Parad milli qürur və iftixar mənbələrindən birinə çevrildi - ŞƏRH EDİLDİ

7 Dekabr 2021 13:01 (UTC+04:00)

“Dekabrın 10-da Azərbaycan xalqının Vətən müharibəsində qələbəsinin ilk Zəfər paradının bir ili tamam olur. Bu sözsüz ki, bizim üçün çox əlamətdar və müqəddəs bir tarixdir. 2020-ci ilin dekabrın 10-da ilk dəfə olaraq Vətən qələbəmizin ildönümü ilə bağlı ilk Zəfər paradı keçirilib”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Aydın Quliyev deyib.

Onun sözlərinə görə, bu parad olduqca əhəmiyyətli və emosional bir hadisə idi: “Azərbaycan xalqının nəzərində çox böyük izlər buraxdı, xüsusilə də ölkəmizin müdafiəsi, hərb quruculuğu və müstəqil dövlətçiliyimiz tarixində ən böyük hərbi qələbənin simvolu olduğuna görə o bizim üçün çox əhəmiyyətli oldu. Bu hadisə dünyada Azərbaycanın hərbi gücünün bir daha nümayişinə çevrildi, ölkə ictimaiyyətinə maraqlı mesajlar verildi. İctimaiyyət bir daha gördü və əmin oldu ki, Azərbaycanın Silahlı Qüvvələri üçün Vətən müharibəsində qalib gəlmək o qədər də böyük problem olmayıb. Çünki, bizim Silahlı Qüvvələrimizin həm texniki təchizatı, həm fiziki dözümü, həm də taktiki hazırlıq baxımından səviyyəsi olduqca yüksəkdir. Cəmiyyətimiz hərbi paradda bunu bir daha gördü. Bu parad dünyaya nümayiş etdirdi ki, Ermənistandan fərqli olaraq Azərbaycanda Vətən müharibəsinin hər bir gününə, onunla bağlı olan hər bir ana xüsusi diqqət və qayğı ilə yanaşılır. Çünki, bu bizim işğalçılar üzərində haqq qələbəmiz idi”.

Politoloq sözlərinə belə davam edib: “Biz Azərbaycan torpaqlarını düşməndən azad etmək və düşməni vurub torpaqlarımızdan çıxarmaq naminə vurulmuşduq. Həmin vuruşun, həmin müharibənin də simvolu olaraq bu hərbi parad hər bir Azərbaycanlının qəlbində milli qürur və iftixar mənbələrindən birinə çevrildi”.

“Bir tərəfdən Zəfərin, o biri tərəfdən isə paradın təsiri Azərbaycan xalqı üçün böyük ruh yüksəkliyinin iki böyük mənbəyinə çevrildi. Hərbi parad zəfər qədər Azərbaycanın tarixində əlamətdar hadisədir və zəfərimiz yaşadıqca, zəfərin ildönümləri qeyd olunduqca hərbi paradın da ildönümləri qeyd ediləcək. Beləliklə, zəfər və ondan doğan paradın zəngin və maraqlı tarixləri yazılacaq”.

Ayşən Vəli