Zəfər paradı günü dünya Azərbaycanın gücünü gördü

7 Dekabr 2021 13:02 (UTC+04:00)

Müşfiq Cəfərov

Milli Məclisin deputatı

Bildiyimiz kimi, BMT-nin Azərbaycanla bağlı məlum qərarları 28 ildir kağız üzərində qalmışdı. Dünyanın böyük təşkilatları Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, işğal faktını təsdiqləyir, amma işğalı dayandıracaq heç bir fəaliyyətləri yox idi. Nəticə etibarilə 2020-ci ilin sentyabrından etibarən 44 günlük Vətən müharibəsi başladı, dövlətimiz torpaqlarının müdafiəsinə qalxdı və möhtəşəm qələbə çaldıq. Bu sadə qələbə deyil. Azərbaycanın öz haqqını almağının təzahürüdür, dünya faşizminin, terrorizminin üzərindəki qələbəsi oldu. Bu böyük siyasi qələbə, diplomatik qələbə, mənəvi qələbə oldu. Bir əsr davam edən zülmü 44 gündə aradan qaldıra bildik.

2020-ci ilin 10 dekabrında ölkəmizdə keçirilən parad Azərbaycanın tarixində ən əhəmiyyətli səhifə, ən parlaq nümunədir. Bizim xalq bu qələbə paradını uzun illərdir gözləyirdi. Bu, bizim torpaqların azadlığı, ərazi bütövlüyünün bərpasının paradıdır. Bu minlərlə insanın öz ata-baba yurduna qayıdışının, arzularının, xəyallarının gerçəkləşməsidir. Bizi parada gətirən Vətən müharibəsi xalqımızın böyüklüyünü, qürurunu qaytardı, digər ölkələr, dövlətlər içərisində öz torpaqlarını işğaldan azad edə bilən bir xalq, dövlət kimi dünyaya tanıtdı, dövlətimizin nüfuzu daha da artdı. Bu qələbə paradı əsgərlərimizə, şəhidlərimizə, qazilərimizə hörmət rəmzi daşıyır. O biri tərəfdən ordumuzun gücünü göstərir. Əgər bundan sonra kimsə torpağımıza göz dikərsə, məhz bu güclər, bu igidlərlə qarşılaşacaq. Hansı ki, torpağını canı, qanı bahasına azad etdi.

Bakının Azadlıq meydanında keçirilən Zəfər paradı həm də ordumuzun qüdrətini, Ermənistanın necə rəzil günə düşdüyünü bir daha nümayiş etdirdi. Azərbaycanın müstəqil dövlətinin yaranma prosesi, məhz Azadlıq meydanından başlayıb. Biz yüzlərlə şəhidi bu meydandan əbədiyyətə yola salmışdıq. Bu mənada Zəfər paradının, məhz Azadlıq meydanında baş tutması da böyük rəmzi məna daşıyır. Eyni zamanda 44 günlük müharibədə qazandığımız qələbə və möhtəşəm parad Ermənistan üçün böyük tarixi dərs oldu. Zəfər paradı günü dünya Azərbaycanın gücünü gördü. yap.org.az