AXCP və Müsavat Rəsul Quliyevin “qayıdışından” narahatdırlar TƏRS BAXIŞ

7 Dekabr 2021 16:14 (UTC+04:00)

GAP sədri Ağasif Şakiroğlu: “Bəzi boşboğaz partiyalar kimi yalnız danışmaqla kifayətlənəcəyəm?”

Artıq bir neçə gündür ki, sabiq spiker, Gələcək Azərbaycan Partiyasının (GAP) lideri Rəsul Quliyevin Bakıya geri qayıdışı ilə bağlı fikirlər səslənməkdədir. Elə onun özü də bir neçə dəfə sosial şəbəkələrdə yazdığı statuslarında Azərbaycana geri dönəcəyi ilə bağlı şərhlər yazıb. Bu arada, GAP-ın sədri Ağasif Şakiroğlu mətbuata açıqlamasında bildirib ki, Rəsul Quliyevin Azərbyacana gəlişində hər hansı bir problem yoxdur və sabiq spikerin qayıdışının daha bir məqsədi iqtidarla müxalifətin ortaq dialoq nöqtəsinə gəlmək maraqlarının olmasıdır: “Bunun istinad nöqtəsi kimi 2020-ci il başlamış müxalifət-iqtidar münasibətləri dayanır. Bu gün sivil müxalifət-iqtidar münasibətləri formalaşmaqdadır. Rəsul müəllim bu kontekstdən çıxış edərək fikirlərini ifadə edir. Düşünür ki, sivil müxalifət-iqtidar münasibətlərinin formalaşması onun ölkəyə gəlişinə hər hansı maneə yaratmır”.

AXCP sədri Əli Kərimlinin, Müsavat başqanı Arif Hacılının nəzarətində olan sosial şəbəkə trolları GAP-ın lideri Rəsul Quliyevin qayıdışı planına qarşı müxtəlif kampaniyalar start verirlər

GAP sədrinin sözlərindən də belə nəticəyə gəlmək olar ki, əslində, onun lideri Rəsul Quliyev radikal müxalifətçilik tendensiyalarını qəbul etmir və bu cür siyasi mübarizəni gərəksiz hesab edir.

Yalnız konstruktivlik və sivil siyasi rəqabət sayəsində ölkədə normal siyasi münasibətləri düzənə salmaq olar. Radikalizmdən əl çəkə bilməyən AXCP, Müsavat və s. bənzər partiyalar isə artıq öz dövranlarını çoxdan sürüblər və xalq arasında, ictimai rəydə heç bir nüfuza, dəstəyə layiq görülmürlər.

Əbəs deyil ki, artıq AXCP sədri Əli Kərimlinin, Müsavat başqanı Arif Hacılının nəzarətində olan sosial şəbəkə trolları GAP-ın lideri Rəsul Quliyevin geri qayıdışı planında narahatlıqlarını gizlədə bilmirlər, müxtəlif kampaniyalar start verirlər.

Onlar, daha dəqiq desək, trolların rəhbərləri, radikal müxalifətin partiya sədrləri yaxşı bilirlər ki, zamanında “Milli Şura”da onlarla müəyyən sirrləri bölüşən sabiq spikerin bugünə qədər açıqlamadığı, demədiyi məsələlər var və onları hər zaman ifşa edə bilər. Bu baxımdan da müəyyən əngəllər yaratmağa cəhdlər göstərirlər.

GAP sədri: “Ola bilər ki, Rəsul müəllim 10-15 günlüyə ölkəyə gələr...”

Maraqlıdır ki, Rəsul Quliyev Azərbaycana gəlişinin birdəfəlik olmadığını da etiraf edib və deyib ki, səfər müddəti 10-15 gün çəkə bilər. Bunu GAP-ın sədri Ağasif Şakiroğlu da deyir və liderinin uğursuz siyasət aparmaq istəmədiyini bildirir.

O, məhz AXCP və Müsavatın rəhbərlərinə - Əli Kərimliyə və Arif Hacılıya eyham vuraraq Rəsul Quliyevin düşüncələrini belə ifadə edib: “Özü (yəni Rəsul Quliyev) bildirir ki, ölkəyə gəlsəm, nə işlə məşğul olacam? Bəzi boşboğaz partiyalar kimi yalnız danışmaqla kifayətlənəcəyəm? Hesab edir ki, vətəndən uzaqda vətənə daha çox xeyir verir. Ola bilər ki, Rəsul müəllim 10-15 günlüyə ölkəyə gələr, görülən işlərlə tanış olar, əsgərimizin işğaldan azad etdiyi vətən torpaqlarına səfər edə bilər. Hələlik isə belə bir məsələ gündəmdə yoxdur”.

Göründüyü kimi, ölkə daxilindəki siyasi müxalifətin də çalarları dəyişir və illərdir radikal siyasət aparan cinahların da əksəriyyəti sivilliyə önəm verməyi daha üstün tuturlar. Lakin radikalizm siyasətində qalanlar hələ də “bəlkə də qaytardılar” utopiyası altında ömür sürməkdə davam edirlər. Hər halda, əgər Rəsul Quiyev Azərbaycana geri dönərsə, radikal müxalifətin cəhdləri boş qalacaq, hətta onların ifşaları üçün yeni imkanlar yaranacaq. Gözləyərik, görərik...

Rövşən RƏSULOV