“Azərbaycanın inkişafı, nailiyyətlərimiz Ulu Öndərin adı ilə bağlıdır” – KOMİTƏ SƏDRİ ŞƏRH ETDİ

7 Dekabr 2021 15:58 (UTC+04:00)

Böyük tarixi şəxsiyyətlərin doğum tarixi olur, onların ölüm tarixi yoxdur, onlar ölmürlər və Ülu Öndər Heydər Əliyev də məhz belə dahi, unudulmaz şəxsiyyətlərdən biridir və mən deyərdim ki, birincisidir. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.

Komitə sədri qeyd edib ki, Azərbaycanın inkişafı, Azərbaycan xalqının tərəqqisi, Azərbaycanın dünyada tanınması və bu günkü nailiyyətlərimiz məhz Ulu Öndərin adı, onun amalları, əməlləri ilə bağlıdır.

“Biz bir çox hallarda deyirik ki, Azərbaycan 1993-cü ildə ağır bəlalardan qurtuldu, Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtmaqla xalqı təcavüzdən, parçalanmaqdan, ölkəni bölünməkdən xilas etdi, amma mənim fikrimcə, Ümummilli Lider Heydər Əliyev iki dəfə Azərbaycanı böyük fəlakətlərdən, geriliklərdən qurtarıb. Ulu Öndər Heydər Əliyevin 1969-ci ildə ilk dəfə vəzifəyə gəlməsi zamanında, Azərbaycan Sovetlər dövründə ölkənin ən geridə qalmış, iqtisadi cəhətdən ən zəif respublikalarından biri idi. İnsanların həyat səviyyəsi də normal deyildi, çox aşağı səviyyədə idi, demək olar ki, kənd təsərrüfatı özünün böhranlı vəziyyətini yaşayırdı və artıq insanların gələcəyə ümidləri sarsılmışdı və Azərbaycan vətəndaşları üzlərini qonşu respublikalara tutur, orada iş yerləri axtarır və öz həyatlarını yaxşılaşdırmaq niyyətinə düşürdülər. Belə bir vaxtda Heydər Əliyev hakimiyyətə gəldi, Azərbaycan Komunist Partiyası Mərkzi Komitəsinin birinci katibi seçildi və az bir müddətdə Azərbaycan Sovetlər İttifaqının ən qabaqcıl respublikalarından birinə çevrildi. Xüsusilə, aqrar sahə, kənd təsərrüfatı sürətlə inkişaf etdirildi, regionlarda insanların həyat şəraiti yaxşılaşdırıldı. Nəinki kənd təsərrüfatı inkişaf etdirildi, Azərbaycan itifaqda bir sənaye respublikası kimi tanınmağa başladı, çoxsaylı zavodlar, fabriklər, sənaye müəssisələri açıldı. Əlbəttə ki, bu özü bir qurtuluş idi, insanların aclıqdan, yoxsulluqdan, ölkənin gerilikdən qurtuluşu idi.

Sözsüz ki, Ulu Öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələndə o ölkəni daha ağır bəlalardan qurtardı. Hərcmərclik, özbaşınalıq, silahlı qruplaşmalar ölkəni talan edirdi. Hakimiyyətsizlik insanların mənəviyyatını məhv etməkdə idi və belə bir bir çətin vaxtda Azərbaycan xalqı Ümummilli Lider Heydər Əliyevə üz tutdu, onu hakimiyyətə dəvət etdi və onun ikinci dəfə hakimiyyətə gəlişi ilə ölkə parçalanmadan, ərazilərinin daha böyük təcavüzə məruz qalınmasından xilas oldu. Əlbəttə ki, bu bir müdriklik, uzaqgörənlik, böyük siyasət tələb edirdi və bu xüsusiyyətlər Heydər Əliyevə xas idi. O, nəinki Azərbaycanda, ümumiyyətlə dünyada böyük siyasətçi, müdrik rəhbər kimi tanınırdı və bu xüsusiyyətlər əməli işdə tez bir zamanda özünü göstərdi, ölkədə hərcmərcliyin, silahlı birləşmələrin qarşısı alındı. Ulu Öndərin neft kontraktına imza atması ilə Azərbaycan iqtisadiyyatı özünün böhranlı vəziyyətindən çıxmasına nail oldu, tez bir zamanda artıq ölkə dirçəldi, ordu quruculuğunda, iqtisadiyyatda, idarəetmədə əsaslı dəyişikliklər baş verdi. Əlbəttə ki, bu siyasət bizim hörmətli Prezidentimiz tərəfindən davam etdirilməli idi və cənab İlham Əliyev də Ulu Öndərin siyasi kursunu davam etdirməklə bugünkü nailiyyətlərimizin, tanınmağımızın bir səbəbkarı, təşkilatçısı oldu.

Bu gün Azərbaycan iqtisadiyyatı, xüsusilə aqrar sahə, digər sahələr inkişaf etməkdədir və biz bu nailiyyətlərə nəzər salanda öncə bu uğurların əsasını qoyan insanı, Ulu Öndərimizi, Heydər Əliyevi xatırlayırıq. Çünki, o zamankı böyük layihələr, düşünülmüş proqramlar irəli sürülməsəydi, tərtib olunmasaydı, əlbəttə ki, bu günkü davamlı, möhkəm iqtisadiyyatdan danışmaq mümkün deyildi. Bütün nailiyyətlərimizin əsasında Ümummilli Lider Heydər Əliyevin müdrikliyi, onun ucalığı, onun uzaqgörənliyi durur. Tarix davam edir, biz uğurlarımızla fəxr edirik və hər an, hər dəqiqə Ulu Öndərin gördükləri işlər bizim yaddaşımızda, xatirəmizdə, əməllərimizdə, amallarımızda davam edir. Çünki, Ulu Öndər özünün nəcib arzuları əməlləri ilə elə bir möhkəm qala, elə bir möhkəm təməl qoyub ki, o heç zaman dağılan, uçulan, əyilən deyil. Azərbaycan xalqının, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan, cənab İlham Əliyevin, bizim müzəffər ordumuzun düşmən üzərində tarixi qələbəsi, dünyada qazandığımız nüfuz və hörmət bu gün bunu deməyə əsas verir. Çünkli, bu siyasət Ulu Öndər Heydər Əliyevdən gəlmədir, onun müdrik düşüncələrinin, arzularının davam etdirilməsidir və bunu bizim hörmətli Prezidentimiz çox böyük uğurla, çox böyük bacarıqla həyata keçirir. Azərbaycan xalqı üçün Heydər Əliyev cismən yoxdur, ancaq o Azərbaycan xalqının qəlbindədir və hər bir insanın ürəyində, əməlində, arzusunda daimi yaşayır. Çünki, Azərbaycan xalqının gələcəyi, Azərbaycan xalqının inkişafı, Azərbaycan xalqının öz sözünü deməsi, qüdrətini göstərməsi bilavasitə Ulu Öndərin o müdrik əməllərindən qaynaqlanır və elə bilirəm ki, bundan sonra da Heydər Əliyevin qoyduğu yol, tutduğu siyasi xətt hər bir Azərbaycan vətəndaşı üçün örnək olacaq. Allah Ulu Öndərimizə rəhmət eləsin. Azərbaycan xalqı nə qədər yaşayır, nə qədər Azərbaycan var, Heydər Əliyev də bizimlədir, bizimlə bir yerdədir, bizimlə bir çalışır, bizimlə bir mübarizə aparır və o mübarizənin ön cərgəsində birinci sırasındadır”, deyə Tahir Rzayev bildirib.