Zəfər Paradı xalqımızın qələbə sevincinin ifadəsidir - DEPUTAT ŞƏRH ETDİ

7 Dekabr 2021 13:18 (UTC+04:00)

“10 dekabrda Bakıda keçirilmiş hərbi parad xalqımızın 30 illik arzusunun reallaşmasının Azadlıq meydanında nümayişi olub. Çünki 30 ilə yaxın torpaqlarımızın erməni işğalı altında olması hər birimizdə böyük ürək ağrısını yaşadıb. Qaçqın və məcburi köçkünlərimizin öz doğma yurd həsrəti və onların yaşadıqları o acı günlər unudulmur. Vətən müharibəsindəki Böyük qələbəmizi özündə əks etdirən Zəfər paradımız o acı həyatını yaşamış insanların çəkdiyi iztirabların qisasının almasının nümayişi olub”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Deputatın sözlərinə görə, Zəfər paradında Prezident İlham Əliyevlə çiyin-çiyinə Türkiyə Prezidentinin dayanması və hərbi paradını bir yerdə qəbul etməsi həm də dünya üçün bir mesaj idi: “Paradda Azərbaycan əsgərləri ilə yanaşı türk hərbiçilərinin də hərbi keçid etməsi Azərbaycanla Türkiyənin bir monolit olduğunun nümayişi idi. Vətən müharibəsinin ilk günündən Türkiyənin yanımızda olması bizə əlavə güc vermiş, həm də bizə haqq işimizin görülməsində mane olmaq istəyən kənar güclərin müdaxiləsinin qarşısını almış oldu. Ümumiyyətlə, Vətən müharibəsi həm də milli birliyin və həmrəyliyin nümayişi idi. Cənab Prezidentin çağırışına bütün xalqın səfərbər olması, əlində silah tutmaq imkanı olanların cəbhəyə getmək istəyini ifadə etməsi və arxa cəbhənin ön cəbhə üçün çalışması, həm də demək olar ki, siyasi baxışları fərqli partiyaların dövlətlə bir yerdə olduğunun bəyan etməsi Ali Baş Komandanın Dəmir yumruğunun gücünü daha da artırıb. Ordumuzun döyüşdüyü hər bir gün qələbə səlnaməsi olub. Azərbaycan əsgərinin göstərdiyi şücaətli döyüş səhnələri dünya hərb tarixinə bir yenilik gətirib. Orduda yaranmış böyük döyüş ruhu qısa bir zamanda ölkəmizi zəfərə apardı”.

A.Badamov vurğulayıb ki, Prezident İlham Əliyevin ordumuzun müasirləşməsinə göstərdiyi böyük diqqəti sayəsində Azərbaycan ordusu məğlubedilməz oldu: “Ölkə başçımız ordumuzun silahlanması üçün müasir silahlar alır, həm də silah alınan mənbələr də şaxələndirilib. Elə olmasaydı müharibə vaxtı hərbi sursat baxımından müəyyən çətinliklə üzləşə bilərdik. Ordumuzun peşəkarlığının artırılması istiqamətində bu illər ərzində aparılmış hərbi təlimlər döyüş meydanında özünü təsdiqləmiş oldu. Məhz, müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında düşmən ordusunun darmadağın edilməsi nəticəsində Paşinyan 10 noyabrda kapitulyasiya sənədinə imza atmağına məcbur oldu. Zəfər paradımız qələbəmizin rəmzi olması ilə yanaşı xalqımızın qürurunun nümayişi olub. Paradda nümayiş edilən döyüş texnikaları və silahlanmaya qəbul edilmiş yeni silahlar Azərbaycana düşmən gözü ilə baxanlara bir mesaj idi. Müharibədə darmadağın edilmiş düşmən hərbi texnikaları və hərbi qənimətlərin nümayişi də yenidən baş qaldırmaq istəyən düşmənlərimizə əgər, bu yenidən baş verərsə, onların da taleyinin belə olacağı demək idi. Ümumiyyətlə qeyd etmək istəyirəm ki, 10 noyabrda nümayiş etdirdiyimiz Zəfər paradı qalib Azərbaycan ordusunun döyüş meydanında qazandığı böyük qələbənin nümayişidir və xalqımızın qələbə sevincinin ifadəsidir”.