SİA xəbər verir ki, bu barədə İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahianın “Kommersant” qəzetində dərc edilən məqaləsində deyilir.

Onun sözlərinə görə, İranın nüvə sazişi ətrafında mövcud vəziyyət Vaşinqtonun son dörd il ərzində etdiyi hərəkətlər səbəbindən yaranıb:

“İran bu razılaşmanı saxlamaq üçün əlindən gələni etdi. Onu da qeyd edim ki, hazırkı danışıqlar pəncərəsi həmişəlik açıq olmayacaq. ABŞ və üç Avropa dövləti bunu dərk etməlidir. İran İslam Respublikası qeyri-qanuni Amerika sanksiyalarının ləğvi üçün fəal diplomatik səyləri davam etdirmək niyyətindədir, lakin eyni zamanda onların təsirini neytrallaşdırmaq üçün Davamlı İqtisadi İnkişaf Proqramına malikdir”.

Nazir bildirib ki, razılaşma mümkündür və əldə edilə bilər: “Amma bunun üçün Vyana danışıqlarının bütün iştirakçıları həm də siyasi iradələrini əməldə nümayiş etdirməlidirlər. Qərbin verdiyi vədləri yerinə yetirmək öhdəliyinin olmamasına, Ağ Evin yanaşmasına və qeyri-konstruktiv siyasətinə inamsızlığına baxmayaraq, İran Vyana danışıqları zamanı sanksiyaların ləğvi ilə bağlı yaxşı, sabit və effektiv şəkildə yoxlanıla bilən razılaşma əldə etməyi hədəfləyir.