REGİONLARIN İNKİŞAFINDA QUBA SƏFƏRİ ŞƏRH

7 Dekabr 2021 15:29 (UTC+04:00)

Prezidentin Qubaya səfəri regionların inkişafına olan diqqətin əyani təzahürüdür

2003-cü ildən etibarən Azərbaycanın iqtisadi sahədə həyata keçirdiyi siyasətin uğurlarını şərtləndirən əsas amillərdən biri də məhz inkişafın mərkəz və regionlar üzrə tarazlı xarakter daşıması, rentabelli istehsal sahələrinin ölkənin bütün regionlarını əhatə etməsi, yerli resurslardan istifadənin səmərəliliyinin artırılması, infrastrukturun yeniləşdirilməsi tədbirləri ilə sıx şəkildə bağlıdır. Məhz bu iqtisadi strategiya regionlarda sahibkarlığın inkişafını sürətləndirməklə, oradakı əmək ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli istifadə edilməsinə imkan yaratmışdır. Hazırda Azərbaycanın hər bir rayonu, kəndi, qəsəbəsi inkişaf, tərəqqi dövrünu yaşayır. Bütün rayonlar arasında sağlam rəqabət gedir. Rayonların sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması, o cümlədən infrastruktur layihələri ilə bağlı bir çox sərəncamlar imzalanıb. Bu sərəncamlar bölgələrimizdə yüksək nəticələrə yol açıb. Çünki məqsəd insanların rahat, yüksək rifah şəraitində yaşamasını təmin etməkdən ibarətdir.

Ölkə Prezidenti İlham Əliyevin bölgələrə ardıcıl səfərləri, hər səfərindən sonra həmin rayonların sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi məqsədilə tədbirlər planını təsdiqləməsi, Prezidentin ehtiyat fondundan vəsaitlərin ayrılması və s. kimi mühüm tədbirlər həm ölkənin hərtərəfli inkişafına, həm də xalqın sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən addımlardır. Bu baxımdan regionlarda yeni müəssisələrin, iş yerlərinin açılması, yerli şəraitə uyğun olaraq perspektivlərin müəyyən edilməsi problemlərin həlli üçün mühüm əhəmiyyət daşıyır.Bir sözlə, son 18 il ərzində dövlət başçısı kimi regionların sosial-iqtisadi inkişafı ilə bağlı gördüyü işlər bölgələrin simasını büsbütün dəyişib.

BÖLGƏLƏRƏ HƏR SƏFƏR YENİ UĞURLARIN TƏMƏLİ VƏ MÜJDƏSİDİR

Məhz dekabrın 6-da Prezident İlham Əliyevin Quba rayonuna səfərini rayonun yeni uğurların təməlinin qoyulması kimi dəyərləndirilməlidir. Səfər çərçivəsində Quba Olimpiya İdman Kompleksində yenidənqurma, əsaslı təmir və tikinti işlərindən sonra yaradılan şəraitlə tanış olub, “Quba ABAD Factory” qablaşdırma vasitələrinin istehsalı müəssisəsinin, Quba-Qonaqkənd avtomobil yolunun açılışını edib.Dövlət başçısı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Heydər Əliyev Fondu tərəfindən Qubanın Birinci Nügədi kəndində inşa olunmuş 1 nömrəli tam orta məktəbdə, Qonaqkənd qəsəbəsində yeni inşa olunan Mədəniyyət Evində yaradılan şəraitlə tanış olublar.Dövlət başçısı səfər zamanı Qonaqkənd qəsəbəsinin sakinləri ilə görüşüb və camaatın yaşı yaşamasından rahatlıq duyduğunu söyləyib.

“GƏLMİŞƏM BURAYA. BU GÖZƏL HADİSƏNİ SİZİNLƏ QEYD EDİRƏM”

«Bu kəndin Azərbaycan tarixində çox böyük yeri var, tarixi yerdir, tarixi yaşayış məskənidir. Bilirəm ki, Qonaqkənd camaatı həmişə zəhmətkeş olub, həmişə mərd olub, həmişə Azərbaycan dövlətçiliyinin keşiyində durub. Onu da bilirəm ki, bu kəndin əsas problemi yol problemi idi. Doğrudan da bu yolun çəkilməsi hesab edirəm ki, tarixi hadisə sayıla bilər. Quba rayonunda əhəmiyyət baxımından bir Xınalıq yoludur, bir də Qonaqkənd yolu idi. Xınalıq yolu da keçilməz bir yol idi, oraya da gedib çatmaq üçün saatlarla vaxt lazım idi və qış aylarında, ümumiyyətlə, təcrid vəziyyətində idi. Qonaqkənd də...İndi Qubadan buraya təxminən yarım saata gəlmişəm”. Dövlət başçısı onu da bildirib ki, bu yolun çox böyük əhəmiyyəti var: “Bəli, buraya gələrkən yol boyunca gördüm, kəndlərdə yeni evlər tikilir. Bura çox gözəl turizm zonasıdır. Bu yol olmadığı üçün buraya turist də gəlmirdi. Əminəm ki, indi bu gözəl mənzərəli yerlərdə çox gözəl istirahət zonaları, otellər, ictimai yerlər yaradılacaq. Yəni, Qubanın bu hissəsi canlanacaq. Buna şübhəm yoxdur”.

