Dohada Azərbaycan-Qətər dostluq abidəsinin açılışı oldu - Fotolar

6 Dekabr 2021 18:59 (UTC+04:00)

Dekabrın 5-də Qətərin paytaxtı Doha şəhərində Azərbaycan-Qətər dostluq əlaqələrini təcəssüm etdirən “Qardaşlıq” abidəsinin açılış mərasimi keçirilib. Bu barədə SİA-ya Mədəniyyət Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, Qətərin ən böyük və ən çoxölçülü mədəniyyət layihəsi hesab olunan “Katara” Mədəniyyət Şəhərciyinin çoxsaylı ziyarətçi qəbul edən guşəsində yerləşdirilmiş abidə Azərbaycanın Qətərdəki Səfirliyinin təşəbbüsü ilə azərbaycanlı heykəltəraş Novruz Musayev tərəfindən hazırlanıb.

Açılış mərasimində Qətərdə səfərdə olan Azərbaycanın mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev, “Katara” Mədəniyyət Şəhərciyi Fondunun baş direktoru Xalid Əl-Suleyti, Azərbaycanın Qətərdəki fövqəladə və səlahiyyətli səfiri Rəşad İsmayılov, həmçinin Qətərdə akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və təmsilçiləri, yerli ictimaiyyət nümayəndələri, Qətərdəki Azərbaycan icmasının üzvləri və media nümayəndələri qatılıblar.

Səfir Rəşad İsmayılov və nazirinin birinci müavini Elnur Əliyev tədbirdə çıxış ediblər və ardınca abidənin rəsmi açılışı baş tutub.

Bürüncdən hazırlanmış sənət əsəri bir tərəfində müasir Bakının göz oxşayan memarlıq incilərindən biri olan “Heydər Əliyev Mərkəzi”, digər tərəfində isə “Katara” Mədəniyyət Şəhərində yerləşən “Amfiteatr”ın işləndiyi ağac formasındadır. Sənət əsərinin gövdəsinə həkk olunmuş aypara ornamenti Azərbaycan və Qətərin eyni kökə - İslam mədəniyyətinə mənsub olduğuna işarə edir. Heykəlin üzərindəki sferik obyekt iki ölkənin əsas təbii ehtiyatları olan neft və qazı simvollaşdırır.

Açılış mərasimindən öncə Elnur Əliyev “Katara” Mədəniyyət Şəhərciyi Fondunun baş direktoru Xalid Əl-Suleyti ilə görüşüb. Görüşdə mədəniyyət sahəsində ikitərəfli münasibətlərin inkişaf istiqamətləri müzakirə olunub. Sonda Elnur Əliyev baş direktora "Leyli və Məcnun" portretini hədiyyə edib.

Qeyd edək ki, “Katara” Mədəniyyət Şəhərciyi Qətərin özündə teatr və konsert zalları, sərgi mərkəzləri, musiqi akademiyası, incəsənət mərkəzləri, ticarət və ictimai iaşə obyektləri, eləcə də istirahət yerlərini əhatə edən ən məşhur turizm məkanlarından biri hesab olunur.

Daha öncə Azərbaycanın Qətərdəki Səfirliyinin təşəbbüsü ilə, 2021-ci ilin sentyabr ayında mədəni irsin təşviqi, birgə elmi-mədəni tədqiqatların, sərgi-ekspozisiyaların, simpoziumların, təbliğat-təşviqat tədbirlərinin təşkili istiqamətində əməkdaşlığın həyata keçirilməsi və bununla da Azərbaycan Respublikası və Qətər Dövləti arasında mədəni əlaqələrin daha da inkişaf etdirilməsinə töhfə verilməsi məqsədi ilə “İçərişəhər” Dövlət Tarixi Memarlıq Qoruğu İdarəsi və “Katara” Mədəniyyət Şəhərciyi Fondu arasında anlaşma memorandumu imzalanıb.