Rusiya keçmiş xarici işlər naziri: “Azərbaycan sübut etdi ki, vədinə əməl etməyi bacarır” - MÜSAHİBƏ

7 Dekabr 2021 15:30 (UTC+04:00)

Rusiya xarici işlər nazirinin keçmiş müavini (1990-1991) Andrey Fyodorov noyabrın ortalarında Rusiya nümayəndə heyətinin tərkibində Bakıda və Ağdamda olub. Səfərin məqsədi iki dövlətin yaratdığı yeni strukturun- Rusiya-Azərbaycan Ekspert Şurasının iclasında iştirak etmək olub. “Moskva-Bakı”ya müsahibəsində Fyodorov regionda yaranmış vəziyyət və gedən proseslərlə bağlı fikirlərini bildirib. Müsahibəni oxucularımıza təqdim edirik.

- Rusiyanın Qarabağ nizamlanmasına yanaşmasını necə qiymətləndirirsiniz? Mən keçən ilin noyabrında Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatı və sonrakı razılaşmalarında qeyd olunan məqamları nəzərdə tuturam...

- Rusiya olmasaydı, əslində, nizamlanma qeyri-mümkün olardı. Amma indi ən əsası bir il əvvəl üçtərəfli sazişin imzalanması deyil, indi ən vacib olan sazişlərin qeyd-şərtsiz icrasını təmin etməkdir. İcra üçbucaq daxilində aparılmalıdır. Rusiya isə yaxşı nəzarətçi rolunu saxlamalıdır- bütün razılaşmaların vaxtında və tam şəkildə yerinə yetirilməsinə aydın şəkildə nəzarət etməlidir.

Rusiya təbii ki, bir il ərzində Qarabağ üzrə əsas vasitəçi statusunu təsdiqləməyi bacardı. Ən əsası odur ki, biz məsuliyyət götürmüşük və nəzərdə tutulan addımları atırıq. Biz dürüst davranırıq- hər iki tərəfə qarşı. Bəlkə də bu, prosesdə gələcək irəliləyişlərin müşahidə olunacağına zəmanətdir.

Bizsiz proses irəli gedə bilməz. Təbii ki, əslində, biz bu üçbucaqdakı rolumuzu azaltmaq istərdik ki, vəziyyət ikitərəfli dialoqa gətirib çıxarsın. Amma hələlik bizim iştirakımız olmadan səmərəli ikitərəfli dialoq mümkün deyil.

Bu gün sülhə doğru irəliləyiş prosesi Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiya olunmaması səbəbindən əngəllənir. Bu problem həll olunarsa, proses davam edəcək. Nəqliyyat dəhlizləri ilə bağlı bənd üzrə razılaşmaların icrası vacibdir. Bu, ən vacib şeydir. Burada praktiki addımlar vacibdir. Praktik addımlar olmadan hər şey əvvəlki səviyyəsinə qayıda bilər. Razılaşmalar diplomatik danışıqlar səviyyəsində qalmamalıdır. Əməli addımlar atılmasa, biz Minsk Qrupunda olduğu kimi, daha 20 il otura bilərik.

Prosesi geri dönməz etmək vacibdir. Və yalnız böyük siyasi əhəmiyyət kəsb edən nəqliyyat-iqtisadi əlaqələrin blokunun açılması və sərhəddin delimitasiyası sülhə dönməz xarakter verə bilər. Bu məsələləri dəqiq müəyyən edən Soçi sazişləri imzalanıb. Amma bunu həyata keçirmək çoxlu məsələlərin həllini tələb edir. Bu xəritələr üzərində işdir, bu kosmik şəkillərdir, bu yerdə işləməkdir. Bu, hələ də sıfırda olan böyük bir prosedurdur. Həqiqətən iş delimitasiya məsələsinin həllinə gələn kimi prosesin irəli getdiyini söyləmək mümkün olacaq.

Axı, müharibədən əvvəl Qarabağ nizamlanması ilə bağlı birdən çox sənədimiz var idi, imzalanmışdı, sonra ondan heç nə çıxmadı. Bunun nəyə gətirib çıxardığını hamımız bilirik.

- Bildiyiniz kimi, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatın imzalanmasının ildönümündə (noyabrın 9-da) yeni görüş nəzərdə tutulsa da, baş tutmadı. Kremlin o zaman qeyd etdiyi kimi, görüş üçün bütün tərəflərin razılığı lazımdır. Tərəflərdən biri bunun əleyhinə idi. Ekspert icması hesab edir ki, bu, İrəvan idi...

- Bəli, aydındır. Məğlubiyyətin psixoloji sarsıntısı heç vaxt keçilmədi. Və bu, təsir etməyə davam edəcək.

- İrəvan delimitasiya prosesinə başlamağa hazırdırmı? Azərbaycan mütləq hazırdır. Rusiya bu məsələdə kömək etməyə hazırdır. Prinsipcə, Ermənistanın da hazır olduqlarını deyirlər... Amma bilirik ki, bəzi məsələləri dartıb çıxarmaq meyili də var...