“HƏR BİR AZƏRBAYCAN VƏTƏNDAŞI ÖZ ƏMƏYİ İLƏ, ÖZ İŞİ İLƏ QƏLƏBƏMİZİ YAXINLAŞDIRIRDI”

“Qarabağ müharibəsində qazanılmış Qələbə hamımızın Qələbəsidir. Hər bir Azərbaycan vətəndaşı öz əməyi ilə, öz işi ilə o müqəddəs günü yaxınlaşdırırdı. Biz bütün işğal dövründə Qarabağı ürəyimizdə saxlamışdıq və Qarabağı görməyən gənc nəsil yetişdi. Onlar Qarabağı canı-qanı bahasına azad etdilər. Tarixi ədaləti bərpa etdik, xalqımızın ləyaqətini bərpa etdik. İndi isə artıq yeni dövr başlayır”. Bu fikirləri Prezident İlham Əliyev Quba rayonunun Qonaqkənd qəsəbəsində sakinlərlə görüşündə söyləyib.

Qarabağda və Zəngəzurda quruculuq işlərinin aparıldığını qeyd edən dövlətimizin başçısı deyib: “Bizim son vaxtlar apardığımız işlər onu göstərir ki, hər hansı bir revanşist meyil olarsa, onun məsələsi dərhal yerindəcə həll olunacaq. Çünki müharibədən sonra Ermənistan tərəfindən bir neçə dəfə belə cəhdlər oldu və onun acı nəticələrini onlar özləri gördülər. Ona görə hələ ki, gec deyil, mən onlara artıq dəfələrlə müraciət edərək demişdim, bizim şərtlərimizi qəbul etməlidirlər, yollarla, kommunikasiyalarla bağlı hər hansı bir qeyri-səmimi yanaşmaya son qoyulmalıdır".

Prezident vurğulayıb ki, əgər belə olarsa, onda Cənubi Qafqazda bütün xalqlar sülh, əmin-amanlıq şəraitində yaşayacaq. Çünki biz istədiyimizə nail ola bilmişik, bunu hər kəs gördü.

“BİZƏ TARİX VERSİNLƏR, ZƏNGƏZUR DƏHLİZİ NƏ VAXT AÇILACAQ VƏ BELƏ OLAN HALDA, HEÇ BİR PROBLEM OLMAYACAQ”

Dövlət başçısı Qonaqkənd qəsəbəsində sakinlərlə görüşü zamanı onu da bildirib ki, nəinki Ermənistan, bütün dünya Azərbaycanın gücünü gördü: «Ermənistan da gördü, dünya da gördü, heç kim bizi saxlaya bilmədi. Müharibə dövründə bizi saxlamaq istəyənlər olub, kifayət qədər güclü dairələr olub, amma bizi dayandıra bilmədilər».

"Mən demişdim ki, bizə tarix versinlər torpaqlarımızdan nə vaxt çıxır, o an biz dayanmağa hazırıq. Bu gün də eyni sözü deyirəm. Amma deyirəm ki, bizə tarix versinlər, Zəngəzur dəhlizi nə vaxt açılacaq və belə olan halda, heç bir problem olmayacaq. Ona görə hesab edirəm ki, həm Ermənistan rəhbərliyi, həm Ermənistan ictimaiyyəti, əhalisi bunu başa düşməlidir. Biz istədiyimizə nail olmuşuq, oluruq və olacağıq. Yaxşı olar ki, bu məsələ konstruktiv şəkildə danışıqlar yolu ilə, qarşılıqlı anlaşma yolu ilə həll olunsun. Çünki İkinci Qarabağ müharibəsi bütün dünyaya xalqımızın iradəsini, gücünü və birliyini göstərdi. Yol boyunca gələndə gördüm, şəhidlərin şəkilləri vurulub. Hər bir yerdə belədir, - mən son vaxtlar Qarabağ bölgəsinə tez-tez gedirəm, - kəndlərdə şəhidlərin şəkilləri vurulub. Yəni, bu Zəfəri bütün Azərbaycan xalqı əldə edib. Hər bir vətəndaş, hər bir rayon sakini, hər bir nümayəndə. Ona görə bu, tarixi hadisədir və cəmi bir il keçib üstündən, görün nə qədər böyük işlər görmüşük. Mən Qarabağ, Zəngəzur bölgəsinə bəlkə də 10 dəfədən çox getmişəm. Amma, eyni zamanda, Azərbaycanın qalan yerlərini də yaddan çıxarmıram", - dövlət başçısı bildrib.

Bir sözlə, Azərbaycan Prezidentinin bölgələrə hər bir səfəri regionların inkişafına, vətəndaşların rifahına, hətta ən ucqar kəndlərdə yaşayan insanların layiqli həyat şəraitinin təmin edilməsinə yönəlib. Həmçinin, dövlət başçısının səfər zamanı yerli sakinlərlə görüşü, onlarla səmimi söhbətləri, qayğıları ilə şəxsən maraqlanmaları da dövlətin hər zaman öz vətəndaşının yanında olduğunu göstərir. Və hər səfəri sosial rifahın daha da inkişafına doğru atılan uğurlu addım olmaqla, ölkəmizin daha da inkişaf etməsinə, sosial rifahın yüksək səviyyəyə çatdırılmasına və iqtisadiyyatımızın güclənməsinə geniş imkanlar yaradır.

RƏFİQƏ KAMALQIZI