Azərbaycan dövlətinin konkret ortaya qoyduğu şərtlər var - POLİTOLOQ ŞƏRH ETDİ

7 Dekabr 2021 11:56 (UTC+04:00)

“Brüssel görüşündən gözləntilər o qədər də çox deyil, hər hansı bir ciddi qərarların veriləcəyini heç kim proqnozlaşdırmır. Bilirsiniz ki, Rusiya Brüssel görüşünü qabaqlayaraq Soçidə görüş təmin etdi və burada konkret üçtərəfli qərar qəbul olundu”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Natiq Miri deyib.

O, qeyd edib ki, bu bəyanatda əsas müzakirə predmeti olan məsələlərin hamısı yer alıb. “Ayrıca bu bəyanatdan kənarda bəzi şifahi ağırlaşmalar var ki, bu konteksdə müəyyən gözləntilər var idi. Bu xüsusda əsas məsələlərin Soçidə razılaşdırıldığı üçün Brüssel görüşündə olsa-olsa yalnız humanitar məsələlərin müzakirə predmeti olacağı deyilirdi. Ancaq Ermənistan rəhbərliyi növbəti dəfə prosesi sabotaj edərək üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyib. Bilirsiniz ki, bir həftə sonra bütün kommunikasiyaların açılması ilə bağlı yaradılan işçi qrupunun, yəni baş nazirlərinin müavinləri səviyyəsində bir görüş planlaşdırılırdı. Bu görüş baş tutdu, amma çox təəssüf ki, növbəti dəfə Zəngəzur dəhlizi məsələsini bəhanə edərək Ermənistanın bu məsələyə hələ hazır olmadığını bəyan etdilər. Dolayısı ilə Ermənistan tərəfi burada zaman qazandı. Düşünürəm ki, bu sabotaj, bu cür bəhanələr məhz Brüssel görüşünün əhəmiyyətini artırmaq üçün edilmişdir. Çünki, Ermənistan rəhbərliyinin ağaları bu gün Rusiyada deyil, məhz Qərb dünyasındadır.

Azərbaycan dövləti 44 günlük müharibədə qalib olan ölkədir və Azərbaycan dövlətinin konkret ortaya qoyduğu şərtlər var. Bu şərtlər çərçivəsində əgər hər hansı bir addımlar atılmazsa Azərbaycan heç bir zaman imkan verməyəcək ki, hansısa qərarlar qəbul olunsun”.