- Biz öz mütəxəssislərimizlə, xəritələrimizlə kömək etməyə hazırıq. Amma siz ancaq üçbucaqda işləyə bilərsiniz... Və mən əmin deyiləm ki, Ermənistan daxili siyasi vəziyyətə görə tez nəsə edəcək.

- Keçən həftə nəqliyyat və iqtisadi əlaqələrin bərpası üzrə işçi qrupun iclası keçirildi, ondan sonra Vladimir Putinin daha əvvəl elan etdiyi kimi, bu məsələ ilə bağlı qərar elan edilməli idi. Amma görüşdən sonra erməni tərəfi hələlik konsensusa gəlməyin mümkün olmadığını bəyan edib...

- Yəqin ki, tez razılığa gəlmək mümkün deyil. Çünki nəqliyyat və iqtisadi əlaqələrin blokunun açılması məsələsi birbaşa sərhədlərin delimitasiyası probleminə təsir edir. Odur ki, nəqliyyat dəhlizlərinin keçəcəyi zonalardan delimitasiyaya başlamaq təklif edilib.

- Yəni, ilin sonuna qədər Soçidə razılaşdırılmış məqamlarda irəliləyiş olmayacağına inanırsınız?

- Məncə yox. Çünki hələ Azərbaycan və Ermənistan liderləri arasında dekabrın 15-də Brüsseldə keçiriləcək görüş var. Və çox vacibdir ki, bu görüşdə hər iki tərəf Moskvanın vasitəçiliyi ilə əldə edilmiş razılaşmaların həyata keçirilməsi üçün öz məsuliyyətini bir daha açıq şəkildə təsdiq etsin.

- Nikol Paşinyan hakimiyyətə gəldiyi andan onun Soros izi, Qərbə yaxınlaşmaq istəyi barədə çox eşitmişik. Lakin o, üçtərəfli bəyanatı imzaladıqdan sonra çoxları onun hakimiyyətdə qalmasının Rusiyaya da yaradığını söyləməyə başladı, çünki bəyanatı imzalayan və onun icrasını təmin edən məhz o idi...

- Yaxşı, Paşinyan hara getdi? Bu vəziyyətdə onun başqa seçimi yox idi. Amma hazırda Ermənistanın baş nazirinin sabitliyinə əmin deyiləm. Təhlükənin olduğu yer budur. Ona görə deyirəm ki, başlamaq üçün son dərəcə vacib olan delimitasiya geri dönüş nöqtəsinə çevriləcək. Və nə qədər tez baş verərsə, biz hər hansı daxili siyasi problemlərdən bir o qədər az asılı olarıq.

- Brüssel görüşündə artıq əldə olunmuş razılaşmalar üçün təhlükə varmı? Görüşdə Qərbdən, Ermənistandan hansısa təxribatlar, mövcud razılaşmalara yenidən baxılması cəhdləri ola bilərmi?

- Qərb bizim Rusiya - Azərbaycan - Ermənistan üçbucağına özünü tamamilə nüfuzdan salmış Minsk Qrupu kimi başqa bir şeyi əlavə etməkdə maraqlıdır. Bu, Qərb ölkələrinə prosesə qismən də olsa təsir etmək imkanı verərdi. Qərb prosesdə çox da fəal iştirak etmək istəmir. Onlar üçün indi Ukrayna var və bu daha isti piroqdur. Lakin o, bura da müəyyən təsir göstərmək istəyir.

Düşünmürəm ki, sonda ictimai məkana sıçrayacaq hansısa təxribat olacaq, lakin Ermənistan və Azərbaycan Brüssel görüşündə Rusiyanın vasitəçiliyi ilə əldə olunmuş razılaşmalara sadiqliklərini bir daha təsdiqləsələr, bu, çox yaxşı olacaq. Onda bu, artıq ikiqat öhdəliklər olacaq- Rusiya və Avropa qarşısında. Öhdəlikləri yerinə yetirməyə hazırlığın təsdiqi nə qədər çox olarsa, bir o qədər yaxşıdır.

- Bu arada, il ərzində biz dəfələrlə Qərbin Qarabağın statusu məsələsini təbliğ etmək cəhdlərinin şahidi olduq. Brüssel sammitində növbəti belə cəhd olacaqmı?

- Brüsseldə belə bir məsələnin qoyulması cəhdi ola bilər. Ancaq belə bir məsələnin həlli regionda baş verən hər şeyi yenidən nəzərdən keçirmək demək olardı. Təbii ki, Azərbaycan prezidenti Brüsseldə belə bir cəhd müşahidə olunarsa, bunun qarşısını alacaq. O, prezidentin ardıcıl olaraq əməl etdiyi bu məsələdə tamamilə sərt mövqeyə malikdir. İstənilən halda maraqlı tərəflərin bu mövzunun təbliği Rusiyanın vasitəçiliyi ilə üçbucaqda əldə olunan razılaşmalara zidd olardı.

- Ermənistanda millətçilər nə vaxtdır ki, Avropa İttifaqı, ABŞ bayraqları ilə mitinqlər keçirir, Rusiya əleyhinə bəyanatlar verirlər- bu, kimin təsiridir?

