Qarabağ müharibəsi bütün dünyaya xalqımızın gücünü və birliyini göstərdi TƏHLİL

7 Dekabr 2021 13:04 (UTC+04:00)

Prezident İlham Əliyev: "Biz istədiyimizə nail olmuşuq, oluruq və olacağıq"

“Biz bütün işğal dövründə Qarabağı ürəyimizdə saxlamışdıq və Qarabağı görməyən gənc nəsil yetişdi. Onlar Qarabağı canı-qanı bahasına azad etdilər. Tarixi ədaləti bərpa etdik, xalqımızın ləyaqətini bərpa etdik. İndi isə artıq yeni dövr başlayır». Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci Xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva dekabrın 6-da Qubanın Qonaqkənd qəsəbəsində yeni inşa olunan Mədəniyyət Evində yaradılan şəraitlə tanış olduqdan sonra dövlət başçısı qəsəbə sakinləri ilə görüşü zamanı bildirib. Cənab Prezident qeyd edib ki, quruculuq işləri, həm Qarabağda, həm də Zəngəzurda aparılır. 44 günlük Vətən müharibəsində Zəfər qazanan Azərbaycan qısa bir zamanda abadlıq və quruculuq işlərinin miqyasını genişləndirib.

Bildiyimiz kimi, Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı Azərbaycan ərazilərində bütün infrastrukturu, sosial, iqtisadi, mədəni obyektləri, tarixi, dini abidələri tamamilə məhv edib. İşğaldan azad edilmiş şəhərlərimiz, qəsəbələrimiz və kəndlərimiz yerlə-yeksan olunub. Ermənilər öz çirkin əməllərini həyata keçiriblər. Bu gün işğaldan azad olunan Şuşa, Zəngilan, Ağdam kimi ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri görülür və müasir tələblərə uyğun olaraq qurulur. Eyni zamanda, Kəlbəcər kimi ucqar rayonlar da diqqətdən kənarda qalmayıb. Pilot layihələr kimi Kəlbəcər rayonunda arıçılıqla və heyvandarlıqla məşğul olan sakinlərə lazımı şərait yaradılıb. Həmin sakinlər onlar öz təsərrüfatlarını yaradıb və işə başlayıblar. Laçında Güləbird su elektrik stansiyası istifadəyə verilib. Şuşada "Xarıbülbül", "Qarabağ" otellərinin istifadəyə verilməsi, Füzuli Beynəlxalq Hava Limanının açılışı, yol infrastrukturunun qurulması və s. qısa bir zaman məsafəsində reallaşan layihələrdir ki, bütün bu və ya digər layihələr Azərbaycanın iqtisadi gücünün, dinamik inkişafının göstəricisidir. Bütün bunlarla yanaşı, Laçında və Zəngilanda beynəlxalq statuslu hava limanlarının tikintisinə başlanılıb. Qarabağ və Şərqi Zəngəzur "yaşıl enerji" zonasına çevriləcək. Müharibədən bir il ötməsinə baxmayaraq, qətiyyətlə deyə bilərik ki, bu gün işğaldan azad edilmiş ərazilərimizdə misli görünməmiş bərpa və quruculuq işləri aparılır. Əlbəttə ki, işğaldan azad olunan ərazilərin bərpası böyük maliyyə vəsaiti və resursların səfərbərliyini tələb edən proses olsa da ölkəmizin iqtisadi gücü bütün bunlara imkan verir. Bildiyimiz kimi, "Ağıllı kənd" layihəsi müasir çağırışlara cavab verən və beynəlxalq standartlara əsaslanan yeni bir modeldir. Layihə Zəngilanın 1-ci, 2-ci və 3-cü Ağalı kəndlərini əhatə edir. Bu o deməkdir ki, bu kəndlərdə bütün yaşayış evləri, sosial obyektlər və s. müasir tələblər çərçivəsində qurulacaq.

