“Peşəkar media məkanı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır” MEDİA EKSPERTİ MÜNASİBƏT BİLDİRDİ

7 Dekabr 2021 15:51 (UTC+04:00)

“Bu gün inkişaf edən, region və dünya siyasətində öz xətti ilə sayılıb-seçilən Azərbaycan Respublikasının uğurlarının təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Respublikamızda Ulu Öndər Heydər Əliyevin imzası görünməyən, əməyi keçməyən hər hansı bir proses, hər hansı bir sahə yoxdur”. Media eksperti Müşfiq Ələsgərli “Səs” qəzetinə açıqlamasında bildirdi.

Onun sözlərinə görə, siyasi, iqtisadi, sosial, humanitar mövzularda danışarkən, bu sahələrdəki inkişafı müzakirə edərkən istənilən halda Ulu Öndər Heydər Əliyevin adını çəkirik, onun əməyini, zəhmətini qeyd edirik: “İstər sovet hakimiyyəti zamanı, istərsə də müstəqillik dövründə Ümummilli Lider Heydər Əliyev daim öz doğma Azərbaycanına ləyaqətlə xidmət edib, ölkəni güclü elmi-texniki potensiala malik, dinamik inkişaf edən sənaye dövlətinə çevirib. Ölkəmizin sosial-iqtisadi və mədəni tərəqqisini təmin edib, milli-mənəvi dəyərlərin, adət-ənənələrin qorunması, milli elitanın formalaşdırılması, sağlam və intellektul gənc nəslin yetişdirilməsi istiqamətində misilsiz nailiyyətlər qazanıb. Bu gün Azərbaycanda mövcud olan peşəkar media məkanı, demokratik informasiya mühiti də Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Onun imzası ilə ölkəmizdə senzura ləğv edilib, demokratik rujlu KİV qanunu qəbul edilib, mediaya özünütənzimləmə status verilib. Yəni, Ümumilli Lider həm dünya, həm də Azərbaycan tarixində öz adını elə həkk edib ki, onu xatırlamamaq mümkün deyil.

Allah Ulu Öndərimizə rəhmət eləsin. Azərbaycan Respublikası, Azərbaycan xalqı var olduqca, Ümummilli Lider Heydər Əliyevin adı xatırlanacaq, əbədiləşdiriləcək”.