- Bu, həm də Qərbdəki diaspora təsirinin nəticəsidir. Bundan əlavə, bu gün Ermənistanda cəmiyyət parçalanıb və birliyə və reallıqların tam şəkildə tanınmasına nail olmaq çox çətindir. Bu, bir ildən çox müddət ərzində özünü göstərəcək bir şeydir. Ancaq başa düşmək lazımdır ki, bu cür təzahürlər bütün ölkənin mövqeyi deyil, cəmiyyətin bir hissəsidir və o qədər də kiçik bir hissə deyil.

Bu gün mən Ermənistandakı vəziyyəti tranzit qeyri-sabitliyi kimi qələmə verərdim. Respublikada dəqiqlik yoxdur - kiminlə, harada və niyə. Və bu qeyri-müəyyənlik və qeyri-sabitlik, məncə, daha il yarım davam edəcək. Bundan sonra yəqin ki, bu və ya digər istiqamətdə yeni kursdan danışmaq mümkün olacaq. Bu vəziyyət kifayət qədər çətindir, çünki tranzit qeyri-sabitlik şəraitində heç bir ölkədə hakimiyyət inamlı addımlar ata bilməz.

- Minsk qrupunun işinə gəlincə... Bayaq qeyd etdiyiniz kimi, münaqişənin həlli üzrə qrupun fəaliyyəti münaqişənin həllinə gətirib çıxarmadı. Amma bu il ərzində, üçtərəfli bəyanatın imzalanmasından sonra rəsmi Moskva vaxtaşırı vurğulayır ki, Minsk Qrupu ilə qarşılıqlı fəaliyyət vacibdir, lakin indi onun vəzifəsi praktiki məsələləri həll etməkdir - Azərbaycan və Ermənistanı yaxınlaşdırmaq, humanitar məsələlərin həyata keçirilməsində kömək etməkdir.

- Tamamilə doğrudur. Çünki artıq siyasi məsələ həll olunub, münaqişə həll olunub. Minsk Qrupu həmsədrlərinin onilliklər ərzində edə bilmədiyi işlər artıq həyata keçirilib. İndi Minsk qrupunun rolu nizamlanma yollarının axtarışında deyil, çünki həll olunacaq heç nə qalmayıb. İndi Minsk qrupunun fəaliyyəti ilə bağlı sual ondan ibarətdir ki, o, Azərbaycan və Ermənistanı yaxınlaşdıra biləcək bəzi layihələr təklif edə bilər. Onun rolu regionu sabitlik zonasına çevirməkdir. Bu baxımdan Minsk Qrupunun həmsədrləri mövqelərin yaxınlaşması məqsədi ilə Azərbaycan və Ermənistan tərəflərinin iştirakı ilə hansısa iqtisadi, sosial yaxınlaşma layihələri, birgə konfranslar təklif edə bilərlər. Ermənistan və Azərbaycan diplomatik münasibətlərin bərpası məsələsi ilə üzləşəcək. Minsk Qrupu Azərbaycanla Ermənistan arasında yeni münasibətlərin qurulmasına kömək etməlidir. O, başqa heç nə edə bilməz. Sadəcə olaraq, bu gün heç bir siyasi xarakterli qərar qəbul etmək iqtidarında deyil. Üstəlik, delimitasiya prosesi baxımından heç bir qərar verə bilməz.

Lakin eyni zamanda, İrəvan münaqişənin həll olunmadığını gündən-günə təkrarlayır, üçtərəfli formata görə Moskvaya təşəkkür edir, lakin bütün qalan məsələlərin ATƏT-in Minsk qrupu vasitəsilə həll edilməli olduğunu vurğulayır...

Minsk qrupunun əsas vəzifəsi münaqişənin həlli idi. İndi isə bu mövzu bağlanıb. Budur, bu mövzu artıq mövcud deyil, yeni geosiyasi reallıq var, onu tanımaq və ondan çıxış etmək lazımdır.

- Bu yaxınlarda Azərbaycana səfəriniz zamanı işğaldan azad edilmiş Ağdamda oldunuz. Təəssüratlarınız necədir?

- Ağdamda heç nə qalmayıb, hər şey dağıdılıb. Dünyanın oxşar yerlərində olmuşam. Belə yerlərdə varmış kimi görünən, amma mövcud olmayan şəhəri görmək insanı heyrətə gətirir. Bu şəhərdən heç nə qalmayıb. Bu, həqiqətən təsir edicidir.

Onun bərpası ilə bağlı planlar da təsir edicidir. Şəhərlərin bərpası üçün tamamilə aydın planlar var. Bizə yerindəcə Ağdamın baş planını göstərdilər ki, belə olacaq, bu yerdə filan olacaq. Filan şirkətlər cəlb olunacaq. Söhbət ərazilərin dirçəldilməsindən gedir. Bunun bir ildən çox vaxt aparacağı aydındır. Amma Azərbaycan hər şeyi tez bir zamanda yenidən qurmağa, bərpa etməyə çalışır. Başqa cür ola da bilməzdi. Azərbaycan sübut etdi ki, vədinə əməl etməyi bacarır.

Tərcümə - Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” istiqaməti çərçivəsində hazırlanıb.