Vladislav Kondratyev: Xəzəryanı ölkələrin enerji əməkdaşlığı yaxşı perspektivlər vəd edir - MÜSAHİBƏ

6 Dekabr 2021 16:36 (UTC+04:00)

Rusiyalı iqtisadi analitik, politoloq Vladislav Kondratyev “Caliber” analitik mərkəzinə müsahibəsində Xəzər dənizinin iqtisadi potensialı və perspektiv enerji layihələri haqda maraqlı fikirlər səsləndirib. Müsahibəni oxucularımızın diqqətinə çatdırırıq.

- Bu günlərdə baş nazirin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Tehranda ikitərəfli əməkdaşlığın, xüsusən də, neft-qaz sahəsində əməkdaşlığın gücləndirilməsinə yönəlmiş görüşlər keçirib. İran mətbuatının məlumatına görə, Şahin Mustafayevin İranın neft naziri Cavad Övci ilə görüşündən sonra “yaxın vaxtlarda neft-qaz sektorunda əməkdaşlığa dair yeni sənədlərin imzalanacağı” açıqlanıb. Nəticədə, noyabrın 28-də Aşqabadda İran, Azərbaycan və Türkmənistan arasında qaz tədarükünə dair üçtərəfli saziş imzalanıb. İmzalanma İran və Azərbaycan prezidentləri İbrahim Rəisi və İlham Əliyevin iştirakı ilə baş tutub. Xəzərin neft-qaz yataqlarının işlənilməsi Azərbaycan və İran üçün hansı perspektivlər vəd edir?

- Energetika sahəsində istənilən sazişlər qarşılıqlı faydalıdır və yaxşı perspektivlər vəd edir. Amma ümid edirəm ki, iqtisadi effektlə yanaşı, siyasi təsiri də var, çünki biz bilirik ki, əvvəllər Xəzər regionunda dənizə bitişik ərazilərdə yerləşən yataqlarda ciddi ziddiyyətlər yaranıb. Həm Azərbaycanla İran arasında, həm də Türkmənistanla Azərbaycan arasında. Neft yataqları ilə bağlı problemin dövlətlər arasında digər sahələrdə ikitərəfli münasibətlərə mənfi təsir göstərdiyinə dair çoxlu misallar var. Ona görə də sazişin siyasi effekti var, tərəflər münasibətlərində mənfi amilləri aradan qaldırır və bununla da iqtisadi, humanitar və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın əsasını qoyurlar.

Cavad Övcinin yeni sazişlərin bağlanması məsələsi ilə bağlı sözlərinə gəlincə, xatırladaq ki, 2018-ci ilin martında Ruhaninin Bakıya səfəri zamanı Xəzər dənizinin dibindəki yataqların birgə işlənməsi ilə bağlı memorandum sazişi imzalanıb. Bu müqavilə, sonradan deyildiyi kimi, “Alov” və “Şərq” yataqlarına aiddir. Onlar qovşaqda yerləşir və mübahisəlidir, iki ölkə arasında bu yataqların mülkiyyətçiliyinin müəyyən edilməsi ilə bağlı münasibətlərin uzunmüddətli tarixi var. Bu yataqların hazırda fəaliyyətsiz olduğunu nəzərə alsaq, təbii ki, hər hansı sazişlər yataqların birgə işlənməsindən tərəflərin müəyyən iqtisadi səmərə alması üçün əlverişlidir. Xəzərin şimalında, Rusiya ilə Qazaxıstan arasında belə əməkdaşlıq edilir.

- İran Xəzərdə unikal qaz yatağı kəşf etdiyini elan etdi və Avropanın qaz bazarının 20%-ə qədərini tutmağı qarşısına məqsəd qoydu. Çalus yatağında ilkin qiymətləndirmə işləri göstərdi ki, onun ehtiyatları təxminən 3,4 trilyon kubmetr təşkil edir. Bununla belə, inkişaf perspektivləri bir sıra ziddiyyətlər və intriqalarla doludur. Bu yataqdan qaz Avropa ölkələrinə gedəcəkmi? Bu layihənin reallaşma ehtimalı nə qədərdir?

- Ümumiyyətlə, ekspertlər belə bəyanatlara kifayət qədər şübhə ilə yanaşırlar, çünki İran ilk dəfə deyil ki, Xəzər dənizində bəzi yataqların kəşfi və işlənməsi barədə açıqlama verir. Burada mütəxəssislərin nəzərə aldığı bəzi çətinliklər var. Hər şeydən əvvəl dənizin dərinliyidir. Burada hər hansı sahənin inkişafı böyük maliyyə investisiyaları ilə bağlıdır. Amerikanın və ümumiyyətlə Qərbin İrana qarşı tətbiq etdiyi geniş sanksiyalar kontekstində bu cür yataqların işlənməsi çox problemlidir. İranın isə dərin sularda qazma işləri üçün müvafiq təcrübəyə malik bəzi Qərb şirkətlərini cəlb etmək imkanı yoxdur. Ona görə də onların Xəzərdə işləyən yeganə platforması “Əmir Kəbir”dir.

