşkilatlar və şəxslər də daxil olmaqla, azərbaycanlılara qarşı irqi nifrətin qızışdırılması və təhrikinin qarşısını almaq üçün bütün zəruri tədbirləri görməlidir”, deyə Ermənistanın irqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında konvensiyanı pozması ittihamı ilə Bakının İrəvana qarşı iddiası üzrə qərarı elan edən hakim bildirib.

Qeyd edək ki, Ermənistan sentyabrın 16-da BMT-nin Beynəlxalq Məhkəməsinə müraciət edərək, Azərbaycanı ermənilərə qarşı irqi ayrı-seçkilikdə ittiham edib. İddia ərizəsində qeyd olunub ki, Azərbaycan “ermənilərə qarşı nifrət siyasətini dəstəkləyib, bunun nəticəsində onlar ayrı-seçkiliyə, qırğınlara və işgəncələrə məruz qalıblar”. İrəvan iddiasında "gələcək zərərin qarşısını almaq və artıq vurulmuş zərərin ödənilməsi üçün İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiyanı pozduğuna görə Azərbaycanı məsuliyyətə cəlb etməyi" tələb edib. Oktyabrda Ermənistan nümayəndəsi İrəvanın Bakıya qarşı iddiasına baxan BMT-nin Haaqadakı Beynəlxalq Məhkəməsini irqi ayrı-seçkiliyə məruz qalan ermənilərin hüquqlarını qorumaq üçün Azərbaycana qarşı tədbirlər görməyə çağırıb. Hansı tədbirlərin müzakirə olunduğu açıqlanmayıb.

Onu da diqqətə çatdıraq ki, Ermənistanın iddia qaldırmasından bir həftə sonra Azərbaycan şikayət edib. Bakı da iddiasında İrəvanı irqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında Beynəlxalq Konvensiyanı pozmaqda ittiham edib. Bundan başqa, Bakı iddia ərizəsində ötən ilin payızında gərginləşən Dağlıq Qarabağ münaqişəsini qeyd edib. Şikayətdə bildirilir ki, Ermənistanın apardığı “etnik təmizləmə” siyasəti və azərbaycanlılara qarşı etnik ədavətin qızışdırılması onların hüquq və azadlıqlarını sistemli şəkildə pozur.

Göründüyü kimi, BMT-nin Haaqada Beynəlxalq Məhkəməsi Ermənistan tərəfinin deyil, Azərbaycanın qaldırdığı iddianı haqlı hesab edib. Nəticədə BMT İrəvanı bu məsələdə də günahkar hesab edib və azərbaycanlılara qarşı irqi nifrətin qarşısını almağa çağırıb. Sözsüz ki, sözügedən məhkəmə hansı tərəfin haqlı olduğunu müəyyən edə bilib və Azərbaycanın haqlı olduğu qənaətinə gəlib.