QUBA-QONAQKƏND AVTOMOBİL YOLUNUN İSTİSMARA VERİLMƏSİ 68 MİN NƏFƏRİN RAHAT GEDİŞ-GƏLİŞİNİ TƏMİN EDİR

Əlbəttə ki, abadlıq-quruculuq işləri təkcə işğaldan azad olunan ərazilərdə deyil, həmçinin Azərbaycanın digər bölgələrində də sürətlə reallaşır. Quba da bu sırada olan məkanlardandır. Belə ki, 2020-ci ildən etibarən, rayonun Qonaqkənd qəsəbəsində kompleks abadlıq və quruculuq işləri həyata keçirilib. Qəsəbədə Ümummilli Lider Heydər Əliyevin abidəsinin ətrafında yeni park salınıb. Həmçinin, qəsəbə Mədəniyyət Evinin istifadəyə yararsız, qəzalı vəziyyətdə olan binası sökülərək, əvəzində yenisi inşa olunub. Quba-Qonaqkənd avtomobil yolu çəkilib. Prezident İlham Əliyev Quba-Qonaqkənd avtomobil yolunun açılışını edib. 46 kilometrlik Quba-Qonaqkənd avtomobil yolunun istismara verilməsi ilə 68 min nəfərin rahat gediş-gəlişi təmin olunur. Bu yol uzun illər əsaslı təmir olunmadığı üçün hərəkət hissəsində qabarmalar, çalalar əmələ gəlmişdi. Bu isə yolda nəqliyyatın hərəkətini çətinləşdirirdi. "Kəndin əsas problemi yol problemi idi. Doğrudan da, bu yolun çəkilməsi hesab edirəm ki, tarixi hadisə sayıla bilər", - deyən dövlət başçısı bildirib ki, Quba rayonunda əhəmiyyət baxımından bir Xınalıq yoludur, bir də Qonaqkənd yolu idi: "Xınalıq yolu da keçilməz bir yol idi, oraya da gedib çatmaq üçün saatlarla vaxt lazım idi və qış aylarında, ümumiyyətlə, təcrid vəziyyətində idi... Nəhayət, biz buna nail olduq. İndi Qubadan buraya təxminən yarım saata gəlmişəm. Düzdür, Mən gələndə yollar açıq olur, amma hər halda 40-45 dəqiqəyə gəlmək olar". Azərbaycan Prezidenti çəkilən yolun sakinlərin rahatlığının təminatında əhəmiyyətinə nəzər salıb. "Kəndin xəstəsi, yaşlısı var, kəndə gəlmək, getmək, burada istehsal olunan məhsulları bazarlara çatdırmaq çətin idi. Yol olandan sonra işlər də düzələcək", - deyən Prezident qeyd edib ki, çünki burada indi camaatın əsas dolanışığı maldarlıqdır. Onu da deyək ki, Quba-Qonaqkənd yolunun yenidən qurulması həm də əhalinin tədarük etdiyi kənd təsərrüfatı məhsullarını, meyvə-tərəvəzi qısa vaxtda istədikləri ünvana çatdırmağa imkan yaradır, həmçinin turizm imkanlarını daha da genişləndirir. Cənab Prezident ərazidə görülən digər işlərə də toxunaraq diqqətə çəkib: "kəndə qaz da çəkilib, artıq iki ildir ki, qaz verilir. İşıq da var, su da var".

QUBA YENİ DÖVRÜNÜ YAŞAYIR

Onu da bildirək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci Xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Heydər Əliyev Fondu tərəfindən Qubanın Birinci Nügədi kəndində inşa olunmuş 1 nömrəli tam orta məktəbdə yaradılan şəraitlə tanış olublar. Təhsil müəssisəsində müasir standartlara cavab verən yeni məktəbin inşası keyfiyyətli və bərabərhüquqlu təhsil imkanının yaradılması deməkdir. Müasir iinfrastruktur tədrisin keyfiyyətinə birbaşa müsbət təsir göstərən amillərdəndir.

