Belə görüşlərin keçirilməsi situasiyanın normallaşmasına dəstək ola bilər - MÜNASİBƏT BİLDİRİLDİ

7 Dekabr 2021 13:07 (UTC+04:00)

"Ötən il 10 noyabr üçtərəfli sazişindən sonra Cənubi Qafqazda yeni reallıq yaranıb. Bu reallıq Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsi, Ermənistanın işğal edimiş ərazilərdən çıxarılması və Azərbaycanın Naxçıvan bölgəsi ilə əlaqələrinin qurulması üçün ilk addımların atılmasından ibarətdir". Bu sözləri SİA-ya açıqlamasında deputat Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, bu bir il ərzində situasiya xeyli dəyişib: "Azərbaycan və Ermənistan rəhbərləri Rusiya rəhbərinin vasitəçiliyi ilə artıq üç görüş keçirib, baş nazir müavinlərinin vaxtaşırı görüşləri təşkil edilir. Azərbaycan Ermənistan ilə münasibətlərin beynəlxalq prinsiplər əsasında qurulmağa hazır olduğunu bildirib. Cənab Prezident İlham Əliyev Soçi görüşündən sonraki mətbuat konfransında Ermənistanın mövqeyində konstruktiv olduğunu dilə gətirdi. Brüsseldəki görüş şübhəsiz ki, Soçi görüşündən sonra görülən işlər barəsində fikir mübadiləsi edilməsi üçün imkan olacaq. Digər bir tərəfdən Brüsseldəki görüş son 3 ildə ilk dəfə olaraq Azərbaycan və Ermənistan rəhbərlərinin təkbətək görüşü olacaq. Artıq hər iki ölkə mehriban, qonşuluq münasibətləri qurmaq üçün ilkin şərtlərə malikdirlər. Belə görüşlərin çox keçirilməsi ancaq situasiyanın normallaşmasına böyük dəstək ola bilər. Ümid etmək istəyirəm ki, həmin görüşdə Ermənistan iki ölkə arasında sərhədlərin müəyyənləşdirilməsində daha konstruktiv mövqe tutacaq, Zəngəzur dəhlizinin açılması ilə bağlı özünün konkret mövqeyini ortaya qoyacaq və Azərbaycan ilə normal, qonşu münasibətlər qurmaq istədiyini bəyan edəcək".

Arzu Qurbanzadə