Zəfər Paradı bütün dünyada çox vacib mesajlarla yadda qaldı - DEPUTAT ŞƏRH ETDİ

7 Dekabr 2021 11:55 (UTC+04:00)

"Düz bir il öncə 2020-ci ilin dekabr ayının 10-da Bakı şəhərində Azadlıq meydanında torpaqlarımızın işğaldan azad olunmasına həsr olunmuş tarixi Zəfər Paradı keçirildi. Bu zəfər paradında cənab Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qardaş Türkiyə dövlətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan, habelə Türkiyə Silahlı Qüvvələrinin böyük bir heyəti iştirak edirdi. Azərbaycanın tarixi qələbəsinə həsr olunmuş Zəfər Paradı bütün dünyada bir sıra çox vacib mesajları ilə yadda qaldı. Ən böyük mesajını cənab Prezident öz nitqində söylədi ki, "Bütün dünya görür ki, Türkiyə-Azərbaycan dostluğu və qardaşlığı sarsılmazdır, əbədidir". Çünki, müharibənin başladığı ilk anlardan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Türkiyə dövləti Azərbaycanın tək olmadığını, Türkiyənin onun yanında olduğunu göstərdi. Azərbaycanın tarixi qələbəsinin əldə edilməsi üçün böyük siyasi və mənəvi dəstək nümayiş etdirdi. Bu ən vacib mesaj idi". Bu sözləri SİA-ya açıqlamasında deputat Elman Nəsirov deyib.

Onun sözlərinə görə, bundan savayı ən mühüm mesaj o idi ki, Azərbaycan dövlətinin işi haqq işidir: "Azərbaycan dövləti məqsədyönlü şəkildə bu illər ərzində öz torpaqlarını işğaldan azad etmək üçün böyük bir hazırlıq prosesi keçdi. Həm ordu quruculuğu məsələləri ilə məşğul oldu, diplomatik cəbhədə, informasiya cəbhəsində mübarizə apardı, həm də bizim haqlı olduğumuzu təsdiqdən çox mühüm uyğun sənədlərin qəbul edilməsinə nail oldu".

Deputat sözlərinə belə davam edib: "BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi, eyni zamanda İslam Əməkdaşlıq Təşkilatının, Qoşulmama Hərəkatının, Avropa parlamentinin, AŞPA-nın və digər qurumların analoji sənədlər qəbul edilməsinə nail oldu ki, bu da Azərbaycanın bu mübarizədə hüquqlu mövqelərini gücləndirən sənədlər idi".

"Atılan bütün bu addımlar nəticəsində tarixi zəfərin əldə edilməsi üçün münbit şəraitin təmin etdiyi və ən başlıcası Azərbaycanın yenilməz ordusu formalaşdı, Azərbaycan xalqının Prezidentinin bu ordunun arxasında olması bizim tarixi qələbəmizi şərtləndirdi".

"Cənab Prezident söylədi ki, bizim növbəti vəzifəmiz işğaldan azad edilmiş torpaqlarımızın bərpası və yenidən qurulması ilə bağlı məsələlərdir. Bu istiqamətdə də çox ciddi planlarımız var və onlar uğurla həyata keçiriləcək. Beləliklə, cənab Prezidentin bu çıxışında da söylədiyi kimi biz müharibədə qalib gəldik, növbəti vəzifəmiz sülh prosesində qalib gəlməkdən ibarətdir".

Ayşən Vəli