"Quba ABAD Factory" qablaşdırma vasitələrinin istehsalı müəssisəsinin açılışında da bu ərazidə görülən işlərin genişmiqyaslı olduğunu göstərir. "ABAD Factory" bir neçə ildir, qubalı mikro və kiçik sahibkarlara qida istehsalı müəssisəsi kimi tanış idisə, artıq həm də qablaşdırma vasitələrinin istehsalı müəssisəsi kimi onlara yardımçı olacaq. Müəssisənin açılışı ilə ilkin mərhələdə 20, sonrakı mərhələdə isə 50 nəfərin işlə təminatı reallaşacaq. Bu müəssisə vasitəsilə həm "ABAD"çıların qablaşdırma vasitələrinə olan tələbatı ödəniləcək, həm də digər kiçik və mikro sahibkarların ehtiyacları qarşılanacaq. Quba Olimpiya İdman Kompleksində yenidənqurma, əsaslı təmir və tikinti işlərinin aparılması da görülən işlərin məntiqi davamıdır. Yenidənqurma, əsaslı təmir və tikinti işlərindən sonra obyektin bazasında Quba İstirahət, İdman, Təlim və Tədris Kompleksi yaradılıb. Burada istirahət, idman, təlim və tədris bir məkanda cəmləşib. Həmçinin, bu cür komplekslərin yaradılması regionlarda əmək bazarına yeni iştirakçıların daxil olmasına ciddi təkan verir. Kompleksdə 200-250 işçinin çalışacağı nəzərdə tutulur.Bu o deməkdir ki, artıq Qubada insanların rahat yaşayışı təmin olunub. Bu onu bir daha təsdiqləyir ki, Azərbaycan pandemiya dövründə yaşamasına baxmayaraq, bütün layihələr uğurla reallaşır.

"HƏR HANSI BİR REVANŞİST MEYİL OLARSA, ONUN MƏSƏLƏSİ DƏRHAL YERİNDƏCƏ HƏLL OLUNACAQ"

Qəsəbə sakinləri ilə görüşü zamanı Cənab Prezident Qarabağ müharibəsində qazandığımız Zəfər bizim hamımızın Qələbəsidir, -deyərək, hər bir Azərbaycan vətəndaşı öz əməyi ilə, öz işi ilə o müqəddəs günü yaxınlaşdırdığını bildirib. Dövlət başçısı onu da bildirib ki, bizim son vaxtlar apardığımız işlər onu göstərir ki, hər hansı bir revanşist meyil olarsa, onun məsələsi dərhal yerindəcə həll olunacaq: "Çünki müharibədən sonra Ermənistan tərəfindən bir neçə dəfə belə cəhdlər oldu və onun acı nəticələrini onlar özləri gördülər. Ona görə hələ ki, gec deyil, mən onlara artıq dəfələrlə müraciət edərək demişdim, bizim şərtlərimizi qəbul etməlidirlər, yollarla, kommunikasiyalarla bağlı hər hansı bir qeyri-səmimi yanaşmaya son qoyulmalıdır. Əgər belə olarsa, onda Cənubi Qafqazda bütün xalqlar sülh, əmin-amanlıq şəraitində yaşayacaq. Çünki biz istədiyimizə nail ola bilmişik, bunu hər kəs gördü".

30 ilə qədər işğalda olan torpaqlarımızın azad olunması istiqamətində Azərbaycanın tutduğu haqq və ədalət yolundan kimsə çəkindirə bilməzdi. "Ermənistan da gördü, dünya da gördü, heç kim bizi saxlaya bilmədi",- deyən Cənab Prezident diqqətə çəkib ki, müharibə dövründə bizi saxlamaq istəyənlər olub, kifayət qədər güclü dairələr olub, amma bizi dayandıra bilmədilər: "Mən demişdim ki, bizə tarix versinlər torpaqlarımızdan nə vaxt çıxır, o an biz dayanmağa hazırıq. Bu gün də eyni sözü deyirəm. Amma deyirəm ki, bizə tarix versinlər, Zəngəzur dəhlizi nə vaxt açılacaq və belə olan halda, heç bir problem olmayacaq. Ona görə hesab edirəm ki, həm Ermənistan rəhbərliyi, həm Ermənistan ictimaiyyəti, əhalisi bunu başa düşməlidir. Biz istədiyimizə nail olmuşuq, oluruq və olacağıq. Yaxşı olar ki, bu məsələ konstruktiv şəkildə danışıqlar yolu ilə, qarşılıqlı anlaşma yolu ilə həll olunsun. Çünki İkinci Qarabağ müharibəsi bütün dünyaya xalqımızın iradəsini, gücünü və birliyini göstərdi".

Zümrüd BAYRAMOVA