Fransada "omikron"a 25 yoluxma halı qeydə alınıb

7 Dekabr 2021 00:36 (UTC+04:00)

Fransada koronavirusun yeni "omikron" ştammına 25 yoluxma halı qeydə alınıb.

SİA xəbər verir ki, bunu Müdafiə Şurasının koronavirusun yayılması ilə bağlı vəziyyətə həsr olunmuş iclası zamanı ölkənin səhiyyə naziri Olivye Veran deyib.

Nazir bildirib: "Fransada "omikron" ştammına 25 yoluxma halı qeydə alınıb, onlardan 21-i xaricdən gələn şəxslərdə aşkarlanıb".

O.Veran əlavə edib ki, yoluxma hallarından 4-ü ölkə daxilində "omikron" ştammının yayılması ilə bağlıdır.

Qeyd edək ki, koronavirusun ilk dəfə Afrikanın cənubunda aşkarlanan B.1.1.529 ştammına "omikron" adı verilib. Bildirilib ki, sözügedən ştammda çox sayda mutasiyalar mövcuddur və digər ştammlardan daha yoluxucu olması ilə bağlı şübhələr var.

Ehtiyat tədbiri olaraq, bir sıra ölkələr Cənubi Afrika Respublikası və Afrikanın cənubundakı digər dövlətlər üçün sərhədlərini bağlayıblar.