Baxmayaraq ki, bu, “yaşıl iqtisadiyyat”a qlobal analitik keçidi və Aİ-nin qaz nəqlinə yanaşmasının dəyişməsini nəzərə alsaq, uzaq gələcəyə aid məsələdir. Ona görə də artıq mövcud təchizatçılar elə vəziyyətdədirlər ki, gələcəkdə öz təbii qazının ixracının necə inkişaf edəcəyinə əmin deyillər. Bu baxımdan, tezliklə Avropaya qaz nəqlinə başlamaq üçün İrana güvənməyə dəyməz.

- Hələ oktyabr ayında Rusiyanın xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı ilə görüşündə İranın Xəzərin hüquqi statusu haqqında konvensiyanı tezliklə ratifikasiya edəcəyinə ümid etdiyini bildirmişdi. İran istisna olmaqla, bütün Xəzəryanı ölkələr ratifikasiya edib. İranı nə gözləyir? Tehran bu prosesi niyə ləngidir?

- Səbəbin konkret nə olduğunu söyləmək bir qədər çətindir. Əvvəla, İran tərəfi bu konvensiyanın ratifikasiyasından sonra İranın Xəzər regionunda mövqelərini itirəcəyindən narahatdır. Çünki o, İran tərəfinin uzun müddət etiraz etdiyi akvatoriyanın dibinin bölünməsi prinsiplərini nəzərdə tutur. Onlar kondominium, resursların birgə istifadəsini və dənizin hər biri 20%-lik bərabər sahələrə bölünməsini təklif etdilər.

O zaman müxalifət siyasətçiləri İranın regionda minilliklər boyu formalaşan mövqelərindən və indi yeni parlamentdə daha mühafizəkar mövqedən əl çəkəcəyindən ehtiyat edərək sazişə qarşı çıxdılar. Ruhaninin siyasətinə qarşı çıxanlar mövqelərini gücləndirdilər. Ona görə də bu gün onlar parlamentdə hakimiyyətdədirlər və çox güman ki, mövqelərini belə asanlıqla dəyişmək ehtimalı yoxdur. Bunun üçün ölkənin yeni rəhbərliyi onları konvensiyanın İran tərəfinin maraqlarına uyğun olduğuna inandırmalıdır.

- Xəzər dənizinin cənub hissəsində narkotik vasitələrin keçirilməsinə cəhdlər qeydə alınır. Azərbaycan sərhədçiləri İranla sərhəddə qaçaqmalçılığı dayandıra biliblər. Lakin İkinci Qarabağ müharibəsindən sonra belə hallar daha tez-tez baş aşkar olunmağa başladı. Bu problemdən çıxış yolunu necə görürsünüz?

- Xəzər regionunda, o cümlədən Azərbaycan sərhədində narkotik qaçaqmalçılığı problemi kifayət qədər kəskindir. Çox vaxt Azərbaycanın sərhədçiləri qaçaqmalçıların saxlanması barədə məlumat verirlər ki, İran narkotikləri daha çox güman ki, başqa ölkələrə tranzit üçün Azərbaycan ərazisinə çatdırmağa çalışır. Yaxşı, bu məsələ ilə artıq istintaq orqanları məşğul olacaq. Düşünürəm ki, Azərbaycan sərhəddəki ərazilərə nəzarəti bərpa etdiyi üçün belə hallar tez-tez baş verib, ona görə də qaçaqmalçıların saxlanması ilə bağlı xəbərlər daha çox yayılıb.

Xəzəryanı dövlətlər arasında hər hansı sazişə gəlincə, sonuncu- V Xəzər sammiti zamanı ölkə prezidentləri narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində Xəzəryanı dövlətlər arasında əməkdaşlığa dair protokolun hazırlanması ilə bağlı tapşırıqlar veriblər. Bu protokol 2010-cu ildə Bakıda imzalanmış əməkdaşlıq və təhlükəsizlik haqqında sazişə əlavə olaraq gəlir. Bu protokol çərçivəsində müəyyən mexanizmlər olmalıdır, Xəzəryanı dövlətlərin səlahiyyətli orqanları narkotik qaçaqmalçılığına qarşı birgə mübarizə aparacaqlar.

Hesab edirəm ki, Əfqanıstandakı vəziyyətin dəyişməsi kimi faktlara hələ də diqqət yetirməyə dəyər. Dünya mətbuatının yazdığına görə, son aylarda orada narkotiklərin becərilməsi ümumilikdə artıb, təbii ki, Əfqanıstan bazarında narkotiklərin tədarükü də yəqin ki, artır. İran tərəfi böyük İran-Əfqanıstan sərhədini nəzərə alaraq tez-tez külli miqdarda narkotik partiyasının ələ keçirildiyi barədə məlumat verir ki, narkotacirlər bu partiyaları Avropaya göndərmək üçün, o cümlədən Azərbaycandan keçirməyə çalışırlar. Təbii ki, sərhədlərin uzunluğuna görə hesab edirəm ki, İran sərhədçiləri bütün mövcud kanalları bağlaya bilməz. Ona görə də istənilən halda müəyyən həcm sərhəddən keçə və artıq Xəzər regionu ölkələrinin ərazisində görünə bilər. Ona görə də burada əməkdaşlıq təbii ki, zəruridir.

Tərcümə - Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” istiqaməti çərçivəsində hazırlanıb.