Azərbaycan masada da güclü tərəfdir - POLİTOLOQ AÇIQLADI

7 Dekabr 2021 15:29 (UTC+04:00)

"Düşünürəm ki, Soçidə olduğu kimi Brüssel görüşündə də Azərbaycan şərtləri diqtə edən tərəf kimi iştirak edəcək. Azərbaycan hərbi sahəsində olduğu kimi siyasi masada da güclü tərəfdir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Ceyhun Əhmədli deyib.

"Lakin baş verən son hadisələr görüşün səmərəli nəticələr doğuracağını sual altına qoyur. Belə ki, bir neçə gün əvvəl Ermənistan parlamentarilərinin Azərbaycan Respublikası ərazilərinə qanunsuz səfər etməsi ilə bağlı məlumat yayıldı. Məhz bu səbəbə görə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Stokholmdakı görüşü baş tutmadı. Bu təxribat əməli Ermənistanın məqsədli şəkildə sülhdən və danışıqlar prosesindən yayınmaq cəhdlərini göstərir.

Ermənistan hələ də "münaqişə" məfhumunu aktual saxlamağa çalışır. Mütəmadi olaraq törədilən hərbi-siyasi təxribatlar İrəvanın bu məkrli niyyətindən xəbər verir. Aydın məsələdir ki, 44 günlük müharibənin nəticəsinə uyğun olaraq regiondakı təsir rıçaqlarından məhrum olan bəzi Qərb dairələri də eskalasiyanın genişlənməsində maraqlı tərəf kimi çıxış edirlər. Onlar münaqişə və status kimi klassik terminlərə söykənərək regiona yenidən qayıtmağı məqsəd güdürlər. Belə bir məqamda Brüssel görüşünün müsbət nəticələnəcəyini gözləmək bir qədər sadəlöhvlük olardı. Lakin Azərbaycan hər zaman dialoqun tərəfdarı olduğu üçün bu görüşün təşkilinə də müsbət yanaşır və dövlətimizin başçısı Brüssel danışıqlarında da xalqımızın milli maraqlarını layiqincə müdafiə edəcək".