Güclü dövlət və xalqımızın birliyi bizi daha böyük Zəfərlərə aparacaq

7 Dekabr 2021 13:04 (UTC+04:00)

Kamilə Əliyeva

Milli Məclisin deputatı

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev, rəşadətli Azərbaycan Ordusu, mərd və qəhrəman Azərbaycan xalqı yumruq kimi birləşərək 30 il düşmən tapdağında olan torpaqlarımızı azad etdi. Erməni faşizmi üzərində hərbi, siyasi qələbə qazandıq və tarixi Zəfərə imza atdıq.

Qələbəmizin təntənəsi olaraq 2020-ci il dekabrın 10- da Azadlıq meydanında hərbi parad keçirildi. Bu adi bir parad deyildi, Zəfər paradı idi. Ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsinin, xalqımızın qürurunu özünə qaytarılması uğrunda apardığımız haqq savaşındakı qələbəmizin təntənəsi idi. Qələbəmizin simvolu olan Xarıbülbülün vətəni, mədəniyyət paytaxtımız Şuşa şəhəri üzərində qaldırılmış Zəfər bayrağı parada gətirildi. Zəfər paradında ən qürurverici hadisədən biri də paradı Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və qardaş Türkiyə Cümhuriyyətinin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan ın qəbul etməsi oldu. Paradda 3000 Azərbaycan əsgər və zabiti ilə çiyin çiyinə türk əsgərləri də addımlayırdı. Cənab Ərdoğanın hərbi paradda iştirakı bütün dünyaya bir mesaj oldu ki, Türkiyə hər zaman Azərbaycanın yanında olub və bundan sonra da belə olacaq. Həmin gün də respublikamızın bütün bölgələrində Azərbaycan bayrağı ilə yanaşı Türkiyə bayrağı da dalğalanırdı.

Zəfər paradımızda Azərbaycan Ordusunun istifadəsində olan dünyanın ən müasir silahları nümayiş etdirildi. Bütün dünyanın da izlədiyi bu paradda Azərbaycanın güclü orduya malik olduğunu nümayiş etdirdik. Müharibə zamanı erməni ordusundan qənimət kimi ələ keçirilmiş hərbi texnikalarınv paradda nümayiş etdirilməsi ermənilərə və onların havadarlarına bir dərs olmalıdır.

44 günlük Vətən Müharibəsində Azərbaycan əsgəri hər gün irəliləyərək işğalda olan kənd və şəhərlərimizi azad edirdi. Cəsur Azərbaycan əsgəri bur gün də olsun belə düşmən qabağından geri çəkilmədi. Bu vaxta qədər dünyada baş vermiş heç bir müharibədə belə bir hadisə olmamışdır.

Ermənistan hər zaman öz ordusunun məğlubedilməzliyi barədə mif yaratmışdır. Ermənistanın keçmiş müdafiə naziri tez-tez sərsəm bəyanatlarla çıxış edirdi. Azərbaycan Ordusu cəmi 44 günə bu "məğlubedilməz " ordunu darmadağın etdi. Bu gün də demək olar ki, Ermənistanda nizami ordu yoxdur. Ermənistan ordusunun məhv edilmiş hərbi texnikasını Qənimətlər parkında ziyarət edən hər kəs Azərbaycan Ordusu ilə qürur duyur .

Qarabağın işğaldan azad edilməsi üçün Azərbaycanda hər zaman hazırlıq işləri aparılırdı. Prezident cənab İlham Əliyevin apardığı uğurlu xarici siyasət nəticəsində Azərbaycanın beynəlxalq aləmdə nüfuzu durmadan artırdı. Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edirdi. Son 17 ildə ordu quruculuğuna xüsusi diqqət yetirilmiş, ordumuz ən müasir silahlarla təchiz edilmişdir. Müharibədə Zəfər qazanmağımızın ən əsas amillərindən biri dövlətimizin iqtisadi cəhətdən güclü olması idi. Güclü dövlət və xalqımızın birliyi bizi daha böyük Zəfərlərə aparacaq. yap.org.az